Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-04 13:10:00
Cəbhə xəttinə ən yaxın məktəbdə işləyən gənc xanım – “Həm güllə səsindən, həm də düşməndən niyə qorxmalıyam ki?!”

Qapanlı kənd orta məktəbi təmas xəttinə ən yaxın mövqedə yerləşən məktəbimizdir.

Məktəb müəyyən səbəblərdən  Tərtər rayonunun  Qaradağlı kəndində yerləşir. Bu orta təhsil müəssisəsi erməni mövqeləri istiqamətindəki sonuncu məktəbdir. Məktəbin pəncərələrindən düşmənin nəzarət altında saxladığı  əraziləri aydın şəkildə müşahidə etmək mümkündür.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə AzEdu.az-ın kollektivi sözügedən məktəbdə olub.

Müəllimlərin  İşə Qəbulu İmtahanlarında 46 bal toplayan Nigar Məmmədova həmin məktəbi  vakant yer kimi ilk sırada seçərək, burada ingilis dili müəllimi olaraq çalışır.

Azərbaycanda  təmas xəttinə ən yaxın məktəb...

Nigar Məmmədova məktəb haqqındakı  ilk təəssüratlarından danışır:

-Bu məktəbə ilk dəfə gələndə içimdə qorxu hissi var idi. Şəhərdə yaşadığım üçün kənd mühitinə uyğunlaşa bilməyəcəyimi düşünürdüm. Amma kənddə isti münasibəti görəndən sonra bütün qorxularım yox oldu. Uşaqların dərsə olan marağı, sevgisi məni Qapanlıya bağladı. Bu məktəb şəhərdə və rayonun mərkəzində yerləşən orta təhsil müəssisələrindən ən son texnoloji avadanlıqlarla təchiz olunmasına görə seçilir. Bu, çox sevindirici haldır. Ancaq bəzən müəyyən çətinliklərimiz də olur.

Qapanlı məktəbində müəllim-şagird dialoqu..

Dərs keçməyə yeni başlayan müəllim Ömər adlı şagirdə dərsə hazır gəlməyi tapşırır:

-Ömər gələn dəfə mütləq dərsə hazır gəl!

-Müəllimə, buna söz verə bilmərəm.

-Niyə?

- Birdən atışma oldu və qaçdıq?

-Ömər, sən igid əsgər olacaqsan, əsgər qaçmaz!

 

Uşaqlar əhval-ruhiyyəli, şəndirlər. Təhsilə maraqları çox böyükdür. Dərsin əvvəlində gələn dərs üçün material verirəm, dərsin sonunda artıq növbəti dərsə hazır olurlar.

Heç bir qorxu hissi keçirməməyimizin səbəbi əsgərlərimizə güvənimizdir. Qapanlı məktəbinə gələndən heç bir mənfi halla qarşılaşmamışam. Dərsimizin biri belə boş keçmir. Universitetə daxil olan şagirdlərin göstərdikləri nəticələr yüksəkdir. Belə məktəbdə çalışdığıma görə qürur hissi keçirirəm. Ümid edirəm ki, uzun illər burada işləyəcəyəm.

Bütün müəllimlərə karyera qurmağa məhz bu kəndlərdən başlamağı arzu edirəm. Çünki cəbhəyanı bölgələrdə təhsilə fikirləşdiyimizdən də çox önəm verilir. Şagirdlərə dərs keçəndə heç bir çətinliklə üzləşmədim. Onların qavrama qabiliyyətləri çox yaxşıdır.

Ailəmdən uzaqda qalıram. Məncə, bu bir əngəl deyil. Kim öz sənətini sevirsə, o bütün çətinliklərə tab gətirə bilər. Dərsim olmayan günlər  Bakıya gedib-gəlirəm. Sırf içimdən gəldiyinə görə heç bir maddiyyat güdmədən bu məktəbdə işləyirəm. Bakıdan Tərtərə gedib gəlməyin çətinliyi yəqin ki, hər kəsə bəllidir.

Qeyd: Bakını Tərtərdən 312 km məsafə ayırır.

“Qoy, onlar bizdən qorxsunlar!”

Gənc müəllimin sözlərinə görə, ailəsi cəbhə bölgəsində çalışacağını öyrəndiyində heç bir mənfi reaksiya verməyib:

Cəbhə bölgəsində çalışacağımı öyrənəndə ailəm heç bir mənfi reaksiya vermədi. Əksinə həyat yoldaşım özü mənə dəstək oldu. Məncə, savadlı insanlar bir-birlərini yaxşı başa düşürlər. Mən müəlliməmsə, işləməliyəm. Məktəbin mərkəzdə və ya cəbhə bölgəsində yerləşməsinin heç bir əhəmiyyəti yoxdur. Buradakı uşaqların da təhsil almağa hüquqları var. Əsl müəllim fəaliyyətə belə məktəbdən başlamalıdır. Nə zamansa başqa məktəbdə çalışsam, qürurla deyəcəm ki, mən uzun illər təmas xəttinə ən yaxın məsafədə yerləşən Qapanlı kənd orta məktəbində işləmişəm!

Bura başqa kəndlərdən sakitlik baxımından o qədər də fərqlənmir. Tərtərdə çalışan müəllimlərin heç biri qorxmurlar. Nəyə görə qorxmalıyıq?!  Qoy, onlar bizdən qorxsunlar! Bakıda necə rahat idimsə, burda da eləyəm. Atışma səsləri altında dərs keçməmişik. Çünki düşmən təxribat törətmək istəyəndə əsgərlərimiz onların cavablarını layiqincə veriblər. Eşitdiyimiz atışma səsləri uşaqları qorxuya salacaq dərəcədə güclü olmayıb.

Qanlı yaddaş:  Azərbaycan torpaqlarının 20 faizi, o cümlədən Dağlıq Qarabağ, ona bitişik olan 7 rayon – Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan və Ermənistanla həmsərhəd bir sıra yaşayış məntəqələri – Naxçıvan Muxtar Respublikasının 1 (Kərki), Tərtər rayonunun 13 (Çardaxlı, Umudlu, Ortakənd, Talış, Həsənqaya, Şıxarx, Çanyataq, Çaylı, Ağdərə, Kiçikqarabəy, Qızıloba, Ağabəyyalı, Uluqarabəy) və Qazax rayonunun 7 (Yuxarı Əskipara, Aşağıəskipara, Baqanis Ayrum, Xeyrimli, Barxudarlı, Soflu, Qızılhacılı kəndləri) kəndi artıq 26 ildir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

 

Qeyd: Müsahibə 08.10.2018 tarixində alınıb. Məktəblilərdə vətənpərvərlik duyğularına müsbət təsir məqsədilə yenidən paylaşılır