Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-23 16:48:00
UNEC məzunu: Vətən üçün döyüşmək, qələbə çalmaq şərəfdir!

"Onlardan "torpaqları verirsinizmi” soruşmadıq, "verəcəksiniz” dedik”

 

Ali Baş Komandan İlham Əliyev! Başda siz olmaqla, Azərbaycan Ordusuna xidmət edirəm! Əziz anam! Məni Vətənə oğul böyütdünüz! Körpəlikdən əzizləyəndə tez böyüyüb ana Vətənə oğulluq borcumu qaytarmağı arzulamısan! Mən də bəlkə elə bu diləyinizlə böyüyüb, istəklərinizi yerinə yetirirəm!

 

1997-ci ildə Sumqayıt şəhərində doğulmuşam. Orta təhsilimi bitirib, ali məktəb tələbəsi olandan ictimai fəaliyyətlə məşğulam. Yaşadığımız dövr, zəmanə gəncləri elmi tədqiqatlar aparmağa, bu sahənin vacibliyini təşviq etməyə yönəldib. Mən də tədqiqatlar, araşdırmalar aparmağa, tariximizi, iqtisadiyyatımızı, təbiətimizi öyrənməyə həvəsliyəm. "Asan xidmət”də, Bakı şəhərinin Nərimanov Rayon Məhkəməsində, UNEC-də bir sıra ictimai işlərdə çalışmışam. Xüsusilə tələbəlik dövründə fəal olmaqla seçilmişəm. UNEC Tələbə Elmi Cəmiyyətində 2 il sədr müavini olmuşam. Bu müddət ərzində bir sıra beynəlxalq, ölkə və universitetdaxili konfranslarda, yarışlarda, tədbirlərdə iştirak etmişəm. 30-a yaxın diplom, fəxri fərman və sertifikatlara layiq görülmüşəm. Eyni zamanda UNEC-də baş tələbə mentor olmuşam.

 

Hərbi xidmətdə olduğum dövrün Vətən müharibəsinə təsadüf etməsi mənim üçün gözlənilməz oldu. 2016-cı il Aprel döyüşlərində iştirak etmək arzum idi, təəssüf ki, universitetdə oxuduğum üçün qismət olmadı. Uşaqlıqdan ürəyimdə bir qisas hissi var idi. Eyni zamanda əmim, 1992-ci ildə Birinci Qarabağ müharibəsində iştirak edən və Fizulidə gedən döyüşlərdə yaralanan Gündüz Qurbanovda olan Vətənə sevgi, torpağa bağlılıq hissləri mənim vətənpərvər ruhda böyüməyimdə xüsusi rol oynadı. Hərbi xidmətə yollanmamışdan bir həftə öncə mənimlə söhbət edərkən, nəyə görə adımın Anar qoyulduğunu ilk dəfə dedi. Sən demə, Qarabağ müharibəsində əmim yaralandıqdan sonra dostu Anar ermənilərə əsir düşüb. Erməni əsarətində qalmaqdansa ölməyi üstün tutan döyüşçü 70-ə yaxın erməni quldurunu məhv edib və mənfur düşmən tərəfindən arxasından vurularaq şəhid olub...

 

Xəstəxanadan çıxdıqdan sonra əmim əhd edir ki, o cür dostunu, silahdaşını bir ömür boyu unutmayacaq. Bundan 4 il sonra mən anadan olmuşam. Adımı əmim qoymaq istəyib. Heç kimə səbəbini demədən adımın Anar olmasını istəyib, sanki dostunu ölümsüzləşdirib. Bunu mənə 23 ildən sonra açıqladı.

 

...Hərbi hospitalda yatarkən Qarabağ qazisi olan əmim mənimlə əlaqə saxlyıb dedi ki, "Sənə Anar adını qoymaqla çiyninə böyük bir yük qoyduğumu indi anlamışam”.

 

Mənsə, "Narahat olma, əmi, o yük artıq çiyinlərimizdən qalxdı, dostunun qisasını aldıq”, - dedim.

 

Xeyli erməni hərbçisini məhv etmişdik. Müharibənin beşinci günü ağır yaralandım...

 

Döyüşlərdə bir neçə dəfə ölümlə üz-üzə qaldım, şəhidlik nəsib olmadı. Gördüm ki, minaatan mərmisi gəlir, silahdaşım qarşımda dayanmışdı, dirsəyindən tutub arxaya, yerə yıxdım. Özümün yerə yatmaq üçün vaxtım qalmadı. Ayaqüstə olduğum üçün qəlpə qarnımın sol nahiyəsindən girib sağdan çıxdı. Dostumun yarasının yüngül olduğuna sevindim. Mənimlə birlikdə həmin gün bir dostum da yaralanmışdı. 3 gün komada qalmışam. Ayıldım ki, həimin dostum başımın üstündə dayanıb, alnımdan öpdü: "Anar, düzələcəksən, bunun heyfini çıxacağam”, deyib getdi.

 

Hospitalda eşitdim ki, bir gün sonra şəhid olub. Mən döyüşçü dostlarımla fəxr edirəm.

 

Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mənfur düşməni diz çökdürdü, qalibiyyət bayrağını qaldırdı. Mənim isə bir arzum var: Milli Orduda zabit kimi qalıb xidmət etmək. Sağalıb ayağa qalxan kimi bu arzumu da reallaşdıracam, inşallah!

 

Anar QURBANLI,
Azərbaycan əsgəri