Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-26 15:24:13
Cümhuriyyət generallarının hərbçi kadrlar üçün açdığı məktəblər – Xalq və hökumətə müraciətlər  

 

Bu gün Azərbaycan Milli Ordusunun yaranmasının 100-cü ildönümü tamam olur. 1918-ci ilin bugünündə min bir çətinlik hesabına Cümhuriyyət hökuməti ordunu formalaşdırmağı bacarır.

 ADR qurulan zaman ən vacib sahə də, həmçinin, ən çox boşluqların olduğu sahə də elə hərbi sahə idi. Bütün Çar Rusiyasının, Yaponiyanın ayaq üstə alqışladığı generallar Əliağa Şıxlinski və Mehmandarov Azərbaycan Cümhuriyyətinə yardım etmək üçün vətənə qayıdanda mülki bir şəxsin nazir olduğunu görürlər. Sonradan növbəti hökumət kabinetləri formalaşır və bu iki şəxs hərbi sahənin əsas simasına çevrilir. Hər şey də onların çiyinlərində idi.

 Onların iştirakı və tövsiyyəsi ilə Cümhuriyyət hökuməti gəncləri orduya cəlb etmək üçün 1919-cu ilin sonunda “praporşik”lər məktəbinin əsasında Hərbiyyə məktəbi, Azərbaycan ordusu üçün milli hərbi kadrlar hazırlayan İstehkamçılar məktəbi, Hərbi dəmiryolçular məktəbi və Hərbi feldşer məktəbi də açdı.

 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının birinci cildində oxuyuruq: “Hərbi Nazirliyin fəaliyyəti sayəsində, çətinliklər olsa da, orduya çağırış işi yeni sistem əsasında quruldu. Nəticədə, əhali orduda xidmətə müsbət münasibət bəsləməyə başladı. Bir sıra məmurların qanunsuz hərəkətlərinə, varlıların rüşvət verərək, övladlarını hərbi xidmətdən azad etməsinə, fərarilik, zabitlər arasında intizamsızlıq hallarına baxmayaraq, ordu quruculuğunda müsbət dəyişikliklər üstünlük təşkil edirdi”.

 

Hərbi nazir Səməd bəy Mehmandarov ordu quruculuğundakı çətinliklərdən bəhs edərkən hələ 1918-ci ilin dekabrında göstərirdi ki, fərariliyin əsas səbəblərindən biri çağırış orqanlarının fəaliyyətinin düzgün qurulmaması ilə bağlıdır. O, açıqca bildirirdi ki, hərbi xidmətə yalnız rüşvət verib “canlarını qurtara bilməyən” şəxslər cəlb olunurlar və buna görə də qoşun hissələrində bir nəfər də olsun imkanlı adamın övladı yoxdur. İmkanlı adamların övladlarına yalnız “praporşik”lər məktəbində rast gəlmək olardı ki, onlar da öz arzuları ilə təhsil almağa gəlmişdilər. Hərbi mükəlləfiyyətin əsas ağırlığı kasıbların üzərinə düşiirdü. 1918-ci il dekabrın 25-də Səməd bəy Mehmandarov hərbi xidmətə çağırışı yaxşılaşdırmaq məqsədilə xalqa müraciət etdi. Müraciət Azərbaycan və rus dillərində çap edilərək əhali arasında yayıldı:

 “İndi isə qoşun düzəltməyi öz öhdəmə götürmüşəm və cəmi vətəndaşları, istər fəqir, istər dövlətli, əsgərliyə çağırıram. Hər kəs ki, bir dövlətli uşağını qələmdən salıb azad etsə, böyük cəzaya düçar olacaqdır və burası da məlum olsun ki, əsgərlər yaxşı geyinəcəklər və yeməklərinin də yaxşı olmağına mən çox çalışıram. Otaqları isti olacaq və hər bir əsgər üçün ayrı yorğan-döşək hazırlatmışam”.

 Həyata keçirilən bu tədbirlər Azərbaycan ordusunun formalaşdırılması işini xeyli sürətləndirdi: “Güclü ordu formalaşdırılması üçün vacib olan müxtəlif hərbi strukturun yaradılması, qoşunların ərzaq və digər vasitələrlə təmin olunmasının yaxşılaşdırılması, həmçinin, zabitlərin maaşlarının vaxtaşırı artırılması həm Hökumətin, həm də Hərbi Nazirliyin daimi nəzarətində idi. Bu sahədə hərbi nazirliklə Nazirlər Şurası arasında sıx əlaqə yaradılmışdı. Hərbi nazir 1919-cu ilin aprelində ordunun formalaşdırılması üçün büdcədən ayrılacaq vəsaitin miqdarı barədə Hökumətə təklif verdi. Hökumət bu təklifi təsdiq etdi. Həmin vəsait 399,4 milyon manata bərabər idi ki, bu da dövlət büdcəsinin 27,7%-ni təşkil edirdi”. (həmin mənbədən).

 ADR-in hərbiyyə naziri Səməd bəy Mehmandarovun Cümhuriyyət paramentindəki çıxışı da çox maraqlıdır.  O qədər də uzun olmayan çıxışda Cümhuriyyət ordusunun durumu açıq-aydın öz əksini tapıb. Çıxış parlamentin 16-cı iclasında, 1919-cu il, 26 fevralda edilib: (Natiqin dil və üslubu qorunub).

 “Həzarat, mən hərbiyyə nəzarətinin fəaliyyəti və səgəri işlər haqqında bir qədər məlumat verməyi lazım bilirəm. Əlbəttə, heç kəs inkar etməz ki, türklər bizim millətimizə nicat verməklə bizə böyük xidmət etmişlərdir. Amma burası, onların hərəkətini tənqid etməyimizə də mane olamaz. Hərbiyyə nəzarəti Gəncəyə köçənədək bizə xəbər verdilər ki, əksər işlərimiz yaxşıdır və çoxlu qoşun yığılır, lazım olan kimi məşq verilir və ilaxır. Mən Gəncəyə belə gözəl ümüdlə getdim. Hər yeri gəzdim, qətati-əsgəriyyəmizə baxdım, fəqət, iş heç də yaxşı deyildi. Əsgərlərimiz əzgin, düşgün bir halda, yeməkləri pis, mənzilləri fəna bir halda, yorğan-döşək yox, onların çoxu xəstə idi. Xəstə əsgərlərin həpsini sağlamlarıyla dəyişməyə məcbur olduq. Qoşun yığmaq işləri yaxşı getmirdi. Rəislər və  komandanları öz vəziyyətlərindən sui-stifadə edirlərdi. Çox vaxt bir külfətin yeganə çörək gətirənini əsgər alırdılar. Bu iş də camaatı narazı salıb, qoşun yığmaqdan nifrətləndirirdi. Nuru Paşa Azərbaycandan gedərkən özü mənim yanıma gəldikdə boynuna aldı ki, əsgərlik barəsində Azərbaycan fəna bir haldadır. Məlumdur ki, Türkiyə komandanlığı başında duran adamları aldatmışlardı. Türklər gedərkən mənə bilmərrə libas verməmişlərdi. Ona görə mən əsgəri təşkilat ilə bərabər maddi cəhətdən çalışmalı idim. Nəki mümkünü idi etdim. Amma türklər külli miqdarda ərzaq şeyləri qoyub getmişlərdir. Külli miqdarda taxıl, heyvan və sair məmulat qalmışdır. Ona görə mən əmr etdim ki, əsgərlərə yarım girvənkə əvəzinə üç rüb ət, girvənkə yarım çörək əvəzinə bir rüb çörək verilsin, xörəkləri öz camaatımızın adət etdiyi kimi olub, onlara dolma, bozbaş və sairə versinlər, həftədə bir dəfə plov verilsin. Bundan əlavə əmr etdim əsgərlərə gündə 6 misqal qənd, yarım misqal çay versinlər. Qızdırma, yatalaq və sairə kimi azar olan yerlərə əsgərlərə su içməmək üçün 9 misqal qənd verilir. Libas məsələsi daha da fəna idi. Gürcüstan hərbiyyə nazirinə kağız yazdım ki, libas məsələsində mənə kömək etsin, mütəəsifanə bir şey çıxmadı. İndi Gürcüstan hökuməti nəzdində siyasi nümayəndəmiz Cəfərovun yanında pulumuz və adamlarımız var ki, parça alsınlar. Bundan əlavə Şuşadan fabrikada yaxşı əsgəri libasa yarar parça toxunur. Haman fabrika ilə müqavilənamə bağlamışıq. Orada külli miqdarda yararlı parça əldə etdik. Bu surətlə bu məsələ də hüsnü-həll olunacaqdır. Əlbəttə, möcüzə göstərmək olmaz. Amma nə ki mümkündür, edəcəyəm. Hal-hazırda hərbiyyə nəzarəti smetasının bir qismini təqdim etmişdir. Bütün smeta martda təqdim ediləcəkdir, çünki ərzaq nəzarəti ambarlarında olan şeylərin miqdarını təyin etmək lazımdır. Hərbiyyə nəzarətinin təhti-idarəsində bu saat 3 ambar var: Hacıqabulda, Gəncədə və Ağdamda. İndi hökumətin qərarladrına görə ərzaq nəzarəti ixtiyarında olan sair ambarların da həpsi hərbiyyə nəzarətinə veriləcəkdir. Ona görə ərzaq mövcudiyyətinin tamamilə hesablamalıdır. Mən ümdə diqqətimi əsgər yığmaq işlərinə verdim. Bu vaxtadək əsgər alınmalı, olanların siyahısı tərtib verilmişdi. Hər yerdə kasıblar əsgər alınırdılar. Hər yerdə qoşun içində bir dövlətli ya bəy, ya xan oğlu görmədim. Ona görə əmr etmişəm əsgər düşənlərin siyahısı tutulsun və bir surəti hərbiyyə nəzarətinə göndərilsin, tainki yığılanlara diqqət verək.

 Hal-hazırda 6 ilin əsgəri silah altına çağırılır. Amma güman edirəm ki, bu ilin axırında daha buna ehtiyac olmayacaqdır. Ancaq 2 ilin, yəni 19 və 20 yaşıdları yığmaq kifayət edəcəkdir. Əsgərlikdən qaçmaq məsələsinə gəlincə, bu da deyilən kimi olmayıb, o qədər də layiqi-əhəmiyyət deyildir. Hər yerdə mükəlləfiyyati-əskəriyyət tətbiq olunanda belə şeylər olur. Məsələn, 1888-ci sənə mükəlləfiati-əskəriyyə qanunu ermənilərə və gürcülərə təmsil ediləndə çox adam əsgərlikdən qaçırdı. Hələ indi də qaçan çoxdur. Bizdə də çox adam qaçırdı, fəqət, əksilməmişdir. Bu da tədriclə olar. Gəncədə son zamanlar bir adam qaçıb. Əhali özü qaçanlara nifrət edir və hətta çox vaxt olmuşdur ki, əsgərlikdən qaçanı döyüb, sonra geri gətirmişlərdir. Güman var ki, müsəlmanlarda olan fitri nizam və ədəbə görə vaxtı ilə heç kəs qaçmayacaqdır. Qənəati əsgəriyə barəsində məni bağışlayın, əsgəri sirləri açıq danışmazlar”.

QEYD: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi" layihəsi çərçivəsində hazırlanıb.