https://www.zirve.edu.az/
02.03.2018 11:26
Azərbaycan Texniki Universitetinin alimlərindən yeni ixtira

25 faizədək enerjiyə qənaət olunacaq, faydalı iş əmsalı 6 faizədək artacaq.

AzEDU muallim.edu.az-a istinadən xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) alimləri - elmi-tədqiqat işlərinin planlaşdırılması və ETİ şöbəsinin müdiri İslam İslamov, AzTU-nun nəzdində fəaliyyət göstərən “Maşınşünaslıq” Elmi-Tədqiqat İnstitutunun direktoru Ayaz Abdullayev, Maşınların konstruksiya edilməsi kafedrasının müdiri Əli Nəcəfov bütün sənaye sahələrinin maşın aqreqatlarında istifadə olunacaq yeniliyə imza atıblar.

Onlar ixtira etdikləri yeni reduktorla faydalı iş əmsalının 6 faiz artırılmasına, elektrik mühərrikinin gücünün 25 faiz qənaətinə nail olublar. Yeni ixtira bu həftə Azərbaycan ictimaiyyətinə də təqdim olunub. Alimlər reduktorun sənayenin ayrı-ayrı sahələrində tətbiqindən danışıblar.

Uğurlu sınaq və müsbət nəticə

AzTU-nun Maşınların konstruksiya edilməsi kafedrasında müxtəlif istiqamətdə elmi-tədqiqat işləri aparılır. Son zamanlar isə iki önəmli ixtira üzərində çalışıblar. Aparılan elmi-tədqiqat işləri nəticəsində mancanaq dəzgahları, mancanaq dəzgahlarında və digər sahələrdə istifadə oluna biləcək reduktorlar hazırlayıblar. Reduktor və mancanaq dəzgahının müxtəlif variantda laborator nümunələrini yaradıb su quyusunda sınaqdan keçiriblər. Əldə olunan nəticə bu ixtiranın neftçıxarmada da uğur qazanacağına ümid verib. Odur ki, bu yeniliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Pirallahı qəsəbəsində “Abşeronneft” neft və qazçıxarma idarəsində fəaliyyətini dayandırmış bir neft quyusunda sınaqdan çıxarıblar. Reduktor altı ay müddətində uğurla sınaqdan keçib və müsbət nəticələr verib.

 

Bəs, onlar mövcud mexanizmlərə nəyi əlavə edib?

Azərbaycanlı alimlər 5 pilləli və 6 valdan ibarət klassik ötürücü mexanizmlər-reduktorlarda valların sayını azaldaraq 2-yə endirməyə nail olublar.

Ancaq bununla reduktorun ötürücülük qabiliyyəti nəinki aşağı düşüb, əksinə, daha da böyüyüb. AzTU-nun nəzdində fəaliyyət göstərən “Maşınşünaslıq” Elmi-Tədqiqat İnstitutunun direktoru Ayaz Abdullayev qeyd edib ki, onların ötürmə gücünü mövcud ölçü içərisində istənilən qədər artırmaq mümkün olur: “Müqayisə üçün deyim ki, mövcud reduktorların ötürmə gücü 40, yeni reduktorun isə 64-dür. Ruslar o vaxt ötürmənin faizini artırmaq üçün bir neçə yola əl atsa da, uğurlu ola bilməmişdi. Bizim təklif etdiyimiz qurğu vasitəsilə istənilən ötürmə nisbətini almaq mümkündür”.

AzTU-nun Maşınların konstruksiya edilməsi kafedrasının müdiri Əli Nəcəfov dəzgahın istifadəsi zamanı əldə edilən qənaətə diqqət çəkib: “25 faizədək enerjiyə qənaət olunacaq, ştanqların effektivliyi azalacaq, faydalı iş əmsalı 6 faizədək artacaq. Yaradılmış mancanaq dəzgahı daha yaxşı dinamiki xassələrə malikdir, çünki dirsək müntəzəm fırlanır, balansirli mancanaq dəzgahlarından fərqli olaraq tarazlaşmamış kütlələr və dayağa üfüqi istiqamətdə təsir edən və işarəsini dəyişən qüvvələr yoxdur. Eyni zamanda quyunun vadisi ilə daha yaxşı mərkəzlənmə təmin edilir, titrəmələr və dinamiki yüklər xeyli azalır”.

Onun sözlərinə görə, neftçıxarma sənayesində istifadə olunan mexaniki intiqalı kimi müxtəlif ölçülü mancanaq dəzgahları indiyədək heç dəyişməyib və ştanqlı nasosların keyfiyyətli işləməsini tam təmin etmir: “Balansirli mövcud mancanaq dəzgahlarının bir çox çatışmazlığı var. Məsələn, quraşdırma və quyunun təmiri zamanı böyük çətinliklər yaradır, kiçik faydalı iş əmsalına malikdir, istifadəsi böyük enerji hesabına baş verir. Yeni mancanaq dəzgahının yeni kiçik metal tutumlu qabarit ölçüləri, yüksək faydalı iş əmsalı, yüksək etibarlılığı və maya dəyərinin aşağı olması əsas üstünlüyüdür”.

Alimlər deyir ki, bərabər şərtlər saxlanılmaqla neft quyularının istismarında istifadə olunan mancanaq dəzgahları ilə müqayisədə təklif edilən konstruksiyanın metal tutumu 20-30 faiz azalır və istismar göstəriciləri xeyli yaxşılaşır.

Harda tətbiq ediləcək?

Ə.Nəcəfov bildirib ki, qurğu neft sənayesində sınaqdan çıxarılsa da, onun müdafiə sənayesində, hətta ayrı-ayrı sənaye sahələrində istifadəsi mümkündür. İxtira olunan reduktorlar mancanaq dəzgahlarında, tanklarda, liftlərin qapı intiqalında, helikopterlərin baş reduktorlarında tətbiq edilə bilər.

Professor bu üstünlükləri ilə ixtiranın ölkə iqtisadiyyatı üçün böyük töhfə verə biləcəyini deyir: “Ötən əsrin əvvəllərində istismara verilmiş mancanaq dəzgahları hələ də dəyişdirilməyib. Odur ki, onların yeni konstruksiyasını təklif edirik. Bu dəyişiklik bir çox üstünlük verir. Məsələn, bu qurğu imkan verir ki, hər quyu üçün 20-30 faiz enerji və metala qənaət olunsun. Nəzərə alsaq ki, Bakı ətrafında hazırda çalışan 10 minlərlə dəzgah var, bu da ölkə üçün böyük iqtisadi səmərədir. Yaxud elektrik mühərrikinin tələb olunan gücünü 25 faizədək azaldır. Bu faiz göstəricisinin nə qədər böyük rəqəm olduğunu təsəvvür etməyiniz üçün deyim ki, dünyada mancanaq dəzgahlarının istifadəsi üçün elektrik enerjisinə sərf olunan vəsait 450 milyard dollara yaxınlaşır. Mövcud dəzgahlar 24 saat çalışır və dayanması iqtisadi itkilərə səbəb olur. Pirallahıda qurğumuz 6 ay müddətində dayanmadan işlədi. Üstəlik, bir məsələ də var ki, yeni dəzgah dayansa da, yenidən işləməsi üçün mövcud dəzgahlarda tələb olunan enerji itkisi baş verməyəcək”.

Mancanaq dəzgahlarının yeni forması 23 ixtiradan biridir

Bu ixtiranın nə ilk, nə də son olmadığını vurğulayan AzTU-nun elmi-tədqiqat işlərinin planlaşdırılması və elmi-texniki informasiya şöbəsinin müdiri, dosent İslam İslamov bildirib ki, AzTU-nun “Maşınların konstruksiya edilməsi” kafedrasının alimləri son illərdə 23-dən çox müxtəlif ixtira reallaşdırıblar. Hazırda universitetdə elmi fəaliyyət 35 kafedrada, 1 elmi mərkəzdə və 9 elmi-tədqiqat laboratoriyasında 11 istiqamət üzrə yerinə yetirilir. 2017-ci ildə AzTU-da aparılan elmi-tədqiqatlar nəticəsində sənaye, istehsalat üçün vacib olan 38 elmi nəticə əldə edilib.

8-35_1519994728.jpg

Həmin nəticələrdə tələbələrinin də əməyinin olduğunu deyən dosentin sözlərinə görə, mancanaq dəzgahı üzərində işdə 3 magistr və 1 bakalavr iştirak edib.

Ümumiyyətlə, universitetin elmi fəaliyyətinin geniş spektri əhatə etdiyini deyən İ.İslamov bu istiqamətlərdən ən əsasının patent-lisenziya fəaliyyəti olduğunu söyləyib. Hətta patent-lisenziya fəaliyyəti üçün AzTU-da xüsusi şöbə də yaradılıb.

Mancanaq dəzgahı dünyaya səs salıb...

Beləliklə, “Maşınların konstruksiya edilməsi” kafedrası və “Maşınşünaslıq” Elmi-Tədqiqat Mərkəzinin əməkdaşları son dövrlər etdikləri ixtiraların siyahısına birini də daxil ediblər. Elə bir ixtira ki, artıq dünyada “ən yaxşı ixtira” olaraq əks-səda doğurub. Professor A.Abdullayev bu barədə danışarkən deyib: “Əvvəlcə heç özümüz də inanmırdıq ki, bunu biz işlək formaya sala bilərik. Şübhəylə yanaşdığımız üçün ilk növbədə qurğunu laborator şəraitdə yaratdıq və müşahidədən keçirdik. Gördük ki, tam işləyir. Bu reduktorların mexanizmi imkan verir ki, qurğunun faydalı iş əmsalı 6 faizə kimi artsın”.

Amma artıq ixtiralarına nəinki özləri, dünyada da inanırlar: “Almaniyada yeni ixtiramızın təqdimatını edəndə, bunu əvvəlcə cəfəngiyat hesab elədilər. Daha sonra qurğu təqdim olundu və tədbirin sonunda bir çox şirkətin əməkdaşları yaxınlaşaraq bizimlə işləmək istədiklərini bildirdilər”.

Professor Ə.Nəcəfov bu yaxınlarda ixtiranı Küveytdə də təqdim edib. Onun sözlərinə görə, yeni qurğu neft ölkələrinin böyük marağına səbəb olub: “Bu yaxınlarda Küveytdə keçirilən 10-cu beynəlxalq sərgidə qurğunun təqdimatını etdim. Çox böyük maraq doğurdu. Xarici alimlər, ərəb iş adamları bizim stendə yaxınlaşaraq bildirdilər ki, sərgidə gördükləri ən böyük ixtira bizimkidir. Təqdimatdan sonra Oman Əmirliyindən təklif gəldi, daha sonra Ukraynanın helikopter istehsal edən şirkəti bizimlə maraqlanıb və helikopterin baş reduktorunun düzəldilməsini sifariş etdi. Hazırda onun üzərində işləyirik”.

...ancaq Azərbaycan bazarına çıxa bilmir

Öz ixtirasıyla yerli bazara daha çox xeyir vermək istəsə də, azərbaycanlı alimlərin bu istəyi hələlik baş tutmur: “Bəzi qurumlar məlumatlandırılıb, bəzilərini də məlumatlandırmağa çalışırıq. İmkanımız var ki, ölkə iqtisadiyyatı üçün müxtəlif sahələrdə kömək edək. Ancaq xaricdən təkliflər artır və artıq biz onlara yox deyə bilmirik”.

Azərbaycandan gələn yeganə təklifin isə ömrü uzun olmayıb. Professor Pirallahıda həyata keçirilən 6 aylıq layihəni nəzərdə tutaraq deyib: “Quyu işlək deyildi, ancaq biz onu yenidən bərpa etdik. Təəssüflər olsun ki, orada biganəliklə qarşılaşdıq. Buna baxmayaraq, işimizin öhdəsindən uğurla gələ bildik. Qurğumuz bu sınaqdan uğurla çıxdı. Ancaq layihə dayanmalı oldu. Neftin qiyməti son zamanlar aşağı düşdüyü üçün neft şirkəti bu sahədə aktivlik göstərə bilmir”.

Alimlərin ən böyük problem

Azərbaycan şirkətlərində müşahidə olunan qeyri-fəallıq alimlərin işinə təsirsiz ötüşmür. Bu barədə AzTU alimləri ən böyük problemlərindən danışarkən qeyd ediblər. Onların sözlərinə görə, elmi fəaliyyətlərini dövlət büdcəsi, təsərrüfat və qrant hesabına həyata keçirsələr də, alına bilən nəticələrin kommersiyalaşdırılması mövcud böyük problemlərindən biridir. AzTU əməkdaşları ixtira etdikləri məhsulu bazara çıxarmaq üçün mətbuatın və ictimaiyyətin dəstəyinə ehtiyac duyduqlarını da vurğulayıblar. Onların fikrincə, dünyada ilk mancanaq qurğusu Azərbaycanda yaradılıb. İndi universitetin alimləri yeni reduktor və icralı balansirsiz mancanaq dəzgahlarının bir neçə yeni orijinal konstruktiv həllini yaradıb. İxtiralar hazırlanıb və sınaqdan keçirilib. Üstəlik, dünyada da böyük uğur qazanıb. Bircə qalıb bu yenilikdən bəhrələnmək. Azərbaycanlı alimlər Küveytin neft oliqarxlarının sifarişi ilə mancanaq dəzgahı, Ukrayna şirkətinə helikopter üçün baş reduktor hazırlamaqdan öncə, Azərbaycan sənayesinin inkişafında iştirak edib, ölkə iqtisadiyyatına töhfə vermək istəyir.

Ümid edirik, bu gözləntiləri tezliklə nəticə verər.