Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-30 17:58:00
“Heç olmasa, Əhmədiyyə dayıdan utanın, fransız parlamentariləri” – Şəkili müəllimdən sərt etiraz

 

 

 

Şəki rayon Təhsil şöbəsinin əməkdaşı Elxan Abdullayev fransız parlamentarilərə səslənib.

 

AzEdu.az xəbər verir ki,  o, Fransa senatında qondarma Dağlıq Qarabağla bağlı verilən qərara münasibət bildirib:

 

“Çox maralıdır,onlardan soruşmaq lazımdır ki, alman faşistləri II Dünya müharibəsində Fransa torpaqlarını işğal edəndə ata-babalarınız nə üçün general Şarl de Qollun rəhbərliyi ilə işğalçılara qarşı vuruşurdu? Əgər yaxşı idisə,elə işğal altında yaşayardılar da...Belə çıxır ki,işğalçını qovmaq sizə olar, bizə yox hə?! Xatırladaq ki,əcdadlarınızla yanaşı, digər xalqların nümayəndələri,eləcə də azərbaycanlılar da həmin o Müqavimət Hərəkatınızda fəal iştirak ediblər.Bircə elə Azərbaycan xalqının cəsur övladı, "Xarqo","Armed Mişel" adları ilə ata-babalarınızla bir cərgədə Fransanın işğaldan azad olunması üçün ölümündən belə qorxmadan döyüşmüş Əhmədiyyə Cəbrayılovu xatırlatmaq kifayətdir.Şarl de Qollun azərbaycanlı silahdaşı  rəhmətlik Əhmədiyyə dayı o dövrü belə xatırlayırdı: "Mən bəstəboy, arıq bir oğlan idim. Partizanlara qoşulandan sonra aylarla onlar məni sınadılar. Saysız-hesabsız əməliyyat tapşırıqlarına gedərək, get-gedə partizanların rəğbətini qazanmağa nail oldum. Həmişə başıma fransız kepkası qoyardım ki, sadə fransızlardan seçilməyim. Bir gün elə oldu ki, Şarl de Qolla əməliyyata gedəsi oldum. De Qoll hansısa bir ərəfədə qabağa keçərkən ona dedim ki, sən keç arxaya və özüm qabağa getdim. De Qoll dedi ki, niyə belə edirsən? Cavab verdim ki, əgər səni vursalar, bütün Fransa partizanları, müqavimət hərakatı başsız qalacaq, əgər məni vurası olsalar, heç bir qorxusu yoxdur".

 

De Qoll Əhmədiyyənin bu sədaqətindən, cəsarətindən vəcdə gəlir və onların birgə əməliyyatları həmin gün uğurla başa çatır. Lakin əsl dostluqlarının təməli elə o gün qoyulur. Sonralar saysız-hesabsız döyüş tapşırıqlarını yerinə yetirən Əhmədiyyə 1945-ci ilin mayında birinci fransız ordusunun tərkibində döyüşlərə qatılır. 1946-cı ildə Əhmədiyyə qəti qərara gəlir ki, vətənə qayıtsın. Şarl de Qoll nə qədər onu dilə tutursa ki, getmə, sənə hər cür şərait yaradacağam, xeyri olmur. Nəhayət, 1946-cı il 25 noyabrda Armed Mişel ləqəbli Əhmədiyyə Cəbrayılov SSRİ-yə qayıdır. Burada onu vətən xaini kimi qəbul edirlər və mükafatlarının bir hissəsini də əlindən alırlar. Şarl de Qoll Sovet rəhbərlərinin iştirakı ilə keçən məclislərin birində azərbaycanlıların şərəfinə badə qaldırır. Sağlıq söyləyərkən qeyd edir ki, partizanlıq etdikləri vaxtı Əhmədiyyə ilə barmaqlarını çərtərək qədim əyyamların adət-ənənəsinə uyğun qanlarını birləşdirib qan qardaşı olublar. Əhd-peyman bağlayıblar ki, heç bir zaman bir-birini unutmayacaqlar. General son cümləsində, sovet rəhbərlərini riqqətə gətirəcək bir söz də deyir: "Mən bu Azərbaycan oğluna görə SSRİ ilə Fransanın yaxınlaşmasına qərar verdim".

 

...Bu gün isə heç bir beynəlxalq hüquq normalarına məhəl qoymadan erməni diasporunun təsiri ilə qəbul etdikləri məntiqsiz və yersiz qərara görə fransız parlamentarilərinə deyirik:

 

HEÇ OLMASA ƏHMƏDİYYƏ DAYIDAN UTANIN ,CƏNABLAR! İŞĞALÇILARA QARŞI ÇİYİN-ÇİYİNƏ VURUŞMUŞ BU İKİ YAXIN DOSTUN RUHLARINI DA NARAHAT ETDİNİZ BU AĞILSIZ ADDIMINIZLA...