Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-24 16:42:00
Qidalanmada hansı yanlışlara yol veririk?

Gündəlik müxtəlif təzə qida məhsullarının istehlakı orqanizmi lazımi qədər zəruri qida maddələri ilə təmin edir. Bu, həm də insanların çəki alma (piylənmə) və qeyri-infeksion xəstəliklərə yoluxmasına gətirib çıxaran yüksək şəkər, yağ və duz ehtiva edən pəhriz məhsullarından çəkinmələrinə səbəb olur.


Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun  mütəxəssislərinin hazırladığı məqalədə bildirilib. Mütəxəssislərin sağlam, düzgün qidalanma ilə bağlı tövsiyələrini təqdim edirik:


İlk növbədə qidalanmanın ən optimal rejiminə əməl etmək lazımdır. Belə ki, gün ərzində 2-3 saatdan bir müəyyən miqdarda qida qəbul etmək məsləhətdir. Bu toxluğa səbəb olacaq və normadan artıq qida qəbulunun qarşısını alacaqdır.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanlara müxtəlif çeşidli qida məhsullarının istehlakını tövsiyə edir. Həm buğda, arpa, çovdar, qarğıdalı və düyü kimi dənli bitkilərə, həm  nişasta əsaslı kök yumrularına və ya kartofa, həm mərci və lobya kimi paxlalı bitkilərə, həm digər meyvə-tərəvəzlərə, həm də ət, balıq, yumurta və süd kimi heyvan mənşəli məhsullara gündəlik qida rasionunda üstünlük verilməlidir.


Qəlyanaltı olaraq, şəkər, duz və yağ ehtiva edən qida məhsulları deyil, çiy tərəvəzlər və təzə meyvələr məsləhət görülür. Meyvə və tərəvəzlərin bişirilməsi zamanı vacib vitaminlər məhv olduğundan onların çiy halda istehlakı məqsədəuyğundur. Konservləşdirilmiş və ya qurudulmuş meyvə-tərəvəzdən istifadə üçün duz və şəkər əlavə edilməmiş məhsullar seçilməlidir. Məlumdur ki, meyvə və tərəvəzlər vitamin, mineral, qida lifləri, zülal və antioksidantların əsas mənbəyidir. Qida rasionu meyvə və tərəvəzlərlə zəngin olan insanlarda piylənmə, ürək, insult, diabet və bəzi xərçəng xəstəlikləri riski əhəmiyyətli dərəcədə aşağı olur.


Mümkün qədər ağ ətə (məsələn, quş əti) və aşağı yağ tərkibli balıq ətinə üstünlük verilməlidir. Məhdud sayda emal prosesinə məruz qalmış ət məhsulları, həmçinin yağsızlaşdırılmış süd məhsulları istehlak edilməlidir. Sənaye üsulu ilə emala məruz qalmış, bişmiş və qızardılmış trans yağlar ehtiva edən qida məhsullarının istehlakından çəkinmək lazımdır. Yüksək miqdarda doymuş yağlardan ibarət və heyvan mənşəli qida məhsullarından (kərə yağı, əridilmiş yağ, kakos və palma yağlarından) deyil, doymamış yağların (zeytun, soya, günəbaxan, qarğıdalı və digərlərin) istifadəsi məqsədəuyğundur.


Yeməklərin hazırlanmasında zülal tərkibli qidalara, təzə tərəvəzlərə üstünlük verilməlidir. Belə ki, onlar orqanizm tərəfindən yaxşı mənimsənilir və hüceyrələrdə yığılmır. Həmçinin tərəvəzlər lif və sellüloza ilə zəngin olduğu üçün aclığı dəf edir. Tərkibində çoxlu miqdarda zülal olan qidaları seçərkən, yalnız bir növ zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Belə ki, əgər balıq və ya digər dəniz məhsullarına üstünlük verilirsə, bu qidanı ətlə qarışdırmaq tövsiyə olunmur. İstehlak olunan qidanın miqdarı da son dərəcə vacib amildir. Mütəxəssislər bir yemək saatında 3-dən artıq çeşiddə yeməyin istehlakını məsləhət görmürlər.


Zəif həzm olunan karbohidratlarla zəngin qida maddələrini isə (kartof və lobya əlavə edilmiş yeməklər, çörək, xəmir məhsulları və s.) ayrıca istehlak etmək lazımdır. Bayram günlərində qızardılmış məhsullara yox, sobada bişirilmiş balıq və digər ət növlərinə üstünlük verilməlidir. Qeyd edək ki, düzgün seçilmiş emal üsulu yaxşı dad əldə etməyə, eləcə də ət məhsullarında olan qiymətli qidalı maddələrin saxlanmasına imkan verir. Yaxşı olar ki, balıq yeməkləri hazırlandıqdan sonra tez bir zamanda istehlak edilsin.

 

Milli.az