https://www.zirve.edu.az/
22.11.2020 11:36
Vətənin sipərləri: Düşmənə qan udduran şərqşünas alim-döyüşçü Vüsal Hətəmov kimdir?

Nəinki əzizləri-doğmaları, heç dost-tanışları, məktəb və Universitet yoldaşları da güman etməzdi ki, zahirən sakit, “şəhər uşağı” kimi görünən, qətiyyən dava-dalaş adamına oxşamayan Vüsal nə vaxtsa Qarabağ uğrunda döyüşlərə atıla bilər, erməni faşistlərini pərən-pərən salar, torpaqlarımızdan iti qovan kimi qovar, onların səngərlərini, yeraltı bunkerlərini darmadağın edər, neçə-neçə daşnak tör-töküntüsünü cəhənnəmə vasil edər. Axı, o, hərbi sahədən tamamilə uzaq olan bir sənətin – humanitar sahənin adamıdır və çoxları onu  respublikanın gənc, perspektivli alimlərindən biri – istedadlı şərqşünas, nəsimişünas kimi tanıyır, yüksək qiymətləndirirdilər. Və təbii ki, qətiyyən hərb adamına yox, “sülh adamı”na daha çox oxşayırdı.

Əslində isə zahirən sakit görünsə də, qəlbində Nizami, Nəsimi poeziyası ilə daha da güclənən böyük Vətən eşqi, torpaq sevgisi vardı. Və təsadüfi deyildi ki, hələ bu ilin iyul ayında Tovuz cəbhəsindəki erməni “qudurğanlıqlarından” sonra evdən-ailəsindən xəbərsiz hərbi komissarlığa müraciət edərək, ilk könüllülər sırasına yazılmışdı. Və evdə xəstə anasını nigaran qoymamaq üçün guya 5-10 günlük elmi ezamiyyətə gedəcəyini bildirərək, intizarla hərbi komissarlıqdan “dəvət” gözləmişdi. Özü Sumqayıtda, Bakıda olsa da, vətənpərvər qəlbi hərbi komissarlıqdan heç bir cavab gözləmədən artıq böyük Vətən eşqi ilə Qarabağda – Füzulidə, Cəbrayılda, Qubadlıda, Laçında, Zəngilanda, Ağdamda dolaşırdı. Qəlbinin vətən haraylı çağırışı ilə onun arxasınca uçmağa da hazır idi. Fəlsəfi poeziyasının vurğunu olduğu, sadiq bir övlad kimi bütün həyatını və hər misrası “dərin basdırılmış” xəzinə olan yaradıcılığını diqqətlə öyrəndiyi dahi İ.Nəsimi babasından müvəqqəti ayrıldığına görə qəlbən ondan hallallıq alaraq, tezliklə geri, Qələbə ilə dönəcəyinə söz verərək, avqustun əvvəlində könüllü istəyinə yetərək, Azərbaycan Silahlı Qüvvələri sıralarına qəbul edildi. Artilleriyaçı olduğundan özünü xəyalən “Azərbacan - Vətən uğrunda!” sözləri yazılmış tankda, zenit-raket komplekslərinin yanında hiss edirdi.

 
Lakin onun hərbçi yolunu hardan başlayacağı onun özündən də xəbərsiz, özündən əvvəl çox düzgün və dəqiq müəyyən edilmişdi. Ordumuzda onun artilleriya üzrə bacarıqlı bir ehtiyat zabiti olduğunu bilərək, mərkəzi hərbi hissələrdən birində artilleriya təlimatçısı kimi xidmət etməsi daha mühüm, daha vacib sayılmışdı. Və Vüsal bir aydan da çox gənc əsgərlərə vaxtlə rus ordusunda “artilleriya Allahı” sayılan məşhur azərbaycanlı general-leytenant Əliağa Şıxlinskinin hərbi sənətinin sirlərini daha müasir silahlar əsasında, həm də tam dəqiqliklə öyrədərək, uzaq vuran silah və raketlərdən böyük Qələbə naminə məharətlə istifadə etməyin ən optimal üsullarını mənimsətməyə çalışır və buna uğurla nail olurdu. Gənc əsgərlərin müasir artilleriya silahlarını necə böyük döyüşçü həvəsi və marağı ilə dərindən öyrənməyə səy göstərmələri vaxtı yetişdikdə gənc artilleriyaçıların Vətən uğrunda fədakarlıqla, əzmlə vuruşacaqlarına Vüsal Hətəmovun inamını xeyli artırırdı. Təbii ki, valideynlərinin və qohumlarının əslən Qarabağdan və ətraf rayonlardan olub-olmamasından asılı olmayaraq, gənc əsgərlərin hamısı onillərdi ki azğın düşmən tərəfindən işğal altında saxlanılan Azərbaycan torpaqlarının azad edilməsi üçün hazır olduqlarını öz yurdsevər, torpağa bağlılıq hissləri ilə, ruh yüksəklikləri ilə büruzə verirdilər. Və Vüsalın yeni müharibənin 25-30 il əvvəlki kimi piyada döyüşləri yox, daha çox müasir artilleriya döyüşləri olacağı, ölkə rəhbəri İlham Əliyevin sayəsində Azərbaycan Milli Ordusunun bu sahədə böyük üstünlüklərə malik olması fikrini hər bir əsgərə inandırıcı şəkildə aşılaması onların son, böyük qisasa köklənməsinə səbəb olurdu. Əsgərlərin yüksək döyüş əzminə səbəb həm də komandir Vüsalın yeni müharibə başlanarsa, dönə-dönə onun son döyüş olacağını, onu uduzmağa heç bir haqqımız olmadığını, yalnız və yalnız Qələbə üçün vuruşmalı olduğumuzu xüsusilə nəzərə çarpdırması, zəfərə səsləməsi və ona inandırması idi. Bu məqsədlə o, hələ  bir vaxtlar fərqinə varmadığı “İnternasional marşı”ndan bu sözləri də diqqətə çatdırmalı olmuşdu: “Bu, bizim son və qəti döyüşümüz olur!”. Və bununla da gənc əsgərlər yalnız artlleriya təlimi yox, həm də yüksək Vətən eşqi ilə  Qələbə təlimi almış olurdular.    


Sentyabrın 27-də başlanan Böyük Vətən müharibəmizin ilk göyüşləri də həqiqətən göstərdi ki, Azərbaycanımızın Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə qardaş Türkiyənin və dost İsrailin pilotsuz uçuş silahlarının səmada, yerdə isə artılleriyamızın gücü Milli Ordumuzun uğurlarının başlanğıcı və uzun illər arzusunda olduğumuz Qarabağ Qələbəmizin əsas təminatçısı oldu.


Fərəhli haldır ki, qazanılmış bu böyük uğurda Milli Ordunun müasir silahlarla təmin edilmiş ağır artilleriyamızın, hər bir artılleriyaçının və, təbii ki düşmənə qan uddurmağı öyrətdiyi, cəbhənin bütün istiqamətlərində vuruşan gənc tankçıların, topşuların (bəlkə, Xaçmaz rayonunun Qusarçay kəndindən olan, 19 yaşında igidliklər göstərərək bütün ölkədə məşhurlaşmış, düşmənin neçə-neçə əsgərini, saysız-hesabsız hərbi texnikasını məhv etmiş adaşı - Vüsal Şahkərimov da onun yetirmələrindəndir?), zenitçilərin, sonradan döyüş meydanlarında onlara qoşulan hərbi təlimçi-artilleriyaçı Vüsal Hətəmovun da payı, xüsusi rolu var. O Vüsalın ki, ailədə üç bacının yeganə qardaşı, əzizi, sevimlisidir. O Vüsalın ki, hələ yanvarda 42 yaşı olacaq və özü də üç övlad atasıdır. Yaşına və üç uşaq atası olduğuna görə müharibədən qalmaq, arxa cəbhədə xidmət etmək imtiyazı olsa da, Vətən uğrunda döyüşlərdən nəinki kənarda qalmayıb, hətta elə ilk gündən ön cəbhədə - müharibənin ən qızğın nöqtələrində, vuruşub. 


Yəqin onu döyüşlərə qoşulmağa atası Nizami Hətəmovun da çoxillik yurd həsrəti – doğulub boya-başa çatdığı Qubadlı, Laçın həsrəti də az rol oynamayıb. İndi 66 yaşı olan  atası vaxtilə - 1989-cu ildən başlayaraq “qara polkovnik” Fətulla Hüseynovun 80 nəfərlik dəstəsinin və Qaşaq Nəbi adına “Boz at” batalyonunun döyüşçüsü kimi azğın düşmənə qarşı mərdliklə vuruşub, igidliklər göstərib. Lakin o dövrdə Azərbaycanın nizami ordusu olmadığından döyüşlər uğursuzluqla başa çatmış, çoxları kimi atası da dogma yurda qovuşa bilməmişdi. Görünür, həm Vətən, həm də valideynləri üçün həmişə qədirbilən oğul olan Vüsal qalib Azərbaycan əsgəri kimi atasının yurd həsrətinə son qoymaq arzusu ilə döyüşlərə yollanıb. Artıq 5 aya yaxındır ki, dogma evindən-ailəsindən uzaq düşən, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın və Şuşanın, onların kəndlərinin düşməndən azad edilməsində iştirak edərək, igidliklər göstərmişdir. O da nəzərə alınsa ki, müharibə şəraitində döyüşçülərimizin nə yatmaq-dincəlmək, nə də vaxtında yeyib-içmək imkanları olmur, minlərlə əsgərlərimiz kimi Vüsal Hətəmovun da hansı ağır məhrumiyyətlərdən keçdikləri aydın olar. Ancaq bütün bunlara dözməyi, hər ağrıya- acıya üstün gəlməyi onlara böyük Vətən məhəbbəti, Qələbə eşqi “öyrədib”.


O da xüsusi olaraq qeyd edilməlidir ki, dövlətimizin başçısı, Ali Baş Komandanımız  İlham Əliyevə, Vətənə olan sevgi son illərdə o qədər güclü olub ki, hamı “hər şey Qələbə üçün!” şüarı ilə çalışıb-vuruşub, Ordumuza, döyüşçülərimizə hər yerdən yüksək maddi və mənəvi dəstək olub, silaha sarılmış oğullarımıza bütün şəhər və kəndlərimizdən ərzaqla, isti pal-paltarla yanaşı (baxmayaraq ki, ordumuzun hər sahədə təminatı ən yüksək səviyyədədir), döyüşçülərimizə minlərlə, axın-axın ruhverici, səmimi məktublar – “Əsgərə məktub”lar göndərilib. Yəni ki, budəfəki müharibədə heç kəs kənarda qalmaq istəməyib. Hətta tanınmış, məşhur adamların övladları da (o cümlədən - Azərbaycanın Xalq artisti Əli Nurun şəhid olmuş oğlu da), bəzi məmurlar, Vüsal Hətəmov (o, həm də Sumqayıt ziyalılarının Dostlar Klubunun ən gənc üzvüdür) kimi elm adamları da könüllü olaraq Böyük Vətən müharibəsində iştirak ediblər.


Eşq olsun Vətən üçün döyünən, yanan ürəklərə! Eşq olsun xalqımıza, Milli Ordumuza və onun Ali Baş komandanı, Azərbaycan Respublikasının Prezidenti, qalib sərkərdə İlham Əliyevə!

 Rəhman Orxan