https://www.zirve.edu.az/
29.11.2020 15:30
“Deyirlər, ömrün ən çətini ilk yetmiş ildir"-Nadir İsrafilovdan təsirli yazı    

Məlahət Mürşüdlünün ölüm xəbərini eşidəndə, ilk olaraq yadıma Alman yazıçısı Erix Mariya Remarkın  “Deyirlər, ömrün ən çətini ilk yetmiş ildir. Qalanı öz-özünə gedir” sözləri yadıma düşdü. Bir anlığa öz-özümə düşündüm.  Məlahət xanım çətin yetmişinin çəmi iki ilini yaşadı, qalanı isə, öz-özünə getdi.

 

Onunla ilk tanışlığım 1987-ci ilin iyuluna təsadüf edir. Bakı şəhəri Nəsimi rayonuna Təhsil şöbəsinin müdiri vəzifəsinə yenicə tətin olunmuşdum. İlk qapımı açan da elə o oldu. Salamsız- kəlamsız “mən metodkabinetin müdiriyəm” deyərək, imzalamaq üçün bir yığın sənədi masamın üzərinə yığdı. “İcazə verərsən bir nəfəsimi dərim, sualıma isə “sabah şənbədir, dərindən nəfəs dərmək imkanınız olacaq“– cavabını verərək, sanki, sənədləri imzalamağımın sonunu gözləyirmiş kimi başımın üstünü kəsib durdu. Yaşda məndən böyük olmasını nəzərə alıb, dərinə getmədim. Sənədlərə qol çəkə-çəkə “bundan sonra işimiz var ki...,” deyə öz-özümə mızıldandım.

 

Demə, onun sərtliyi və “kobudluğu” barədə ilkin təəsswratlarım yanlış imiş. Ölkəmiz üçün ən ağır və ağrılı 4 ili birgə işlədik. Mən əsasən Qərbi Azərbaycandan didərgin düşmüş çoxsaylı məcburi köçkün həmvətənlərimizin məktəblərimizdə yerləşdirilməsi ilə bağlı kadr məsələləri ilə məşğul idim. Pedqoji proseslə əlaqədar digər  işləri isə o yerinə yetirirdi. Təhsil ictimaiyyəti arasında böyük hörmət və nüfuz sahibi idi. Gecəsi-gündüzü, şənbəsi-bazarı işləməklə, yaradıcılıq-quruculuqla keçirdi.

 

Respublikamızda dövlət müstəqilliyinin bərpası uğrunda gedən mübarizə illərində bəzən işdə görsənmirdi. Soruşanda ki, “Məlahət xanım hardaydın, işlər tökülüb qalıb axı...” heç bir şey olmamış kimi  cavab verərdi ki, “Nadir müəllim heç darıxıb eləmə, işlər öz qaydasına düşəcək, təki, istiqlalımıza qovuşaq, dövlət müstəqilliyimizi  bərpa edək.” Söz tapmadığımdan bir söz də deyə bilmirdim.

 

Bir müddət sonra məni o zamanlar Bakı şəhər Baş Təhsil İdarəsi adlanan, indiki Bakı şəhəri üzrə Təhsil idarəsinə keçirdilər, o isə həmin illərdə Respublikada geniş vüsət almış müəllimlər hərəkatının təşkilatçılarından birinə çevrildi.  Azad Müəllimlər Birliyinin yaradılmasında fəal iştirak edərək, 1992-ci ildə həmin təşkilatın həmsədrlərindən biri oldu. 1997-ci ildən isə sədri idi. Təşkilatın məqsədi - təhsil sistemini demokratikləşməsində və humanistləşməsində dünya pedaqoji texnologiyasında sınaqdan çıxmış forma və metodları öyrənib yaymaq, müəllimlərin elmi-pedaqoji, metodiki biliklərini təkmilləşdirmək, onları fasiləsiz ekoloji biliklərlə, vətəndaş təhsilinə aid informasiyalarla təmin etmək və təhsil işçilərinin sosial hüquqlarını müdafiə etmək idi.

 

Azərbaycan məktəb və pedaqoji fikir tarixinin öyrənilməsi, təbliği, təhsilin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində fəaliyyət göstərən tədqiqatçı-ekspert və fəal ictimaiyyətçi idi. 1992-ci ildə Təhsil qanununun hazırlanmasında və qəbul edilməsində fəal iştirak etmişdi. Uzunmüddətli “Təhsildən sonra Təhsil” proqramının və “Azsaylı xalqların təhsili” VEB saytının, 30-dan artıq elmi- pedaqoji, metodik yazıların, 1 monoqrafiyanın müəllifi idi. Onun redaktorluğu ilə 5 metodik vəsait hazırlanıb nəşr edilmişdi. 2001-ci ildən Avrasiya Təhsil QHT-ləri Birliyinin MDB üzrə koordinatorudur. BMT-nin UNİFEM proqramı çərçivəsində fəaliyyət göstərən “Koalisiya 1325”-in və Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitəsinin üzvü olub. 1999-2005-ci illər arasında 5 Beynəlxalq konfransda iştirak edib. 2000-ci ildə Türk Eyitim Sen təşkilatının “Eyitim Hizmet Ödülü” nə (Təhsilə Xidmət Mükafatı) layiq görülüb.

 

Təhsillə bağlı heç bir tədbirdən kənarda qalmazdı. Ona verilən bütün sualları cavablandırardı, Təhsil ekspertləri qrupunun təəssübkeşlərindən biri idi. Bütün həyatə boyu, bütün varlığı ilə təhsilə bağlı olan Məlahət Mürşüdlünün əziz xatirəsi uzun illər onu tanıyanların yaddaşından silinməyəcək.

Nadir İsrafilov