https://www.zirve.edu.az/
23.01.2021 17:08
STEAM əhatə dairəsini genişləndirir

İqrar Nəzərov: “Növbəti tədris ilindən layihənin 50-100 min şagirdi əhatə etməsi hədəfimizdir”

 

 

Son illər Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizin təhsil sistemində həyata keçirilən layihələrdən biri dünyanın bir sıra ölkələrində geniş yayılan STEAM dərsləridir. Müşahidə etdiyimiz yenilik odur ki, elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənətin inteqrasiyasını ehtiva edən STEAM pandemiya dövründə xüsusən aktuallıq qazanmaqdadır. Bu və digər suallara cavab almaq üçün STEAM-Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərovla söhbət maraqlı alındı.

 

- Pandemiyanın təhsil sistemlərinə təsiri göz önündədir. Hazırda azərbaycanlı STEAM iştirakçıları, müəllimlər üçün bu proses necə keçir?

- Bildiyiniz kimi, 2019-2020-ci tədris ilindən Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM layihəsinin məqsədi şagirdlərimizdə XXI əsr bacarıqlarının - yaradıcı və bədii düşüncə, əməkdaşlıqetmə, həmçinin ünsiyyətin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dilləri tətbiq olunmaqla innovativ texnologiyalardan istifadə edəbilmə qabiliyyətinin yüksəldilməsi, istehsal, habelə sahibkarlıq təfəkkürünün təşviq edilməsidir. Hazırda STEAM layihəsi ölkə üzrə mərkəzlə yanaşı, Bakı və Sumqayıt şəhərləri də daxil olmaqla 45 regionda 147 ümumtəhsil məktəbindən 25000-dən çox şagird və 800 müəllimi əhatə edir. STEAM dərsləri layihə tətbiq olunan məktəblərimizin VI və VII siniflərini əhətə edir və illik STEAM dərs yükü 34 həftə olmaqla 68 saat müəyyən edilib. Lakin COVID-19 pandemiyası ilə əlaqədar olaraq layihənin əyani formada həyata keçirilməsində bəzi çətinliklər yaranıb. Bu dövr ərzində STEAM məşğələlərimizdə  uyğunlaşdırılmış tədris planlarına istinad olunmaqla tədris ilinin əvvəlində epidemioloji vəziyyətin qənaətbəxş olduğu rayonlarımızda əyani-məsafədən, digər bölgələrimizdə isə əsasən distant formada tədris həyata keçirilib. Belə ki, mövcud vəziyyətlə əlaqədar olaraq tədris prosesinin məsafədən formada aparılması layihəyə (layihə əsaslı öyrənmə metodu nəzərdə tutulur) əsaslanan STEAM dərslərində əyaniliyin tam yerinə yetirilməməsini, istər şagirdlərin, istərsə də müəllimlərin yaxından əməkdaşlıq edərək hər hansı bir problemin/layihənin həlli istiqamətində qura biləcəkləri fəaliyyətdə yaranan çətinlik kimi qeyd edə bilərik. Problemlərin aradan qaldırılması və distant formalı tədris prosesində yüksək şagird nailiyyətlərinin əldə olunması məqsədilə STEAM məzmunlu teledərslər və videoçarxlar hazırlanaraq layihənin müxtəlif sosial şəbəkə səhifələri vasitəsilə izləyicilərə təqdim edilib. Özünütəcrid dövründə təhsilalanlarda elmə marağın artırılması və sosial aktivliyin yüksəldilməsi məqsədilə layihə əməkdaşları tərəfindən sosial şəbəkələr - Facebook, İnstagram üzərindən müxtəlif aksiyalar - #EVDƏQAL, #DƏRSDƏNQALMA, #BİRGƏYARADAQ və s. yarışlar və müsabiqələr keçirilib, canlı yayımlar təşkil olunub. Pandemiyanın davam etməsinə baxmayaraq layihənin fəaliyyət planı uğurla həyata keçirilir. Bu dövr ərzində 700-dən çox müəllim distant təlimlərə cəlb olunub. Qeyd etmək lazımdır ki, təlim prosesinin distant keçirilməsinə baxmayaraq, əyaniliyin təmin edilməsi məqsədilə iştirakçılara bəzi avadanlıqlar çatdırılıb. Bu dövr ərzində STEAM tədris prosesinin növbəti siniflər üzrə uğurla davam etdirilməsi məqsədilə layihə mütəxəssisləri tərəfindən Azərbaycan və rus dillərində VII siniflər üçün STEAM məzmunu hazırlanaraq müəllimlərin və şagirdlərimizin istifadəsinə verilib. Keçən tədris ili üçün VI siniflər hazırlanmış məzmun daha da təkmilləşdirilərək milli kurikuluma daha sıx inteqrasiya olunub. Belə ki, əgər VI siniflər üzrə məzmununda keçən tədris ilindən “STEAM ilə tanışlıq”, rəqəmsal incəsənət “Tinkerkad və 3D çap”, müxtəlif mühəndislik modulları (Mexanika, Ekologiya, Elektrik mühəndisliyi), birplatalı mini kömpüterlərdə (Micro:bit) kodlaşdırma kimi modullar daxil idisə, bu ildən həmin məzmuna 3D-qələmlə işləmə bacarıqları və müxtəlif layihələrin yerinə yetirilməsi kimi yeni məzmun əlavə edilib. Eyni zamanda, yeni hazırlanmış VII siniflər üçün nəzərdə tutulan məzmuna, daha da təkmilləşdirilmiş “3D modelləşdirmə və 3D çap”, “Birplatalı mini kompüterlərdə proqramlaşdırma” kimi modullarla, “Aerokosmik mühəndislik - Pilotsuz uçan aparatlar (PUA)”, “CNC lazer kəsiciləri”, “Biotexnolgiya”, “Nanotexnologiya” kimi yeni innovativ məzmun işlənib hazırlanıb. Butün yuxarıda sadalanan təlim modulları STEAM-ın əsas fəlsəfəsini təşkil edən aşağıdakı metodoloji konsepsiyalar və pedaqoji yanaşmalar tətbiq olunmaqla yaradılıb. Layihəyə əsaslanan öyrənmə [PBL], Araşdırmaya əsaslanan öyrənmə [IBL], Mühəndisliyin Dizayn Prosesi [EDP], Oyunlar vasitəsilə öyrənmə / Kvest texnologiyalar,Toxunub xüsusiyyətləri anlayaraq öyrənmə (Tinkering), Qarşılıqlı öyrənmə, Mobil öyrənmə, Analogiyalar ilə öyrənmə və s. Bu innovativ metodologiyaların əsasını da fənlərarası öyrənmə və fənlərarası inteqrasiya təşkil edir. Onu da qeyd edim ki, bu dövr ərzində şagird fəaliyyətinin qiymətləndirilməsi məqsədilə müəllimlər üçün tövsiyə xarakterli “STEAM-Qiymətləndirmə” vəsaiti hazırlanıb.

 

- Hər bir proses özündə müəyyən imkanlar yaradır. Sizə elə gəlmir ki, pandemiya STEAM-ın əhəmiyyətli rolunu bir qədər də gücləndirdi?

- Qeyd etdiyim kimi, STEAM təhsil metodunun əsasında duran metodoloji konsepsiyalardan biri və mən deyərdim ki, ən başlıcası Layihə əsaslı öyrənmə (PBL) metodur ki, burada onun əsas iki elementini diqqətə çatdırmaq istərdim: 1.Tədqiqat sualı və ya problemin qoyuluşu, onun müəyyənlədirilməsi - məqsəd; 2.Alətlər - məqsədə çatmaq vasitələri. Eyni zamanda, hər hansı bir layihənin icrası zamanı istifadə olunan digər bir yanaşma - Mühəndislik dizayn prosesinin mərhələlərini də qeyd etmək istərdim. Sual və ya İdeya, Müzakirə və ya Beyin həmləsi, Dizayn, Prototipin yaradılması, Prototipin Test olunması, Təkmilləşdirmə. Sadaladığım bu mərhələlər tsiklik xarakterlidir. “Təkmilləşdirmə” - “Test” mərhələsi iterativ prosesdir, dəfələrlə təkrarlana bilər və son məhsulun inkişafına yönəlib. Bu baxımdan Mühəndislik dizayn prosesində şagirdə aşılanan əsas keyfiyyətlərdən bir odur ki, hər hansı bir nəticənin qeyri-qənaətbəxş olması uğursuzluq kimi deyil, yeni imkanlar kimi dəyərləndirilməlidir. Bu baxımdan 2020-ci ilin mart ayında ölkə ərazisində COVİD-19 virusunun yayılması ilə əlaqədər təhsil müəssisələrinin fəaliyyəti müvəqqəti olaraq dayandırıldıqdan sonra layihə heyəti mövcud tibbi ehtiyacların qarşılanması məqsədilə bir sıra təşəbbüslərin icrasına başladı. Məqsədimiz həm qarşıya çıxmış problemin həllinə yönəlik fəaliyyət qurmaq, pandemiya ilə mübarizəyə töhfələrimizi vermək, eyni zamanda öz fəaliyyətimizlə layihə iştirakçıları üçün nümunə yaratmaq idi. Tibbi ləvazimatların, ayrı-ayrı cihaz və avadanlıqların müxtəlif detallarının 3D printerlər vasitəsilə sınaq istehsalına start verilmişdi. Sınaq mərhələdə tibbi personal üçün üz qoruyucularının istehsalı uğurla tamamlanmış, gündəlik istehsal sürətini 150 vahidə qədər və sonradan istehsal sürətini gündəlik 450-600 vahidə çatdırdıq. 5000-dən çox üz sipəri istehsal edərək məktəblərdə çalışan müəllimlərimizə və xəstəxanalarda çalışan tibb personalına çatdırdıq. Beləliklə, yaranmış şaraitdə qurduğumuz fəaliyyətlə eyni zamanda STEAM fəlsəfəsinin, onun mahiyyətinin şagirdlərimizə çatdırılmasına çalışdıq və düşünürəm ki, buna nail olduq.

 

- STEAM-ın gələcəyi barədə. Necə bilirsiniz, bu yanaşma iqtisadiyyatın paradiqmasını necə dəyişdirəcək, ölkəmizin inkişafına necə təsir edəcək?

- Görkəmli iqtisadçı alim, iş dünyasının bestselleri Tomas Stüartın sözlərini xatırlatmaq istərdim: “Nə təbii resurslar, nə istehsal edilən məhsulun sonsuz ehtiyatları, nə də ki, bank hesablari - bunlar şirkətin sərvətləri sayıla bilməz. Daim artmaqda olan informasiyalar əsrində hər hansı bir şirkətin sərvəti onun əldə etdiyi biliklər toplusu, bir sözlə - intellektual kapitalıdır”. STEAM son illərdə ölkəmizdə populyarlıq qazanmağa başlayıb. STEAM-ın populyarlaşması ilə təhsil ictimaiyyəti əvvəldən cavab verməyə hazır olmadığı sualları ilə gündəmə gəldi: STEAM-ın konseptual çərçivəsi nədir? STEAM ilə hansı təlim nəticələri hədəflənir? Bu hədəf tədris nəticələrini öyrətmək üçün hansı kurikulum islahatına ehtiyac var? Qabaqcıl ölkələr bu istiqamətdəki kadr (müəllim) hazırlığı və vahid STEAM tədrisi üçün müəllimlərin peşəkar inkişafına necə yanaşır? STEAM təhsilində təlim nəticələrinin ölçülməsində hansı çətinliklərlə rastlaşmaq olar? Bu çətinliklər necə aradan qaldırılır? Fəaliyyətimizi bu suallar çərçivəsində qurduq. İstər beynəlxalq əməkdaşlığımız çərçivəsində, istərsə də hazırladığımız STEAM məzmunlarının milli təhsil konsepsiyasına uyğunluğu və gələcəkdə onun tərkib hissəsinə çevrilərək təhsilalanların sonrakı peşəkar inkişafında bu gün qazandıqları bilik və bacarıqların onların həyat trayektoriyasının müəyyənləşdirməsində təsirinə belə həssaslıqla yanaşırıq. STEAM metodunun sürətli yayılması və inkişafı ixtisaslaşmış kadrlar tələb edir. Bu baxımdan, şagirdlər gələcəyi planlamalı və yaşadıqları dövrə uyğun ixtiralar etmək üçün hazır olmalıdırlar. İstər orta, istərsə də ali təhsil pilləsində tələbələrin kurikulum vasitəsi ilə STEAM mövzularına yaxşı yiyələnməlidirlər. Məlumdur ki, bəşəriyyətin intellektual elitasını parlaq təfəkkürə malik, istənilən anda və şəraitdə verilmiş alqoritmdən kənara çıxmağı və qeyri-standart düşünməyi bacaran insanlar təşkil edir. Malik olduqları qabiliyyətlərinə adekvat olaraq, təhsil aldıqdan sonra məhz onlar inkişafın və tərəqqinin istiqamətini, təkamül prinsiplərini və onun tempini müəyyənləşdirirlər. Bu baxımdan xüsusi qabiliyyət və istedada malik övladlarımız milli intellektual elitanın daşıyıcıları və tükənməz resursu olmaqla bərabər, həmçinin  milli sərvətimiz və gələcəyimizin təminatçılarıdır. Bz inanırıq ki, bugünkü STEAM bilikli şagirdlərimiz gələcəkdə Azərbaycanın neftdən asılı olmayan iqtisadiyyatını şaxələndirmək və ölkəmizi texnologiya istehlakçısından texnologiya istehsalçısına çevirməyə qadirdirlər.

 

- STEAM-ın əhatə dairəsinin genişləndirilməsi, xüsusən də regionları da əhatə etməsi ilə bağlı perspektiv planlar varmı?

- Fəaliyyət planına uyğun olaraq 2021-2022-ci tədris ilindən layihənin əhatə dairəsinin genişləndirilərək ölkə üzrə 50 - 100 min şagirdi əhatə etməsi hədəfimizdir. VIII siniflər üçün yeni STEAM məzmunun hazırlanması da layihənin prioritet istiqamətlərindəndir. STEAM-a artan marağı nəzərə alaraq layihənin bundan sonra da sürətlə inkişaf edərək əhatə dairəsini genişləndirəcəyini, nəticədə cəmiyyətin çağırışlarına və tələblərinə uyğun, yaradıcı yeni nəslin formalaşmasına öz töhfəsini verəcəyini əminliklə deyə bilərəm. Növbəti tədris ilinin hədəflərindən biri də layihəyə qoşulmuş məktəb və şagirdlərimiz üçün Vahid Elektron Platformanın yaradılmasıdır. Onun şagird və müəllimlər arasında əməkdaşlığa və ümumiyyətlə, STEAM-ın ölkəmizdə inkişafına böyük töhfə verəcəyi şübhəsizdir. Eyni zamanda, həm layihə olaraq, həm də ayrı-ayrı məktəblərimizi də beynəlxalq STEAM şəbəkələrinə qoşmağı planlaşdırırıq. Bütün yaş qruplarının (STEAM Kids, Junior, Senior) istifadəsi üçün nəzərdə tutulan bir neçə STEAM mərkəzləri yaradılıb və layihələndirilib. Bu müddət ərzində Şirvan Şəhər Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin, Bakı şəhəri Avropa Liseyinin və Xırdalan şəhər 3 nömrəli ümumtəhsil məktəbinin nəzdində hər birinin sahəsi 600-800 kvadratmetr olan STEAM mərkəzləri yaradılıb, Gəncə və Quba şəhərlərində isə STEAM mərkəzlərinin layihələndirilməsinə başlanılıb. Ölkədəki epidemioloji vəziyyətin stabilləşməsindən sonra həmin Mərkəzlər şagirdlərimizin ixtiyarında olacaq. Mərkəzlər STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub. STEAM mərkəzlərinin fəaliyyətinə və bütün yaş qruplarına uyğun (6-16 yaş) məzmun hazırlanıb. STEAM mərkəzlərinin sayının 10-a çatdırılması nəzərdə tutulur. Mərkəzlərdə həmin məktəblərin şagirdləri ilə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri, STEAM Kids bölməsindən isə ibtidai sinif şagirdləri də bəhrələnəcəklər.

 

Oruc MUSTAFAYEV

Azərbaycan müəllimi