Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-02-28 20:51:28
Təhsildən yazan jurnalistlərin üzləşdiyi çətinliklər: “Direktor zəng edib məni hədələdi”

Xəbəri düzgün və operativ şəkildə çatdırmaq jurnalistikanın əsas kodekslərindən biridir, amma operativliyi qorumaq heç də hər zaman mümkün olmur. Çünki informasiyanı çatdırmaq yalnız jurnalistdən deyil, xəbərin əldə edildiyi qurumdan və ya şəxslərdən də asılıdır. Təhsil sahəsi ilə bağlı məlumatların əldə edilməsi və ötürülməsi prosesində isə bu hallara daha  tez-tez rast gəlinir.

Təhsil sahəsindən yazan müxbirlərin təhsil müəssisələriylə və səlahiyyətli şəxslərlə işləyərkən hansı çətin situasiyalarla üzləşdikləri maraqlıdır.

AzEDU”saytı bu sualla bir neçə təhsil müxbirinə müraciət edib:

“Gündəlik Teleqraf” qəzetinin müxbiri İlhamə Əbülfət bildirib ki, təhsillə bağlı aldığı müsahibələri respondentə yolladığı zaman çox hissəsinin silinməsindən şikayətlənir. Müxbir məyusluq yaşadığı başqa detalları da sadalayır:  “Mövcud gündəm və ya təhsil sahəsindəki yeniliklərlə bağlı həm aidiyyəti şəxsin mövqeyini, həm də təhsil sahəsi üzrə mütəxəssislərin rəylərini və fikirlərini öyrənirəm. Elə hallar olur ki, rəsmi şəxslə müstəqil ekspertin mövqeyi üst-üstə düşmür. Bunlardan bir tərəf, əsasən də rəsmi qurum narazı qala bilir, amma ümumən, elə də ciddi problemlə qarşılaşdığımı xatırlamıram. Əksər hallarda müsahibə alıram. Müsahiblər xahiş edir ki, yazını göndərin sadəcə baxacam, lakin mən yazını geri alanda deyilən fikirlərin əksəriyyətinin silindiyinin şahidi oluram. Müsahibənin heç bir fərqliliyi qalmır. İkinci problem də başlıqlarla bağlı olur. Bundan əlavə, müsahibə və ya açıqlama almaq istədiyimiz rəsmi şəxslər çox vaxt əlçatan olmur. Mövzu ilə bağlı həmin gün mütləq açıqlama almaq lazım olan vaxt, rəsmi qurumdan bildirilir ki, sorğu göndərin. Cavab həmin gün gəlmədikdə isə mövzu əhəmiyyətini itirir. O zaman məyusluq yaşayıram”.

Axar.az saytının müxbiri Billurə Yunis isə təhsillə bağlı yazdığı bir yazıya görə hədələndiyini bildirir:“Sadəcə, təhsildə yox, siyasi, sosial sahədə də hər hansı bir problem olur və sən də bu problemi aidiyyəti qurumlarla, ya da o sahənin mütəxəssisi olan ekspertlərlə danışıb çıxış yolu tapmağa çalışırsan. Müəllimlərin məktəb direktoru ilə bağlı şikayətini işıqlandırdığımıza, üstəlik də qarşı tərəfin mövqeyini öyrəndiyimizə görə, məni və çalışdığım media qurumunu hədələmişdilər. Xanım direktorun qardaşı mediaya açıqlamasında davamlı olaraq zəng etdiyimi və onlardan pul istədiyimi demişdi. Bu məsələni “facebook”dakı  səhifələrin birində müzakirəyə çıxardılar. Xeyli insan haqqımda bir çox lazımsız ifadələr  işlətdilər.  Guya, bütün jurnalistlər rüşvətxordur və s. Sonra həmin məsələ ilə bağlı Təhsil Nazirliyindən açıqlama almaq istədim. Uzun müddət “araşdırma aparılır”, dedilər. 4-5 aydan sonra  direktora sırf təhqirə görə şiddətli töhmət verildiyini öyrəndim”.

Billurə Yunis digər problem kimi təhsil ocaqlarının bütün suallarla bağlı sorğu istəmələrini və bu sorğulara vaxtında cavab verməmələrini göstərib: “Elektron poçt ünvanına sorğu göndərsək də,  suallar çox vaxt cavablandırılmır. Şikayətlərlə bağlı universitetlərə və ya məktəblərə zəng edəndə  səlahiyyətli şəxsi tapmaq müşkül məsələyə çevrilir. Hər dəfə zəng edəndə azı, 3 adamla danışırıq. Hər kəs telefonu yanındakına verir və ya hər dəfə telefonu götürən şəxs bir nömrə deyir ki, bura zəng elə. Ən sonda da ilk danışdığın nömrəni verirlər və sən də qalırsan baxa- baxa...”

Xəbərlə.com saytının müxbiri Hicranə İsmayılova isə deyib ki, baş verən problemlərin çoxu şikayətçilərin anonim qalmalarını istəməkləriylə bağlıdır: “Bunun  əsas səbəbi şikayətçinin ad, soyadının gizli saxlanılmasını istəməsi və məsuliyyətdən yan qaçmasıdır. Əslində, onların da haqlı və haqsız tərəfləri var. Bəzən şikayətdən sonra şikayətçiyə qarşı təzyiqlər edilir, onlar da dolayı yolla özlərini və doğmalarını bundan qorumağa çalışırlar. Bunun digər, yəni, jurnalistlər üçün mənfi tərəfi isə qarşı tərəfin münasibətini öyrənəndə onlar bu şəxslərin adlarını soruşur və məsələni həll etmələri üçün buna ehtiyac olduğunu bildirirlər. Əlbəttə ki, biz ya şərti, ya da anonim adla şikayətlərin hamısını olmasa belə, vacib əhəmiyyətə malik olanları qəbul edirik. Sadəcə, bu proses aktuallaşdıqda və səs saldıqda jurnalist kimi məsuliyyətə cəlb oluna bilirik. Bu zaman isə ad çəkmədiyimiz üçün məsuliyyət birbaşa bizim üzərimizdə qalır. Məsələn, bağça müdiri hər uşaqdan 20 AZN tələb edərək pul verməyənlərin uşaqlarına kotlet və bəzi yeməklərin verilməyəcəyini qeyd etmişdi. Bu barədə yazımdan sonra müdirin qohumları, yaxınları tərəfindən mənə qarşı zənglər, təzyiqlər oldu... Amma bütün bunlara baxmayaraq, belə hadisələrin çətinliyi olsa da, fərqli bir xoşbəxtliyi də olur. Sənə müraciət edənlərin səsini eşitdirə bilirsən və haqsızlıqlara qarşı susmursan”.

Nəzrin Rüstəmova