Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-21 13:28:00
Qəbul imtahanlarında açıq suallar, situasiya tipli nümunələr salınmamalıdır, çünki…- POLEMİKA

 

 

DİM tərəfindən keçilən buraxılış və qəbul imtahanlarında testlərlə yanaşı, situativ tipli tapşırıqlar da təqdim olunur. Situativ tipli suallar müəllimlər tərəfindən yoxlanılır.

 

Maraqlıdır, sualların yoxlanış prosesində obyektivlik meyarı nə dərəcədə qorunur? Müəllimin zehni və fiziki yorğunluğu bu prosesə təsir edirmi?

 

AzEdu.az mövzu ilə bağlı təhsil ekspertlərinin fikirlərini təqdim edir:

 

“Qəbul imtahanlarında salınan situasiya tipli suallar müəllimlər tərəfindən yoxlanılır və tapşırıqlar üzrə qiymətləndirilmə aparılır. Bu zaman müəllimlərin fiziki yorğunluğu və diqqətin yayınması halları ola bilir. DİM bu kimi halların yaşanmaması üçün bu sualları 2 müəllimə yoxladır. Bundan sonra isə sistem tərəfindən yoxlanılır. Bu mərhələlərin birində səhvə yol verildikdə  digərində aradan qaldırılır”.

 

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirdi. O, qeyd etdi ki, qəbul imtahanında açıq tipli suallar prosesi ləngidir:

 

 

“Düşürəm ki, bu prosesdə ümumiyyətlə insan əməyindən istifadə olunmasaydı yaxşı olardı. İmtahanda açıq tipli sualların salınmasını düzgün hesab etmirəm. Test tipli suallar tez bir zamanda yoxlanılır və nəticələr bəlli olur. Bütün proses daha çevik baş verir. Açıq tipli sualların salınmaması daha məqsədəuyğun hesab oluna bilər”.

 

Tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov mövzu ilə bağlı açıqlamasında qeyd etdi ki, tarix fənnindən açıq tipli sualların yoxlanışı zamanı  hər hansı hallara yol verilmir:

 

“Başqa fənləri deyə bilmərəm, DİM-də tarix fənnindən situasiya tipli suallar 98% düzgün yoxlanılır. Hətta problem yaranarsa, əksər vaxtlarda bu abituriyentin xeyrinə həll olunur. Tarixçi olduğum üçün digər fənlərdəki vəziyyətlə bağlı fikir bildirə bilmirəm”.

 

“Dövlət İmtahan Mərkəzində bütün imtahan sessiyasında obyektivlik meyarına diqqət edilir. Situativ sualları adətən bunker müəllimlər yoxlayırlar və onlar toplu şəkildə bir yerə oturmurlar, xüsusi ayrılmış otaqlarda işləyirlər.  Bütün məlumatlar şifrələnir və kimə aid olması bilinmir. Mübahisəli məsələlər hər zaman abituriyentin xeyrinə həll olunub”.

 

Bu fikirləri təhsil eksperti Məlahət Mürşidli bildirdi. O, fiziki gücü əlverişsiz olan müəllimin yoxlama prosesindən uzaqlaşması gərəkdiyini vurğuladı:

 

“Sualların yoxlanılması zamanı müəllimin zehni yorğunluğu prosesə təsir edə bilər. Lakin DİM-də bu kimi halların baş verməsinə şərait yaradılmır. Bütün müəllimlərin istirahətinə diqqət edilir. Əgər müəllim özündə halsızlıq, yorğunluq halı hiss edirsə, özü ərizə yazaraq bu prosesdən kənarlaşmalıdır”

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları