Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-26 17:27:00
Şeyx Babı Yaqub türbəsi - ölkə əhəmiyyətli tarixi memarlıq abidəmiz

Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Təəssüflər olsun ki, rayon ərazisindəki bu abidələr erməni işğalçıları tərəfindən dağıdılıb və məhv edilib. Bu abidələrdən biri rayonun işğaldan azad olunmuş hissəsində yerləşən səkkizguşəli Şeyx Babı Yaqub türbəsidir. 

 

AzEdu.az  türbə ilə bağlı məlumatları təqdim edir.

 

Şeyx Babı Yaqubun dəfn olunduğu bu türbə 1273–1274-cü illərdə memar Əli Məcidəddin tərəfindən tikilib. Türbə ağ daşdan hörülüb və üstü səkkizgüşəli çatma günbəzlə örtülüb. Xalq arasında “Şıxbaba türbəsi” adı ilə tanınan bu abidə Füzuli rayonunun Babı kəndinin yaxınlığında salınmış qəbiristanlıqda yerləşir. Rəvayətə görə, şeyxin cənazəsi daş qutuda, türbənin cənub pəncərəsi önündə dəfn olunub. Məqbərədəki kitabənin oxunuşuna nail olan ilk rus alimi Nikolay Xanikov (1822-1878) deyib ki, Şeyx Babı Yaqub türbəsi 1271–1272-ci illərdə Məşədi Babı Yaqub ibn Saadın əmri ilə tikilib. Kitabədəki yazılar ərəb dilində olduğundan tərcümə edilib. Məşədixanım Nemətin tərcüməsindən müəyyən olunub ki, bu müqəddəs türbənin Zahid, Kamil Şeyx Babı Yaqub ibn Ismayıl Qur Xər üçün tikilməsinə Hicri təqvimi ilə 672-ci ildə (Miladi 1273–1274-cü illər) əmr verilib. Məzarın sinə daşı üzərindəki yazılar tərcümə edilib. Orada yazılıb ki, “Bu müqəddəs türbə Zahid, Kamil Şeyx Babı Yaqub ibn İsmayıl Qur Xər üçün tikilib”. Məzarın sinə daşında Şeyx Babı Yaqubun İsmayıl Qur Xər oğlu kimi göstərilməsi onun İsmaililər hərəkatı ilə bağlı olmasını bildirir. Türbə ilə bağlı digər araşdırmalarda da faktların üst-üstə düşdüyü məlum olur. Qədim dövrlərdə müxtəlif ölkələrdən xanəgahı ziyarətə gələrmişlər. Bu da onu sübut edir ki, xanəgahda dəfn olunan Məşədi Babı ibn Yaqub müqəddəs insan olub. Kitabədə yazılanlar göstərir ki, xanəgahı XIX əsrin əvvəllərində Kərbəlayı Nasir təmir etdirib. Təbii ki, bu işdə ona kömək edənlər də olub. İbrahim Mehdiyev, Qürbətəli Niftəliyev, Əziz İsmayılov, Niyaz Quliyev, Hacı Oruc, Hacı Məmməd, Məşədi Səməd, Məşədi Eyvaz və başqaları köməklərini əsirgəməyiblər.

 

Hazırda xanəgahın yeraltı yolları, həmçinin həmin minarələrdən biri ciddi zədələnmiş halda qalmaqdadır. Minarələrə bitişik halda tikilmiş məscidin divarlarının qalınlığı heyrətləndiricidir. Xanəgahda müxtəlif təyinatlı hücrələrin olması məqbərənin həm də yadelli düşmənlərə qarşı mübarizədə qala kimi istifadə olunduğunu sübut edir. Hücrənin əlvan çalarlı daşlarla örtülmüş otaqları göstərir ki, vaxtilə burada yaşayan insanlar yüksək sənətkarlıq qabiliyyətinə malik olublar. Orta əsrlərdə feodal müharibələri, İran-Rusiya müharibəsi zamanı dağıntıya məruz qalan abidələrdən biri də yenə bu səkkizguşəli türbə olub. İndi bu unikal memarlıq abidəsindən ancaq türbə və minarə qalıb.

 

Babının qədim kəhrizləri, tarixi abidələri göstərir ki, hələ lap qədim zamanlardan burada bizim əcdadlarımız yaşayıblar. Mənbələr göstərir ki, Şeyx Babı Yaqubun çoxlu sayda müridləri olub. Onlar Qarabağda, Azərbaycanın digər bölgələrində fəaliyyət göstəriblər. Hətta Şeyx Babı Yaqub öləndən sonra belə, onlar bu ərazilərdə fəaliyyətlərini davam etdiriblər. Bu fikri Azərbaycanın bir çox bölgələrində aparılan arxeoloji və tarixi araşdırmalar zamanı bu tipli qəbirüstü abidələrdə aşkar edilən yazılar da təsdiq edib. Belə güman edilib ki, Şeyx Babı Yaqub orta əsrlərdə Qarabağda çox nüfuzlu və hörmətli sufi şeyxi olub.

 

Şeyx Babı türbəsi 2020-ci il sentyabrın 29-da Qarabağda baş verən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində ciddi şəkildə zədələnib. Bu türbə ölkə əhəmiyyətli tarixi memarlıq abidələrimizdən biridir. Onun bərpası və ətraflı tədqiqi tarix elmimizə mühüm töhfə ola bilər.(Azərtac)