Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-27 12:22:00
“Elə Müəllimlər otağındaca sinif jurnalını atıb, cəbhəyə getdim” – Zəngilanlı pedaqoq

 

 

 

“Zəngilandan elm adamlıları, ziyalılar ümumiyyətlə çox olub”

 

 

Bu sözləri AzEdu.az-a müsahibəsində Zəngilandan olan  müəllim Ənvər Məmmədov deyib.

 

 

Uzun illər Zəngilanda riyaziyyat müəllimi işləyən  Ə.Məmmədov ilk olaraq doğma məktəbləri  yurd-yuvasından danışır:

 

 

“1977-1991-ci ilə qədər Zəngilanda riyaziyyat müəllimi işləmişəm.  Zəngilanda səhv etmirəmsə, 33 məktəb var idi və hər birinin tarixində uğurlar çox idi. Zəngilandan elm adamları, ziyalılar ümumiyyətlə, çox olub.

 

 

Biz daim, kəndlərarası yaxşı idman yarışları, konsertlər, bayram şənlikləri keçirirdik.  Bilik yarışlarında məktəblərimiz həmişə yüksək nəticə göstərirdi.

 

Zəngilanın təbiəti də bir başqa gözəl idi. Dünyanın heç yerində olmayan çinar meşələri vardı. Rayondan 5 çay keçirdi”.

 

“Qələmi, sinif jurnalını avtomatla əvəzlədim”

 

“İlk  ziddiyyətlər Qərbi Azərbaycandan deportasiyalar zamanı baş vermişdi. 1980-ci illərdə köçürülən əhali əsasən, Zəngilan və qonşu rayonlarda yerləşdirilirdi. Bu vaxt hər kəs əlindən gələn köməyi göstərirdi. Öz həyət sahəsindən yer verənlər də var idi.  Köçürülmə başa çatdıqdan sonra, 1991-ci ildən ermənilər artıq yerli əhalini atəşə tutmağa başladılar. Yaşayış yerləri ilə yanaşı məktəbləri hədəf alırdılar. Atəş səslərindən dəfələrlə dərslərimiz yarım qalırdı”.

 

Könüllü olaraq ordu sıralarına qoşulan Ənvər müəllim, Zəngilandakı son dərs gününü, gördüyü çətinlikləri ürək ağrısı ilə qeyd edirdi:

 

“Doğma məktəbimizdə sonuncu dəfə dərsdən çıxanda müəllimlər otağında bir neçə nəfərin müharibə, cəbhədən danışdığını eşitdim. 1990-cı ildə Qanlı Yanvar hadisəsindən sarsılan xalqda müharibə qorxusu var idi. Elə o an əlimdəki sinif jurnalını ataraq müharibənin burda yox,  səngərdə olduğunu dedim. Daha sonra hərbi komissarlığa gedib qeydiyyatdan keçdim.  O vaxtdan atəşkəsə qədər qələmi jurnalı avtomatla əvəzlədim. Bu işdə mən tək deyildim. Xeyli müəllim yoldaşım da qeydiyyatdan keçdi.  Bir tabor yaratdıq və döyüşlərə qoşulduq.

 

Ermənilərlə sərhədimiz təxminən 157 kilometr idi.  Lakin Qubadlı işğal edildikdən sonra bu sərhəd  200 kilometri keçdi. Bizim yaratdığımız taborla bu əraziyə nəzarət az qala mümkünsüz məsələ idi. Düşmənimiz məkrli, arxalı düşmən idi. Necə deyərlər arxalı köpək qurd basar. Qubadlının işğalından sonra 57 gün mühasirədə qaldıq.  Bu müddət ərzində bütün yemək və silahımız tükənmişdi. Ermənilər Zəngilanda növbəti Xocalı faciəsini yaşatmaq istəyirdilər.  Heydər Əliyevin səyləri nəticəsindən biz çətinliklə mühasirədən çıxa bildik. Araz çayının suyu quruduldu, bundan sonra əhali çayı keçərək qurtulsaq da xeyli insan suda boğularaq həlak oldu. 

 

 

Bütün bu çətinliyə baxmayaraq, xalqda vətənə sevgi birlik hisləri yüksək səviyyədə idi. Hamı biri-birinə kömək edirdi. Döyüşlər zamanı şagirdlərimiz bizə növbə ilə yemək, daşıyırdılar.

 

 

Döyüşdən qayıtdıqdan sonra 1997-ci ildən Zəngilan rayonu  36 saylı məktəbdə hərbi hazırlıq müəllimi,  2005-ci ildən isə həmin məktəbin direktoru olaraq çalışıram”.