https://www.zirve.edu.az/
22.06.2018 10:30
Dünyanın köhnəlmiş təhsil sənədi – attestat – Ondan niyə imtina edilib?
Çap et

Dünya təcrübəsində buraxılış imtahanının  nəticəsi şagirdin universitetə qəbulunda da həlledici rol oynayır.  Hətta əksər ölkələrdə abituriyent buraxılış imtahanından əlavə, ali məktəbə qəbul imtahanı vermir. Azərbaycanda buraxılış imtahanının nəticəsindən asılı olmayaraq, hər şagirdə attestat verilir. 

Tələbə adını qazanması  isə onun ali məktəbə verdiyi qəbul imtahanının nəticəsindən asılıdır. Ölkəmizdə imtahandan “iki” alan şagirdlərə də attestat verildiyini nəzərə alsaq,  bu qiymətlərin heç bir önəm daşımadığı məlum olar.

Təhsil haqqında qanunda da attestatın verilməsinin yekun qiymətləndirmənin “qeyri-kafi” nəticələri ilə bağlı olmadığı göstərilib. Attestat olsa da, olmasa da, qanunvericiliyə əsasən, orta məktəb məzununun tələbə olması ali məktəblərə qəbul imtahanlarındakı nəticələrindən asılıdır.

Dünya ölkələrində isə bu proses fərqlidir. Orada attestat qiymətləri həlledici rol oynayır. Bir çox əcnəbi universitetlər hətta tələbəni orta məktəbdəki nailiyyətlərinə əsasən qəbul edirlər. Araşdırmalara görə, ən yaxşı təhsil sistemi olan ölkələrin reytinqində 14-cü yerdə qərarlaşan Amerikada buraxılış imtahanları məzunlar üçün çox sadədir. Tədqiqatlar göstərib ki, buradakı 12-ci sinif şagirdlərinin riyaziyyat üzrə buraxılış imtahanları mürəkkəbliyinə görə Avropanın 7 və 8-ci sinifləri üçün keçirilən imtahanlara  bərabərdir.

Amerika universitetlərində 4 illik universitet səviyyəsində təhsil almaq üçün SAT I və SAT II (Scholastic Aptitute Test) imtahanları keçirilir. SAT I ümumi qabiliyyət və bilik səviyyəsini dəyərləndirən vahid dövlət imtahanına yaxın bir testdir. Universitetlərin əksəriyyəti şagirdlərdən SAT I nəticəsini istəyir. SAT-da ən aşağı bal 200, ən yüksək bal isə 800-dür. Universitetə daxil olmaq üçün zəruri bal qurumdan-quruma və fakültədən-fakültəyə fərqlidir. SAT II imtahanı sahə testidir. Universitetlərin çoxu bu imtahanlarda müəyyən sahələrdən bal tələb edirlər. Bu testlər namizədlər üçün ildə yeddi dəfə keçirilir. Tələbə istədiyi qədər testə girməkdə sərbəstdir. Şagirdin arzuolunmayan balları da universitetə bildirilir.

SAT hesabı və attestatda yer alan balın universitetə girişdəki təsiri 50-66% arasındadır və universitetdən-universitetə dəyişir. Amerikadakı dörd minə yaxın universitetin təxminən 90%-i tələbə seçimində SAT səviyyəsini nəzərə alır. Orta məktəb qiymətləri, standart qabiliyyət testlərində müvəffəqiyyət, məktəb və sinif dərəcəsi, tədris planından xaric fəaliyyətlər, hazırladığı niyyət məktubu, arayışlar (referans) və müsahibə şagirdin universitetə yerləşməsi üçün istənilən şərtlərdir.

Britaniyada buraxılış imtahanları əsasdır. İş təcrübəsi, niyyət məktubu, arayışlar və müsahibənin də qəbula təsirli olur. İngiltərədə universitet təhsili etalondur. Burada bakalavr proqramına qəbul ciddi şəkildə mərkəzləşdirilib. Hər bir abituriyentin bir ərizədə öyrənmək istədiyi beş kursu göstərmək hüququ var. Avqust ayında birinci kursa qəbulun yekun təsdiqi gəlir. Britaniya universitetlərinə birinci kursa qəbul üçün əsas orta təhsil haqqında A-level (Advanced level General Certificate of Education) və ya International Baccalaureate (IB) beynəlxalq sertifikatıdır. Universitetə getmək istəyən bitirdiyi məktəbdə A-level ala bilmək üçün daha iki il təhsilə davam edir. Xarici abituriyentlər də özəl məktəb-pansionda Britaniya məktəblərinin 12 və 13-cü siniflərinə müvafiq olan Sixth Form proqramında oxumaqla A-level əldə edə bilərlər. Abituriyent universitetə girmək üçün 3-4 fənnən A-level(attestat) almalıdır. İxtisas fənləri üzrə buraxılış imtahanlarında əldə edilən ballar universitetin müvafiq fakültəsinə qəbul üçün də əsas olacaq.

Almaniyada ölkəmizdəki attestata bərabər tutulan "Matura" və ya "Abitur" sertifikatına sahib şagird universitetə daxil olma haqqı əldə edir. Bu test bütün detalları özündə birləşdirən yazılı-şifahi açıq suallardan ibarətdir. Universitet və müəyyən fakültələrə tələb çox olmasa da, bir rəqabət mühiti var. Ən çox seçilən fakültələrə qeydiyyata düşməkdən ötrü orta məktəbi müvəffəqiyyətlə bitirmək vacibdir. Qəbul üçün şagirdlər birbaşa universitetə müraciət edirlər. Abituriyent çox olarsa, plan yerləri məhdudlaşdırılır. Bu zaman "Matura" buraxılış sertifikatı və məktəbdəki uğur kimi xüsusiyyətlər ön plana çıxır. Almaniya kimi Hollandiyada da buraxılış imtahanı əsas götürülür.

Avstraliyada buraxılış imtahanlarının nəticələri və məktəbdə alınan qiymətlər həlledicidir.           Müvəffəqiyyətsiz şagirdlər, müsahibə və qabiliyyət testi ilə qiymətləndirilir. Universitetə qəbul şərtləri həmin təhsil ocaqlarının özləri tərəfindən müəyyən edilir.

İspaniyada attestat alan məzunlar universitetə getmək istəsələr, iki mərhələli imtahandan keçməlidirlər. Hər iki imtahanın nəticəsinə görə abituriyent qiymətləndirilir. Qiymətləndirmədə mərkəzləşdirilmiş imtahanlar və attestat qiymətləri yarı-yarıya nəzərə alınır. Bir abituriyentin maksimum üç dəfə imtahanda iştirak haqqı var. Qəbul şərtləri ali məktəb tərəfindən müəyyənləşdirilir.

İtaliyada "Maturita" adlı buraxılış imtahanını uğurla verənlər universitetə qeydiyyat hüququ əldə edir. Qəbul şərtləri universitet tərəfindən müəyyənləşdirilir. Müraciətlər birbaşa universitetə edilir. Ali təhsil müəssisələri keçirəcəkləri imtahanı təyin edir və müsahibələri də özləri aparırlar.

Kanadada hər hansı bir imtahan yoxdur, abituriyentlər orta  məktəbdəki qiymətlərinə görə yerləşdirilir. Universitetlər üçün ən vacibi tələbəsinin orta məktəbdəki nailiyyətləri və bu proqrama müraciət səbəbləridir. Dəyərləndirmələrdə attestat qiymətlərilə bərabər şagirdin proqrama marağı da nəzərə alınır.

İsraildə ali məktəblərə qəbul prosesi maraqlıdır. Buraxılış və qabiliyyət imtahanı əsasdır. Universitetlərə qəbul üçün tələbələr psixometrik testdən keçməlidirlər. Bu  imtahan üç əsas istiqamət üzrə testlər toplusudur: ingilis dili, riyazi bacarıqlar və verbal (şifahi) təfəkkür. Müxtəlif tələbələrə imtahan müxtəlif dillərdə aparılır: ispanca (ildə bir dəfə), fransızca (ildə bir dəfə), ərəbcə (ildə dörd dəfə), rusca (ildə iki dəfə), ibranicə - yəni yəhudi dilində (ildə 5 dəfə).

Dünya ölkələrinin hər birində buraxılış imtahanları üçün xüsusi qaydalar var. Onların əksəriyyətində ali məktəbə qəbul üçün attestat balları əsas götürülür. Avstriya, Fransada buraxılış imtahanları əsasdır. Yeniyetmələr üçün iş bilgiləri çərçivəsində qiymətləndirilən bir imtahan da var. İsveçdə attestat qiymətləri və qabiliyyət imtahanı ön plandadır. Türkiyədə mərkəzi  imtahanla bərabər, orta məktəb nəticələrinin də qəbula təsiri az deyil. Qəbula mərkəzi imtahan 85%, orta məktəb qiymətləri isə  15%  təsir göstərir. Çex respublikası, Albaniya, Polşa, İsveçrə, Makedoniya, Malta kimi ölkələrdə universitetə qəbul üçün buraxılış imtahanları keçirilir. Taylandda iki imtahan var: mərkəzləşdirilmiş imtahan və buraxılış imtahanı. İsveçrə, İslandiya, Filippin və Kiprdə hər məktəbin öz imtahanları var. Skandinaviya ölkələri və Avstriyada həm şifahi, həm də yazılı imtahan tələb olunur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları