Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-25 15:16:00
"Pandemiya olmasaydı da distant təhsil inkişaf edəcəkdi..." - Fərqli baxış/Müsahibə  

Pandemiya dövründə narahatlıq yaradan sahələrdən biri təhsil sektorudur.

 

AzEdu.az xəbər verir ki, təhsil sahəsində mövcud problemlərlə bağlı Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov Teleqraf.com-un suallarını cavablandırıb.

 

- Nadir müəllim, hazırkı dövrdə təhsilin keyfiyyəti barədə səslənən mənfi fikirlər nə dərəcədə doğrudur?

 

- Təhsilin keyfiyyətinə yeni baxış, yeni yanaşma formalaşdırılmalıdır. Xüsusilə, son bir neçə ildə ali məktəblərə qəbulun nəticələrinə əsaslanaraq təhsilin keyfiyyətinin aşağı düşməsi barədə cəmiyyətdə müəyyən fikir formalaşdırmaq cəhdləri müşahidə olunur. Bir ilin məzunlarının aşağı göstəriciləri hər hansı narahatlıq keçirmək üçün yetərli səbəb ola bilməz və bunu təhsilin keyfiyyətinin aşağı düşməsi ilə əlaqələndirmək yanlışlıq olardı.

 

Təhsilin keyfiyyətinin bir-iki ilin nəticələri ilə ölçülməsi və neçə məzunun ali məktəbə daxil olması, neçə abituriyentin yüksək bal toplaması ilə dəyərləndirilməsini də düzgün yanaşma hesab etmirəm. Bu məsələnin analiz olunması 1-2 ilin deyil, 10 illiklərin işidir.

 

- Ötən gün ali məktəblərə qəbul nəticələri və yekun keçid balları açıqlandı. Bu il keçid ballarının kəskin şəkildə enməsinin səbəbi nədir?

 

- Ötən illər aşağı göstəricilər ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinin tətbiqi (açıq testlərə adaptasiya) ilə əlaqədar idisə, bu ilki nəticələrdə fiziki və psixoloji gərginliyə səbəb olan pandemiyanın fəsadları da istisnalıq təşkil etməyən səbəblərdən biridir. Bu baxımdan hesab edirəm ki, insan iradəsindən asılı olmayaraq yaranan mövcud vəziyyətdən minimum ziyanla çıxmaq üçün bütün mümkün səy və vastələrin səfərbər edildiyi bir zamanda təhsilin keyfiyyəti ilə bağlı məsələni mübahisələndirmək düzgün olmazdı.

 

Göstəricilər zəif olsa belə, bu, heç də bütövlükdə təhsilin keyfiyyətinin aşağı olması anlamına gələ bilməz. Ümumiyyətlə, keyfiyyətli təhsil nə deməkdir? Təhsilin keyfiyyəti nə ilə müəyyən olunur? Təhsilin keyfiyyətini necə idarə etmək olar? Bu göstəriciləri keyfiyyətin qiymətləndirilməsində obyektiv meyar, etibarlı mənbə hesab etmək olarmı? Hansısa bir konkret nəticədən çıxış edərək, bütövlükdə təhsil sisteminin fəaliyyətini qiymətləndirmək mümkündürmü? Bu suallara aydın cavab tapmaq elə də asan deyil.

 

- Təhsil alan üçün topladığı balın gələcək həyatında nə qədər rolu var? Məsələn, 400 bal toplayan memarla 600 bal toplayan arasında praktik fəaliyyətdə fərq olacaqmı?

 

- Sözümə davam edib demək istəyirəm ki, kütləvi pedaqoji ədəbiyyatda təhsilin keyfiyyəti “cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəsinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya” kimi xarakterizə olunur. YUNESKO-nun tərifinə əsasən “təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur”. Biz isə hələ də təhsilin keyfiyyətini neçə nəfərin ali məktəbə qəbul olunması, neçə nəfərin 500-700 arasında bal toplaması ilə ölçürük. Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun da qeyd etdiyi kimi imtahanlarda toplanan bal abituriyentin bilik göstəricisi sayıla bilməz.

 

Onu da nəzərə almırıq ki, hansısa ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən universitetə daxil olmayıb kənarda qala bilər. Hansısa ixtisas qrupu üzrə 200 baldan yuxarı bal toplayan bir nəfər belə kənarda qalmaz. Ali təhsilin hamı üçün əlçatanlığı baxımından tələbələrin mənafeyinə yönəlik mümkün olan addımlara baxaq. Bu il plan yerlərinin sayının 1,79 faiz, dövlət sifarişli yerlərin sayı 8 faiz artımı, 2 nəfər beynəlxalq fənn olimpiadası, 28 nəfər respublika fənn olimpiadası, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 10 nəfər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunması kimi göstəriciləri təqdir edə bilərik.

 

- Onlayn təhsildən şikayətlər hədsiz çoxdur. Bu təhsil növünün keyfiyyətinin artırılması üçün hansı işlər görülməlidir?

 

- Pandemiyanın bütün bəşəriyyəti cənginə aldığı bir şəraitdə, müəyyən şikayətlər və narazılıqlar olduğu halda onlayn tədris prosesinin təhsilin keyfiyyətinə təsiri, bunun nə kimi effekt verib, verməyəcəyi kimi məsələləri müqayisələndirmək və mübahisələndirmək o qədər də real görünmür.

 

Ölkə başçısının yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müəllim, tələbə və şagirdlərə müraciətində də deyildiyi kimi: “Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq, yeni dərs ili yeni formatda təşkil ediləcək. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu bəladan qoruyaq və qəbul edilmiş bütün qərarlar bu məqsədi güdür”.

 

Əlbəttə, istəsək də, istəməsək də danılmaz faktdır və bunu qəbul etmək məcburiyyətindəyik ki, məsafədən təhsil üz-üzə, yəni ənənəvi hesab etdiyimiz təhsili əvəz edə bilməz. Başqa sözlə, əksər mütəxəssislərin də qəbul etdiyi kimi heç bir texniki vasitə, digər yüksək texnologiyalar, insanlararası canlı ünsiyyəti əvəz edə bilməz. Bununla belə sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi pandemiya təhsil sferası üçün də bir çağırış oldu və bu mənada, təhsilimiz də bütün çağırışlara hazır olmalıdır və bu hazırlıqla əlaqədar bütün mümkün olan işlər görülüb və görülməkdədir.

 

Düzdür, regionların internetlə təhcizatı, internetin sürəti və məsrəfləri ilə bağlı problemlər var və bu istiqamətdə aidiyyəti qurumlarla müzakirə aparılmaqdadır. Buna görə də hibrid formanın tətbiqi məqbul hesab olunur. Bu məsələ bizim arzu, istəklərimizdən, iradəmizdən asılı deyil. Dünyanın ayrı-ayrı ölkələrində müxtəlif modellər hazırlanır. Ümümdünya Səhiyyə Təşkilatı, YUNİSEF kimi təşkilatların da tövsiyələri nəzərə alınmalıdır.

 

Bir də ki, epidemioloji vəziyyətlə bağlı ənənəvi dərsə başlasaydıq belə pandemiyadan asılı olmayaraq “Virtual məktəb” layihəsi, teledərslər, distant və məsafədən təhsilin digər modellərinin tətbiqinin davam etdirilməsi təhsilimizin modernləşməsi, interaktivliyin təmin edilməsi və gələcəkdə yeni sınaqlara hazır olması baxımından zəruri olacaqdı. Çünki virtullıq zamanın tələbidir, teledəslərlə bağlı hələ sovet dönəmindən kifayət qədər təcrübəmiz olub. Distant təhsil isə təhsil qanunvericiliyimizdə öz əksini tapıb. Bir sözlə, ənənəvi təhsillə onlayn təhsilin sintezi günümüzün başlıca tələbidir.

 

- Nəyə görə məzunlar peşə təhsili məktəblərində təhsil almaq istəmirlər?

 

- Təhsilin keyfiyyətinə, ümumiyyətlə təhsilə yeni baxış, yeni yanaşma sərgiləməliyik dedikdə ilk növbədə peşə təhsilinə münasibətimizdə də müəyyən korrektələr aparılması əsas vəzifələrdən biridir. “Peşə təhsili haqqında” qanunda peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusunun verilməsi nəzərdə tutulub. Bu, vacib bir məsələdir. Peşə təhsili haqqındakı qanunda bu kimi məsələlərin nəzərdə tutulması peşə təhsilinə olan marağı stimullaşdıracaq.

 

Azərbaycanda təhsilin inkişafı ilə bağlı strategiya qəbul olunub. Orada təhsilin mərhələləri, pillələri, təhsil sahəsindəki mövcud vəziyyət təhlil olunub, hədəflər müəyyənləşdirilib. Peşə təhsili təhsilin əsas pillələrindən biridir. Açıq etiraf etməliyik ki, sovet dönəmi ilə müqayisədə bizdə peşə təhsilinə maraq azalmışdı. Peşə məktəblərinin texniki bazası zəifləmişdi.

 

Sovet dönəmində təhsil nazirliyi üç tərkib hissədən ibarət idi. Maarif nazirliyi, Ali və orta ixtisas təhsili nazirliyi və Dövlət texniki-peşə komitəsi mövcud idi. Daha sonra bunlar biləşdirilərək vahid Təhsil Nazirliyi yaradıldı. Peşə təhsilinə maraq azaldı. Peşə-texniki məktəblərinə gedənlərin sayında da kəskin azalmalar müşahidə edildi. Peşə təhsilində müəyyən boşluqlar yarandı, müəyyən yayınmalar baş verdi. Odur ki, bütün bunların qarşısının alması üçün peşə təhsilinə diqqətin artırılması zərurəti yarandı.

 

Ölkə başçısı gənclərlə görüşündə peşə təhsili məsələsini ön plana çəkdi. Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı. Peşə təhsili ilə bağlı komplekslərin tikilməsi məsələsi gündəmdədir.

 

Peşə təhsili olduqca mühüm əhəmiyyətə malik bir sahədir. Fransa, Almaniya kimi ölkələr məhz peşə təhsili hesabına dünyanın inkişaf edən ölkələrinə çevriliblər. Bu gün Almaniyada peşə məktəblərinin sayı ali təhsil müəssisələrinin sayından çoxdur. Bizim peşə adamlarına böyük ehtiyacımız var. Hesab edirəm ki, peşə təhsilinin inkişafı ilə bağlı atılan addımlar öz müsbət nəticəsini verəcək.

 

- Hər il minlərlə ali təhsil alan məzun olur. Onların işsiz qalmasının başlıca səbəbi nədir?

 

- Sovet dönəmində ölkəyə hansı ixtisas üzrə nə qədər kadr lazım idisə, tələbata uyğun o sayda kadr hazırlanıb, təyinat üzrə yerlərə göndərilirdi. Hazırda bazar iqtisadiyyatına keçidlə əlaqədar təyinat sistemi ləğv olunub. Universitetlər sayı dəfələrlə artıb, hər şeyi rəqabətlilik prinsipi əsasında əmək bazarı həll edir. Deyək ki, hazırda ali təhsilli müəllimlərin sayı ölkədə müəllimə olan tələbatdan iki dəfə yarımdan da artıqdır. Bu isə müəllimlərin işə qəbulunu müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsini, yəni onların arasından seçim aparılmasını zəruri edir.

 

Nəticədə müsabiqədən keçməyənlərdən ibarət işsizlər ordusu yaranır. Əlbəttə, bu sahədə vəziyyəti qaydaya salmaq istiqamətində zəruri olan əməli işlərin görülməsinə ehtiyac duyulur.