Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-26 11:33:00
Türkün dünyanı dərki muzeyi sirləri AÇIR

Aida Eyvazlı GÖYTÜRK

Şəkiyə sonuncu dəfə nə vaxt getmisiniz? Heş diqqətlə qədimliyi, tarixi özündə gizlədən, qoruyan küçələrini, dar dalanlarını diqqətlə izlədinizmi? Heç o  dalanlardan keçəndə yollarla, divarlarla , daşlarla söhbət etdinizmi?  Əgər  dayanıb  sidq ürəkdən  söhbət etsəniz o zaman o daşlar danışacaq Sizinlə. Sorağını elə şəkililərdən aldığım Nəsib Mustafayevi axtarmağa getmişdim. Deyirdilər ki, tarixin altını üstünə çevirib,  təpə bildiyimiz kurqanları qazıb altından tariximizi—Ulu türk tariximiz tapıb. İzinə düşüb  Oğuzun Kərimli kəndinə getmişdim 2017-ci ilin iyun ayında.   Günəşin şəfəqləri altında yanıb saralmış  ot, taxıl biçənəklərini keçib, üstü günbəzli bir  yerdə dayandıq.  Gözümümz uzanan uzaqlarda  dağlar baş-başa vermişdi. Gümbəzin açıq qapısından “orda kim var?” deyib içəri keçdim.  Heyrət məni bürüdü.  Üstündən bom-boz görünən bu daş döşündəki gümbəzli oyuğun içərisindən  aşağıya gedən pilləkən adamı  elə özü  aparırdı. Sağım-solum  qara sellafon  bağlamalarla dolu idi.  Ancaq lap dərinliyə gedəndən sonra  yaşı 60-ı çoxdan keçmiş hündürboylu bir kişinin dayanıb əlindəki saxsı qablara diqqət kjəsildiyini gördüm.  Yanındakı qadın gəlib bizə yaxınlaşıb dedi ki, Nəsib müəllimdir, qulaqları eşitmir. Düzgün aparılmayan müalicə onun eşitmə qabiliyyətini itirmişdi...

    

...Saki, Nuxa, Şəki, Oğuz ...   -- bu adlar əslində qədim bir türk mədəniyyətini özündə gizlədən yerlərin adlarıdır. Bir tərəfi sıx meşəli dağlar, bir tərəfi yamaclar, bur tərəfi çaylar, dərələr, təpələr... təbiətin bütün gözəlliklırini özündə yaşadan bir areal, qədim yaşayış məskəni. Əsrlərdən bəri Yerin altında var olan, Yerin üstündəki insanların xəbərsiz olduğu bu kurqanları Azərbaycanın Şəki şəhərində yaşayan 70 yaşlı Nəsib Muxtarov axtarıb tapıb, və bununla da görənləri heyrətə gətirməklə yanaşı, həm də bizim tariximizin, türkçülüyümüzün, dövlətçiliyimizin nə qədər qədim olduğunu insanalra, inanmaq istəməyənlərə bir  daha sübut edib.


Bizi heyrətləndirən bu  kurqan-məzarın içərisindəki insan sümükləri, qəbirlər, məişət alətləri, nizə, at başı... haqqında məlumat almaq üçün suallarımızı ona yazılı surətdə verdik. Çünki tarixçi Nəsib Muxtarov artıq 10 ilə yaxındır ki, eşitmək qabiliyyətini itirib.


Muzeyin yaradıcısı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Nəsib Muxtarov “Əbədi sükut dünyası” adlanan yeraltı muzey barədə məlumat verir: "Bu yeraltı muzey 1984-cü ildə tütün sarayının tikintisi zamanı aşkar edilib və 90-cı illərdən başlayaraq burada elmi-tədbiqi və yerli sakinlərin sui-istifadəsinin qarşısını almaq üçün tədbirlər keçirilir. “Əbədi sükut dünyası” Yeraltı muzeyi 2006-cı ildə yaradılıb. Burada 11 ekspozisiyada 14 qəbir abidəsi var. Azərbaycan xalqının, Qafqaz Albaniyasının həm son tunc, həm də dəmir dövrünün maddi mədəniyyəti, dəfn adətləri, bəzi etnoqrafik materiallar və dini inanclar bu qəbirlərdə əksini tapıb".


Alimin fikrincə, yeraltı muzeydəki labirintlər nə Misirdə, nə Skandinaviyada, nə də Avropa ölkələrində qeydə alınıb. Burada aşkar edilmiş insan və at skeletləri, qab-qacaq və alətlər əcdadlarımızın qədim dəfn, yaşayış, inanc və digər adət-ənənələrini, məişətini aydın şəkildə əks etdirir. 4 hektar ərazini əhatə edən bu ərazinin Qafqaz Albaniyasının bir vilayəti olduğu ehtimal edilir.  Tarixçi arxeoloq alim deyir ki: “İçərisində dayandığımız kurqanı tapandan sonra, buranın tunc dövrünə aid olduğunu bildim və belə bir mədəniyyətin bütün dünyaya çatdırılması üçün kurqandan çıxan torpaqları yığıb,  kərpic yoğurub, bişirtdirdim. Və  eramızdan əvvəl II minilliyin ortalarına aid olan bu kurqan haqqında bilgilər topladım. Məlum oldu ki, Kurqan eramızdan əvvəl II minilliyin ortalarına, tunc dövrünə  aiddir. Ümumiyyətlə kurqanlar, məqbərələr bütün dövrlərdə varlı, mənsəb sahibi olan insanlara, hökmdarlara, xaqanlara məxsus olub. Onları belə dəfn ediblər.


Onun fikrincə “Əbədi sükut dünyası”  adlandırdığı kurqan  iki qatlıdır. Belə ki, burada ilk dədə  bir hökmüdar basdırılıb. Bir neçə əsr keçəndən sonra, həmin kurqanın üstündə yenə də digər  bir kurqan tikərək, digər hökmüdarı dəfn ediblər.


Kurqan  bir neçə dəfə talanıb. Çünki qazıntılar zamanı  dəmir bir nizə tapılıb. Belə ehtimal olunur ki, tunc dövrünə aid olan bir yerdə birdən- birə dəmir nizənin tapılması ondan xəbər verir ki, Kurqanı bir neçə əsr sonra talayan adamlar,  buranı qazarkən  aləti unudub gediblər.  Lap alt qatdakı olan Kurqanda bir neçə il bundan əvvəl  insan sümüklərinin yanında  qızıldan yapılmış 59 qramlıq, 99 əyyarlı öküz başı tapılıb.

N.M: --Bir neçə dəfə talanmış bu kurqanda insana aid olan sümüklər qeyri anatomik formada səpələnmişdi.  Öküz başı tapılan alt kurqan eramızdan əvvəl II minilliyə aiddir. Və elə həmin minillikdə də ilk dəfə talanıb.  Tünc dörünə aid Kurqanın üst qatından  çıxan dəmir nizə isə sonrakı erkən dəmir dövrünə aiddir. Ən yaxşı halda demək olar ki, 9-cu əsrdə talanıb.   Qızıldan öküz başı olan yerdə həm də qızıl qolbağın bir hissəsini, qızıl üzük və sırğalar da var idi.  Bu tapıntıların hər biri öz dövrləri haqqında bizə yazılan məktublardır, desək yanılmarıq. Tapdığımız öküz başı fiquru vaxtı ilə  Şumerdən də, Misirdən də tapılıb. Bu dünyada tapılan 5 və ya 6-cı öküz başı fiqurudur. Bizim tapdığımız öküz başları Şumer və Misirdən tapılan öküz başlarından fərqlənir. Həm də bu  öküz başı özlüyündə çox orijinaldır. Və bu tapıntı böyük və qədim bir tarixin açarını verdi alimlərə.  Həmin qiymətli  tapıntıları Azərbaycanın Elmlər Akademiyasının Tarix və  Arxeologiya İnstitutuna verdim.


Nəsib Muxtarovun arayıb-axtarıb, yenidən tikib muzey halına gətirdiyi bu kurqanda bərpa olunacağını gözləyib bizə qədim türk tariximizdən, dövlətçiliyimizin tarixindən, mədəniyyətimizdən xəbər verə biləcək  gildən, palçıqdan hazrlanmış onlarla saxsı və şüşə , dəmir məişət əşyaları bərpa olunacağı günü  gözləyirlər. Adətən belə kurqanlar dövrün mənsəb sahiblərinə aid olurdu, və onların uyuduqları yerdə  sağlıqlarında işlətdikləri əmək alətləri, məişət alətləri, qab-qacaqları, bəzək düzəkləri ilə yanaşı, o biri dünyada yeyib –içəcəkləri azuqələri, nemətləri , onların sevdikləri atları və itlərini də də özləri ilə birlikdə dəfn edirdilər. Həmin qabların, alətlərin  üzərindəki işləmələr isə  təkcə naxış deyil, “Onlar həm də danışan petroqlif yazılarıdır, rəmzləridir”- deyir, arxeoloq.--  Bunların hər biri İslamaqədərki abidələrdir. Bu abidələrin bir xüsusiyyəti də var ki, onların əksəriyyətinin həndəsi düzülüşü aypara şəklindədir. Biz onları tapdığımız  yerlərində olduqları kimi saxlamışıq, buradakı heç nəyin düzənini pozmamışıq. Bu kurqanların tarixi sivilizasiyalarda öz yerini və xalqımızla bağlılığını bugünkü varlıqları ilə əyani şəkildə göstərirlər.  Belə bir kurqanın tapılması  II minilliyin ortalarında Azərbaycanda  çox güclü bir dövlətin olmasından xəbər verir.  O dövrdə dövlət birləşməsi və təşəkkülü o səviyyəyə çatıb ki, hakimiyyətdə təmsil olunan sülalər üçün  hətta kurqan da düzəldiblər. 

Təkcə “Əbədi Sükut dünyası” kurqanında Yaxın Şərq, Misir, Şumer, Orta Asiya, Ceyhun , Altay, Hindistan mədəniyyətinin hamısının izləri vardır. Burada tapılan əşyalar onu deməyə əsas verir ki, həmin dövrün də öz texnologiyasına və sivilizasiyasına görə bir tərəfdən Sarı dəniz, bir tərəfdən Atlantik okeanı bir-biri ilə həmişə təmasda olub. Azərbaycanın Şəki adlandırdığımız bu ərazisi   Şimaldan Cənuba, Cənubdan Şimala körpü rolunu  oynayıb. Gəlib gedən sivilizasiyaları həm qəbul edib mənimsəmişik, həm də  ötürmüşük. Ölkəmizdə hələ sirləri açılmayan belə kurqanların hamısı onu deməyə əsas verir ki, biz yaranan bütün sivilizasiyalarda iştirak etmişik. Əcadadlarımızın yaradıcı olması da bu maddi mədəniyyət abidələrinin  yaranıb- yaşamasına səbəb olub. Buna görə də, biz əlimizi ürəyimizin üstünə qoyub, deyə bilərik ki, bu türkün, Azərbaycan türkünün, Orta Asiya türkünün,  konkret olaraq  Şumer və Mesopatamiya ərazisində yerləşən türklərin mədəniyyətidir, Misir mədəniyyətidir. Azərbaycan abidələrinin ən maraqlı cəhəti odur ki, bütün qədim sivilizasiyaları özündə  əhatə edir.  Kurqanlardan tapılan quş və ilan fiqurları   totemlərdir, bunlar rəmzlərdir, bu rəmzlər həmin dövrün inanclarını, tamğalarını, mənsubiyyətini və hakimiyyətlərinin simgələrini göstərir.

 

Kurqanda diqqətimizi cəlb edən ən maraqlı eksponat isə, bu gün dünyada ən çox geyilən və istifadə olunan “adidas” ayaq  geyiminin üzərindəki naxışa bənzər işləmələri olan saxsıdan düzəldilmiş ayaqqabı  fiquru oldu. Tarixçi alim Nəsib Muxtarov  deyir ki,  dünyanın bir çox yerlərində müxtəlif tarixi dövrlərə aid ayaqqabı modelləri tapılıb. Kurqanlarda tapılan ayaqqabılar daha çox dini əhəmiyyət daşıyırdılar. Bu kurqanda tapılan ayaqqabı modelinin yaşı isə 3500 ildir.  Bəlkə də yarandığı dövrdə başqa bir funksiyası da olub.  Ya da ki, ancaq dini ritual mərasimlərdə işlədilib. Ancaq belə bir ayaqqabı modelinin tapılması ondan xəbər verir ki, həmin dövrün adamları da nəfis işlənmiş, yüksək sənətkarlıqla hazırlanmış ayaq geyimlərindən istifadə ediblər.  İslama qədərki insanlarımız oda və Tanrıya sitayiş ediblər. Bəlkə də  adidas ayaqqabısına bənzəyən bu fiqur müqəddəs odu saxlamaq məqsədi ilə  çıraq kimi istifadə edilib. İstər bizim arealda, İstər Orta Asiya, istərsə də Aralıq dənizi hövzəsində tapılan eyni dövrü əhatə edən  abidələr əslində eyni dini mahiyyət daşıyır.


Nəsib Muxtarov eyni zamanda kurqanlardan tapılan quş fiqurları haqqında da maraqlı mülahizələr irəli sürür:
 

--Bizim tapıb bərpa etdiyimiz  qabların üzərində quş fiqurlarını qoymaq üçün hissələr,yerlər vardır. Bizim Qazı düzündə, Oğuzdakı Kərimli düzündə və Şəkidəki Qazı düzündəki yerlərdə araşdırdığımız kurqanlarda çoxlu quş fiqurları da tapmışıq. Ola bilsin ki, belə quş fiqurları həm də hər hansı tayfaların, padşahların dövlətlərinin rəmzi idi. Bir də ki, bizim arealın insanları hər zaman ilana hörmətlə yanaşıblar. Qədimdə hər evin bir ilanı olardı. O ilanlar insanların həyətinə gələndə ev yiyəsi onun üçün bir qabda su və ya süd qoyardı. Əgər bir ilan evi tərk edərdisə, deyərdilər ki, həmin evin bərəkəti getdi.  Bir də ki, bu ilan fiqurları  qədim türk torpaqlarında Mar tayfalarının yaşamasına da bir işarə ola bilər.

 

Tarix boyunca, kurqanlar ancaq türk xalqlarına aid olub.  Müasir alimlərin kurqanların türk xalqlarına aid olub-olmamasını sualları isə əslində  bu alimlərin qısqancılığının rəmzi ola bilərmi?, sualımızı, Nəsib müəllim belə cavablandırdı:  


“Əgər  avropalı, rusiyalı alimlər tapdıqları mənbələri olduğu kimi yazıb göstərsələr, türkün çox qədim sivilizasiyalardan bəri mövcud olmasının sirri açılar. Zaman-zaman yadellilər türkün gücündən qorxaraq, onun abidələrini və tarixlərini məhv ediblər. İmperiyalar tariximizi istədikləri kimi yozublar, yazmağa qoymayıblar.  Lakin Tanrı türkü hökmran, hakim olmaq üçün yaratdığından, türkün özündən qalan abidələr min illər keçsə də onun tarixini, izini itməyə qoymayır. Mən türkəm, bu torpağın sahibiyəm, nə üçün mən bunu sübut etməliyəm ki?!  Mənim köklərim dərinə gedir. Şumerlərdən üzü bəri götürsək, hətta prototürklərin özü də türklərdir. Azərbaycan türkün yox, bütün türk dünyasının Vətənidir. Və mənim tapıb araşdırdığım bu kurqanlar da dediyimin əsil sübutudur.  Mən belə hesab edirəm ki,  türklər dünyaya buradan yayılıblar. Əgər kökümüz Şumerlərdən əvvələ gedib çıxırsa, o zaman kim deyə bilər ki, Şimali Ubeyid, yəni indiki Mesopatamiya ərazinidən IV əsrdə  köçüb gəlmişik? Mən isə deyirəm ki, həmin ərazilərə buradan getmişik.  Sadəcə dünya bunu görmək istəmir. Bizim mədəniyyətlərimiz ən oturuşmuş mədəniyyətdir. Əgər türk dünyaya sivilizasiya bəxş edə bilibsə, dünyaya bu boyda yeniliklər gətirə bilibisə, idoqramı gətiribsə, mən nəyə görə türkdən imtina etməliyəm? Nəyə görə əcdadlarımızın  yaradıb bizə yadigar qoyduqlarından  imtina etməliyəm. Azərbaycanda çox etnoslar yaşayıb. Onlar Altaydan, Uzaq Şərqdən bura dəmir dövründə, tunc dövründə gəlibdirlər. O qədər miqrasiyalar olub ki, tarixin miqrasiyaları onları bir yerdə yığlb, qarışdırıb, ayırıb. Qədim Şərqdə aparılan müharibələr nə qədər etnosları ordan bura, burdan ora köçürüb. Türkün Azərbaycanda yaratdığı sivilizasiydan danışarkən demək lazımdır ki, Azərbaycanda yaşayan hər bir etnos o sivilizasiyanın nümayəndəsidir. Onu bu gün parçalayıb bölmək lazım deyil, əsil azərbaycançılıq, azərbaycanşünaslıq budur.

 

--Bu qədər talan -qarətə nə ilə haqq qazandıra bilərsiniz?

-- Qax ərazisindən tapdığımız  Maral ritual mərasim deyil,  ştandartdır, hakimiyyət rəmzidir. Qax ərazisində  nüfuz rəmzi, hakimiyyət rəmzi olan əsa başları çıxır. Qədim türklərin qanunlarında və inanclarında Yaşıl daşı Göydən Tanrının göndərdiyi idda olunurdu. O daş hansı tayfanın əlindədirsə, hökmdarlıq ona məxsus olurdu. Həmin kurqanlarda həmçinin saxsı qablar, əldə düzəldilmiş muncuqlar çıxır. Bu muncuqlar bizi aparıb Şumer muncuqları, Misir muncuqları ilə bağlayır. Maral başı formasında tapdığımız həmin eksponat hakimiyyət rəmzidir.  Bildiyiniz kimi, Aşina tayfaları maral başını özlərinin hakimiyyət rəmzi hesab edirdilər. Maralın buynuzundakı çıxıntılar da bu hakimiyyətin  qollarına və dövlətin geniş arealda yayılmasına işarə idi.


--Kurqanlar həm də öz dövrünün insanlarının hansı dinə mənsub olduğunu göstərən bir ocaqdır.


-- Doğru buyurursunuz. Bizim kurqanlar Tanrıcılıq dinini özündə ehtiva edirdi. Kurqanı açıb içərisinə  daxil ola biliriksə,  elə bilin ki, həmin əsrin evinə daxil ola bilirik. O insanların içəri dünyaları var idi. Bütün bunlar da kurqanlarda tapılan abidələrin üzərində çəkilən dini təsvirlərdə öz əksini tapıb. Biz kurqanların ilkin variantını bərpa edəndə görürük ki, istənilən qəbir yaşanmış evin modelidir. Düzbucaq formasındadır. Dörd tərəfində tonqal qalanıb. Qablar pillə -pillə düzülüb. Bu o deməkdir ki, onlar adi qab deyil, məişətdə işlədilməklə bərabər hansısa ilahi qüvvənin simvoludur. Əgər o qab simvoldursa,  hansı Allahın, hansı ilahi qüvvənin simvolu olmasını öz forması, qəbirdə qoyulan yeri ilə  izah edir. Yəni əslinə qalanda qəbirləri oxumağı bacarmaq lazımdır, əgər oxuya bilməsək, onda bu etnik mənsubiyyət avtomatik aradan çıxır. Bu mənada deyə bilərik ki,  bizim oturuşmuş mədəniyyətlərimizi ərəblər yalnız istila etmədi. Onlar həm də bizim mənəviyyatımızı  istila etdi. Bizim öz dünya görüşümüz var idi. İndiki alimlər deyirlər ki, ərəblər bizə guya vahid allahlılıq gətirdilər . Onlar gələndə Qafqaz Albaniyasında Tanrıçılıq, Xristianlıq, Bütpərəstlik var idi. Onlar gəlib Qafqaz Albaniyasında olan durumu özləri istədikləri kimi dəyişdirdilər. Yəni bizim mənəviyatımızı və maadiyatımızı işğal etməklə bərabər, həm də miqrasiyaları gətirdilər.  Bütpərəstlikdən və Tanrıcılıqdan gələn mədəniyyətimiz var idi. Elə bir mədəniyyətimiz var idi ki, onun harasına baxsan, dünyada mövcud olan sivilizasiyanın izini görürsən. Ərəb bizi islamlaşdırdı, bütpərəstliyi , tanrıçılığı əlimizdən alsa da, Bahar bayramımızı əlimizdən ala bilmədi. Biz ölünü ən gözəl paltarları ilə geyindirib basdırmışıq, ərəblər 5 metr ağla basdırdılar.  Getdikcə türklər yaşayan arealda buddizm yoxa çıxdı, tək Tanrıçılıq bərqərar oldu. Bir çox türklər və xristianlar isə  xristian dinində qaldılar. Türklər insanları dininə görə “kafir”, “məlun” adlandırmırdılar. Hər kəs öz dinində azad idi.  Ərəblər Cənubi Azərbaycan ərazisində nə qədər mədəniyyətləri, kitabxanaları məhv etdilər. Beləcə izlərimiz, tariximiz itib getdi. Ona görə də indi onalrı kurqanlardan, yerin altında qalan izlərdən bərpa etmək məcburiyyətindəyik.


-- Ömrünüzün 30 ilini kurqanları öyrənməyə sərf etdiniz. Bilirəm ki, çox maraqlı abidələr tapdınız, kəşflər etdiniz. O qədər var-dövlətlər olub ki, o kurqanlarda. Belə bir deyim var, dünyanın malı dünyada qalır. Əslində heç o kurqanlara yığılanlara kurqanda dəfn edilənlər belə sahiblənmədilər. Sonradan gələnlər kurqanlarda  cisimləri basdırıalanların əbədi dünyalarını da tapıb,  çapıb taladılar.


-- 
İnsan hakimiyyət həvəsli olandan,  dəmiri, qızılı, misi tanıyandan sonra, talana meyilli oldu.  İlkin kapital yığımı prosesi insanları ən vəhşi formaya, ibtidaiyə qaytarır. Bir formasiyadan digər formasiyaya getdikcə paltarı, dünyagörüşü dəyişir.  İnsanların çoxlunun alt şüurunda talançılıq hissi və talançılıq vəhşiliyi dəyişmir. Sovet vaxtında  bunun qarşısı qanunlarla alınmışdı. Biz nə tapsaydıq Leninqrada (indiki Sankt Peterburq) göndərərdik.  Bu gün də hərə əlinə bir aparat alıb, harada hündür təpə, abidə görürsə altını qazır ki, içərisindən qızıl tapacaq.  Onlara demək lazımdır ki, səndən əvvəlkilər də sərvət əsiri idi, onlar da talayıb aparmışdılar. Bir gün səni də talayacaqlar...

Nəsib Muxtarovun mülahizələrində həm də yetkin bir fəlsəfə vardır.  Sibirdən üzü bu tərəfə gəzib gördüklərinin  fəlsəfəsindən danışır:


-- “ Qədim türklərdən qalan ən maraqlı abidələr isə balbal daşlarıdır. Daha çox Sibirdə görmüşəm. Tanrı qarşısında ibadət vəziyyətində duran insanı xatırladırlar.  Təsəvvür edin ki, biz insanların sklet vəziyyətini də Tanrıya ibadət formasında aşkar edirik.  Şəkinin Dəhnə kəndində , Qaxda Küdür düzündə kurqan qazmışıq Aypara çıxıb, eramızadn əvvəl I minilliyə aid buta çıxıb. Buta ANA rəmzidir. Od rəmzidir. Nəsil artımı deməkdir, məhəbbət rəmzidir.  Mifologiyada Ay deməkdir, Günəş deməkdir.  Günəşlə Ayı fərqləndirmək üçün onu ta qədimdən birini bütöv, digərini para döymələyiblər. Dördkünc, altıbucaq, düzbucaq formada olan bəzək əşyalarının hamısı özündə Tanrıçılığı,  Göy Səma fiqurlarını ehtiva edir.  Bunlar hamısı vahid Tanrının simvoludur.  Onu bilirdinizmi ki, uşaq anadan doğulandan sonra, onun belinin  onurğa sümükləri S şəklini almasa gəzə bilməz.  Uşaq yalnız sümükləri S şəklinə düşəndən sonra ayaq tutub gəzə bilir. Bu o deməkdir ki, insanın cismi və bədəni S şəklini aldısa, o artıq kainatı dərk etməyə başlayır. Ayparanı götürün qoyun bir düz səmtin üstünə. Və onu sürətli şəkildə fırlatsanız  8 bucaqlı Venera Planetinə  bənzəyəcək. Bu zaman bütövlük yaranır.  Bütün kainat o 8 bucaqda öz əksini tapıb. Diqqətlə baxsanız bütün türk abidələrində bu 8 bucaq işarətini görə bilərsiniz.


Ondan soruşdum ki, tarixlə mübarizə aparmaq çətindir, yoxsa tarixçi olub siyasətdə arxeoloq olmaq? Dedi ki, adam olmaq çətindir.


Nəsib Muxtarovun “Labirint” adlandırdığı  ikinci kurqan  muzeyi Oğuzun Kərimli kəndindədir. Buranı və  “Türkün dünyanı dərki muzeyi”ni   də eyni üsulla ərsəyə gətirib.  Bu muzeylərdə eramizin, I,II,III, IV-minilliyindən tutmuş VII-VIII əsrə aid olan  abidələri tapıb və bu abidələrin heç birinə xəyanət etməyib. Onları tapıldıqları yerdə, olduqları kimi saxlayıb. Qoruyub, bu günümüzə gətirib. Yadelliyə, alverçiyə  satmayıb. Burada saxlanılan saxsı qabların formaları, onların üzərindəki  naxışların hər biri öz dövrünün  hətta geosiyasi tarixindən danışan məktublardır. Bu saxsı qablar öz dövrlərini özləri təsdiq edirlər. Onların içərisində səfər qabları, süfrə qabları ayrı-ayrılıqdadır. Bu qablara, onların üzərindəki  naxışlara baxanda türklərin, azəri türklərinin süfrə mədəniyyətindən xəbərdar olursan. Saxsıdan düzəldilmiş  şərab, su, süd qablarının, bardaqların qulp formasının sağdan sola keçməyinin özü bir əsrdən artıq zaman kəsiyində baş verir. Onların hər birinin arasında böyük bir dövrün mədəniyyət kəsiyi vardır. Həmin  bardaq formalı qabların dodaqlarının vəziyyəti bir- birindən fərqlənir. Alimlər adi  bir qulpun yerdəyişməsi ilə həmin dövrü təyin edirlər.  Onun qazdığı kurqanlardakı qəbirlərin özü onların kimliyindən xəbər verir. Türklər həmişə at belində səfər üstündə olublar. Maldarlıq da onların məişətini təşkil edib. Buradakı süd qablarına baxanda belə fikir yürüdürük ki, südü sağıb, badyana doldurub bağlayıblar atın belinə, o da yol boyu çalxanıb qatıq olub, əti bişirmək imkanı olmayanda, kəsilmiş heyvanın bağırsağına doldurub bağlayıblar atın qarnının altına, atın bədəninin istisi  indi “kolbasa” dediyimiz o yeməyi bişirib. Çünki atın bədəninin istisi dəyişmədiyindən, ətin keyfiyyətini olduğu kimi saxlayır. Xarab olmur. Onların bütün hərəkətləri iqtisadiyyatdan maksimum faydalanmağa sərf olunub.

Və yaxud da  türkçülüyün tam təsdiqi olan bu bir cüt bütə baxın: Bura bir Qurbangadır. Bu büt həm də totemdir. Həm bütdür. Həm  Eyni zamanda nəsil başlanğıcını göstərir. Burda da sinəsinə fikir verin. Sinsəindəki dişi canavardır. Bu qəbir sahibi, boz qurd nəslinə məxsusdur. Bu nəslin totemi qurddur.

 

Xaç işarəsi... deyirlər xristianlara məxsusdur. Əsla elə deyil. O dövran işarəsidir. Fortuna. Daha qədim tarixi var. Xaç günəşi xatırladır. Günəş bütün dinlərdə müqəddəs sayılıb.

Qəbrə qoyulan heyvanlar var, yemək üçündür.  Ola bilər özü gedib gəlməyib. Şərəfə düzələn qəbirdir. Şumerlər Allahlara  qonaqlıq verərdilər. Bu həmin səhnəni də xatırladır.

 

Atın baş bəzəyi. At artıq onun göstərir ki, bizim bu ərazidə çox güclü dövlət birləşməsi olub, vahid dövlət olub, həmin dövlətin müəyyən strukturları olub,konfederasiya olub, tayfaların birləşməsi. O maral başı da həmin dövlətin strukturuna daxil olan  avtonom bir qurumun simvoludur.


Səslə, dillə  danışa bilməsələr də bu tapıntılar göstərir ki, eramızdan əvvəl III minilliyin axırı, II minillikdə Azərbaycan ərazisində çox güclü dövlət birliyi yaranıb. Azərbaycan dövlətçiliyi tarixinin öyrənilməsi üçün çox maraqlıdır. Maraqlıdır ki, bu texnologiyalar Azərbaycana hardan gəlib. Bu kurqanın elmi cəhətdən araşdırılması, bütün bu gilin tərkibindən tutmuş naxışlara qədər öyrənilməsi Azərbycanın orta turc, son tunc,  eramızadn əvvəl dövrü üçün çox böyük əhəmiyyt kəsb edir. Qızıl öküz başını ancaq müəyyən dövlət qurumunun  hökmüdarı daşıya bilərdi. Əgər bu öküz başı Azərbaycanda tapılıbsa, deməli  Azərbaycandakı dövlətin rəmzidir.


Kurqandan öküz başı tapmaqla biz Azərbaycanda tarixinə yeni səhifə açdıq.


Bu gün türk dünyanın gözünə ox kimi, nizə kimi , xəncər kimi batır. Kurqanlar əslinə qalanda Türkə məxsusdur. Bəzi alimlər deyir ki, harda kurqan varsa, orda türk var. Kurqan mədəniyyəti olmayanlar onu öz adına, tarixinə çıxır. Cin bissimillahdan qorxan kimi, xarici alimlər də “türk” sözündən qorxurlar. Əbədi sükut dünyası və  Labirintdə aşkar edilmiş faktlar Azərbaycanda qədim dövrlərdə  yüksək tərəqqi olduğunu, zəngin mədəniyyəti olduğunu göstərməklə yanaşı Azərbaycanda dövlətçilik ənənələrinin də öyrənilməsində yeni səhifələr açır. Ərazisi 4 hektardan böyük olan Cüyürlü nekropolunda aşkarlanan eksponatlar deməyə imkan verir ki, ərazidə ən azı min ildən çox fasiləsiz yaşayış olub. Bunun da tarixi ermızdan əvvəl 17 əsrdən başlayaraq bizim eramızın birinci minilliyinin əvvəlinə qədər davam edib. Arxeoloq Nəsib Muxtarov bildirir ki, bu abidə indi əfsanəyə çevrilən Şəki şəhərini əhatə edən, onu dövrələyən ən yaxın yaşayış yerlərindən biri kimi istər istəməz bu şəhərin taleyi ilə də bağlı olub. Bu isə Şəhərin Sak, Skif tayfaları ilə bağlanan tarixini daha da dərinə aparır. Başqa sözlə bu tayfalar gələn zaman Şəki şəhəri artıq mövcud olub. Cüyürlü ərazisində və qədim Şəki şəhərinə yaxın ərazidə aparılan arxeoloji qazıntıların xüsusi elmi əhəmiyyəti var. Bu bir tərəfdən Azərbaycanda dövlətçilik ənənələrinin, digər tərəfdən isə konkret olaraq Şəki şəhərinin yaranması və formalaşması problemlərinin öyrənilməsi üçün olduqca vacibdir.


P.S.  Görkəmkli arxeoloq və tarixçi alim Nəsib Muxtarov ötən il  bu dünyadan ayrılıb ruhları ilə söhbət etdiyi xaqanların, alimlərin yaşadığı aləmə köçdü. Burada arzularını reallaşdıra bilmədi. O çox istəyirdi ki, yaratdığı bu muzeyləri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması fonduna salsın. Lakin qısqandılar. Onun məktublarını zibil yeşiyinə atdılar.  Özü sağlığında deyirdi ki, əəgər mənim tapıb-qoruduğum bu əntiq  əşyaların biri Avropanın hər hansı  guşəsində ytapılsa,  bir qədim artefakat üçün  məşhur muzeylərin böyük bir zalını ayırarlar. Mən isə bu qədər sərvəti öz dövlətimə sevdirə bilmirəm.