Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-02 16:38:00
Səhiyyə Nazirliyindən rezidentura “üsyan”ı ilə bağlı brifinq – Suallara nəhayət ki, aydınlıq gətirildi

“Tələbat daha çox  ilkin səhiyyədə çalışan, təcili və təxirəsalınmaz tibbi yardım həkimlərinədir. Hansı ki bu ixtisaslar üzrə mütəxəssislər rezidentura səviyyəsində deyil, baza ali tibb təhsili səviyyəsində hazırlanır”.

Bu sözləri Səhiyyə Nazirliyinin aparıcı məsləhətçisi Təranə Əhmədova AzEdu.az-a açıqlaması zamanı deyib. Onun sözlərinə görə, rezidenturaya qəbul planı qanunvericiliyə əsasən ölkədə hər ixtisas üzrə həkim mütəxəssislərə ehtiyac nəzərə alınmaqla müəyyən edilir:

“Plan yerləri Səhiyyə Nazirliyinin təklifi əsasında Nazirlər Kabineti tərəfindən müəyyən edilərək,  təsdiq olunur. Tələbat əsasən bölgələrdə ilkin səhiyyədə çalışan, təcili və təxirəsalınmaz tibbi yardım həkimlərinədir. Hansı ki, bu ixtisaslar üzrə mütəxəssislər rezidentura səviyyəsində deyil, baza ali tibb təhsili səviyyəsində hazırlanır. Baza ali tibb təhsili vasitəsilə həmin vəzifələrin tutulması mümkündür. Lakin bölgələrdə də rezidentura hazırlığı aparılan ixtisaslar üzrə həkim mütəxəssislərə ehtiyac var. Tələbat nəzərə alınaraq, qəbul planı formalaşdırılır. Tələbat artıqca plan yerləri də artır, tələbat azaldıqca isə azaldılır. Məhz bu məsələlər nəzərə alınmaqla 2018-2019-cu tədris ilində plan yerlərindən 49-na məqsədli qəbulun aparılması nəzərdə tutulub. Məqsədli qəbul üzrə plan yerləri həkim çatışmazlığı olan səhiyyə müəssisələrində tələbələri  işlə təmin etmək üçün nəzərdə tutulub”.

Təranə Əhmədovanın sözlərinə görə, qəbul planı “Rezidentura” jurnalının III  nömrəsində dərc olunub:

“Rezidenturaya qəbul olmaq istəyənləri məlumatlandırmaq  üçün səylərimizi daha da artıracayıq. Tələbələrlə görüşlər keçirməyi, hətta tələbəlik dövründə onlara informasiyalar verməyi hədəfləyirik. Bütün məlumatlar Səhiyyə Nazirliyinin rəsmi saytında olsa da, birbaşa görüşlərin daha effektiv olacağını düşünürük. Bundan əlavə, rezidenturaya qəbul imtahanının II mərhələsindən keçə bilməyən namizədlər Səhiyyə Nazirliyinin tabeliyində olan baza ali tibb təhsili müəssisələrində tutulmasına icazə verilən həkim vəzifələrinə müsabiqədənkənar (işə göndərişlə) qəbul olunub işlə təmin olunacaqlar. Bir sözlə, onlar işsiz qalmayacaqlar”.

Qeyd edək ki, bu il rezidentura mərhələsinə plan yerlərinin sayı 37% azaldılıb. Ötən il müalicə işi fakültəsi üçün 400-dən artıq plan yeri olduğu halda bu il cəmi 263 yer ayrılıb. Stomatologiya fakültəsi tələbələrinin dediyinə görə, keçən il plan yerlərinin sayını 21-dən 11-ə, bu il isə daha da azaldaraq 5-ə endiriblər. 9 milyon əhalisi olan ölkə üçün cəmi 5 stomatoloq yeri ayırılıb. Bu, universiteti həm bu, həm də əvvəlki illərdə bitirən məzunların böyük əksəriyyətinin kənarda qalmasına gətirib çıxarır. Üstəlik, rezidentura mərhələsinə plan yerlərinin imtahanlar keçirildikdən və tələbələr imtahan üçün ödəniş etdikdən sonra açıqlanması da birmənalı qarşılanmayıb.

Tibb Universitetinin təxminən 70 tələbəsi 29 iyun tarixində Səhiyyə Nazirliyinin binası qarşısında toplaşması olub. Onlar rezidenturaya plan yerlərinin qəfildən azalmasına etirazlarını bildirərək verilən qərarın yenidən gözdən keçirilərək ləğvini tələb ediblər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları