https://www.zirve.edu.az/
01.03.2018 20:42
Bağça vaxtında başlanan faciə - "Valideynlərə deyirik ki, bunun üstünə tez düşün"
Çap et

Müasir dövrün əsas problemlərindən biri gəncləri ünsiyyət zamanı özlərini, fikirlərini düzgün çatdıra bilməmələridir. Bəzi gənclər isə nəinki fikrlərini ifadə edə bilmir, hətta ciddi korreksiyaya ehtiyac duyulan dislaliya, kəkələmə kimi nitq qüsurlarından əziyyət çəkirlər.

Bu problemlər ilk baxışdan bəsit görünsə də, ciddi fəsadlar törədə bilir. Belə ki, nitq qüsuru olan şəxs özünü hər zaman cəmiyyətdə qapalı saxlayır ki, bu da onun psixologiyasına ciddi zərbə vurur.  Özünəinamsızlıq, ətrafındakı insanlarla ünsiyyətsizliklə getdikcə daha da artır.

 Təməli təbii uşaqlıq dövründə  qoyulan bur xəstəlik sonradan insanın əsl mənəvi faciəsinə çevrilir.

Məsələ ilə bağlı AzEDU saytına danışan loqoped Svetlana Məmmədova uşaqlarda nitq qüsurlarının hələ 5 yaşındaykən yarandığını  deyib:

 “Nitq qüsurları ilə bağlı müraciətlər hər zaman çox olub. Son illərdə isə uşaqlarda bu problemin müşahidə olunması halları daha da artıb. Hazırda dislaliya - uşaqlarda tələffüzünün pozulması - və kəkələmə nitq qüsurlarına çox rast gəlinir. Bu problem əsasən beş yaşınadək olan uşaqlarda müşahidə edilir. Çünki, bu dövr onlarda nitq mərkəzinin inkişafı dövrüdür. Artıq beş yaşında insanda nitq mərkəzi bağlanır.

Mən uşaqlarla şəkil çəkməklə, cümlələr və sözlərin əyani şəkildə təsvirlərini çəkməklə korreksiya etməyə çalışıram. Bu zaman həm onlarda dərsə maraq oyatmış oluram, həm də daha çox çalışmalarına səbəb oluram”.

ndfbhgvhfnhvfn.jpg

Loqoped hətta 30 yaşlı insanda belə kəkələmə problemini həll etdiyini bildirib:

“Müalicə müddəti isə hər problemə görə fərqlidir. Əgər uşaqda təkcə “r” səsi problemi varsa, on iki dərs ərzində bunu aradan qaldırmaq olur. Əgər bir neçə səs, məsələn “s”,”z”, “ş”, “r” səsləri pozulubsa, bu, artıq müəyyən mənada uşağın özündən asılıdır. Onun öyrənmə qabiliyyəti, dərsə marağı yüksək olarsa, müalicəsi daha rahat olur.

Valideynlərin üzərinə də böyük məsuliyyət düşür. O, evdə uşaqla məşğul olmadıqda bizim işimiz daha da uzanır. Məsələn, 1 ay sürməli olan korreksiya 3-4 ay davam edir.

Sırf kəkələmə pobleminin müalicə müddəti isə 8-9 ay çəkir. Səs tələffüzü probleminin müalicəsi istənilən yaşda mümkündür. Hətta 18 yaşlı insanda belə “r” səsini bərpa etmişəm. 30 yaşlı insanda kəkələmə problemi ilə işləmişəm. Amma nə qədər tez müraciət olunsa həm bizim, həm də qarşı tərəfin işi o qədər rahat olur.“

Sveta Məmmədova disartriya problemi olan uşaqların müalicəsinə tez başlamağın vacibliyini qeyd edib:

 “Uşaq serebral ifliclərində daha çox rast gəlinən disartriya problemlərini bacardıqca erkən yaşlarda müalicə etməyə çalışırıq. Onlarda ağız suyu ifrazı olduğuna, dil hərəkəti aktiv olmadığına görə nitqləri anlaşılmaz olur. Valideynlərə həmişə deyirik ki, problemin üstünə bacardığınız qədər tez düşün. Məsələn, 3 yaşına qədər disartriyalı uşaqlarla dilin sağa- sola hərəkəti, ağız suyunu saxlama məşqləri edirik və nitqləri getdikcə anlaşılan hala gəlir.

Matura laliya ilə bacardığımız qədər tez işləmək lazımdır. Onlara “danışan lallar” deyilir. Belə şəxslərin nitqi olmur. Onlar uşaqkən müraciət etsələr, daha effektiv nəticə alarıq. Məsələn, əgər uşaq 3 yaşından sonra danışmırsa biz bunu, psixatrların diaqnozu sayəsində matura laliya kimi qəbul edirik. Bu problem zamanı artıq 3 yaşından etibarən müalicə olunmaq lazımdır. Əgər gec müraciət etsələr, artıq bizim əlimizdən gələn bir şey olmur. Onlarla bir yerə qədər işləyə bilirik. Bu sərhəddən sonra artıq irəli gedə bilmirik. “

28534912_2039229732987348_303895809_n.jpg

 Psixoloq Arzu Məmmədova isə nitq qüsurlu uşaqların məktəb dövründə daha ciddi problemlərlə üzləşdiklərini bildirib:

“Bu, məktəbyaşlı uşaqlarda müxtəlif problemlərə yol açır. Daha çox isə dezadaptasiya ilə müşahidə olunur. Bağçaya getməmiş uşaqların məktəb dövründə yoldaşları, müəllimləri ilə ünsiyyətində problemləri yaranır. Uşaq nitq problemlidirsə, təbii ki, məktəbdə digər şagirdlər ona güləcək, ələ salacaqlar, dərslərində uğursuz olacaq. Çünki, nitqi problemli olduğuna görə danışmayacaq. Danışmadıqda isə özgüvən əksikliyi, aqresiya, davranış pozuntularına gətirib çıxara bilər. Əgər uşağın nitqi düzgün qurulmayıbsa, təbii ki, bu özünü dərslərində də göstərəcək. Aşağı ballar, motivasiyasızlıq kimi hallarla qarşılaşacaq.

Nitqqüsurlu uşaqlarda əsasən, söz ehtiyatının artırılması, sözlərin düzgün deyilməsi, özgüvənin artırılması, əsəblərinin sakitləşdirilməsi, aqresiyanın nizamlanması, həmçinin dərsə motivasiya kimi problemlərlə işləyirik. Bununla bağlı müraciət edən uşaqlar çoxdur. Çünki nitq ləngiməsi, kəkələmə problemləri geniş vüsət alıb.”

O, bunun əsas səbəbini valideynlərin laqeydliyində görüb:

“Uşağın nitqinin açılması onun təfəkkürü ilə əlaqəlidir. Bunun üçün çalışmaq lazımdır ki, uşaqlarla kiçik yaşlardan analiz edici oyunlar oynanılsın, rənli oyuncaqlardan istifadə edilsin. Uşağa “bu nədir?” sualını ilə bağlı tapşırıqlar verilməlidir. Məsələn, şəkili göstərib “bu nədir?”, “bu qız nə edir?” və s. suallar verilməlidir. Beləliklə, uşaqda analiz qabiliyyətini artırmaqla onun təfəkkürünü də inkişaf etdirmiş olarıq. Bu da bilavasitə onun nitqinə təsir edir. Nitq problemlərinin yaranmasının birinci səbəbi ailədə düzgün qurulmamış danışıq formasıdır. Qeyri-verbal ünsiyyətə üstünlük verildikdə uşaqlarda nitq problemi yaranır. Yəni valideynlər əsasən jest və mimikalarla uşaqlara cavab verməyə çalışırlar. Hazırda valideynlər əksəriyyəti işləyir. Uşaqlarla danışmaq əvəzinə onlara telefoon planşet verirlər ki, sakit olsunlar. Onlar da istədikləri kimi istirahət edə bilsinlər. Bu zaman ünsiyyət kasadlığı yaranır. Bu da təbii ki, nitq problemlərinə gətirib çıxarır.

İkinci səbəb televiziyadır. O, informasiyanı verir, amma analiz etmir. Bir başa informasiya analiz olunmadan davamlı verildiyi üçün uşaqda nitq ləngimələrinə səbəb olur.

 Digər səbəb ailədə bir neçə dilin olmasıdır. Uşağa 5 yaşınadək biz iki dil öyrədəriksə onda kəkələmə probleminə rast gələ bilərik. Çalışmaq lazımdır ki, uşaq öz ana dilində normal danışsın, daha sonra ona başqa dillər öyrədə bilərsiz.”

Psixoloq bu problemi aradan qaldırmaq üçün məktəbəqədər təhsil müəssisələrində loqopedin fəliyyət göstərməsinin vacib olduğunu bildirib:

“Bağçalarda mütləq şəkildə loqoped və psixoloq olmalıdır. Çünki uşaqlarda nitq qüsurunun erkən dövrdə aşkarlanması onların həllinə pozitiv təkan verir. Əksinə, nitq qüsurlarının yaşı artdıqda isə onun həlli üçün uzun müddət işləmək lazım gəlir. Məktəbəqədər yaş mərhələsində artıq nitq problemləri ilə rastlaşırıq. Uşaqlar səsləri düzgün tələffüz edə bilmirlər. Bu isə nə qədər kiçik görünsə də məktəb dövründə kəkələməyə yol aça bilər. Bağçalarda loqopedin olmaması həmçinin uşaqlar arasında ünsiyyət darlığına gətirib çıxarır. Onlar nitqlərindəki qüsura görə ünsiyyətə girməkdə çətinlik çəkirlər.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları