Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-30 12:21:00
Yeni Təhsil nazirindən gözləntilər-Müəllimlər nələrin dəyişməsini istəyirlər?- SORĞU

Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən, Emin Əmrullayev Təhsil naziri vəzifəsinə təyin edilib.


AzEdu.az müəllimlər arasında sorğu keçirərək, yeni nazirdən təhsillə bağlı hansı islahatların həyata keçirməsini, və təhsildə nələri dəyişməsini istədiklərini öyrənib.

 


Laçın rayonu Taxtakörpü kənd məktəbinin İngilis dili müəllimi Şəbnəm Cəbrayıl:


“Yeni Təhsil nazirimizin TEDx çıxışını izlədim. Bu, məni həm düşündürdü, həm də sevindirdi. Ona görə ki, ölkəmiz haqqında fəxr etməli çox şey var. Təhsil Nazirliyi hər zaman seçilib; istər müəllim əməyinə qiymət verilməsində, istərsə də müəllim fəaliyyətinin stimullaşdırılmasında. Mən ümid edirəm ki, gənc, dinamik, savadlı kadr olan yeni nazirimiz bu ənənəni davam etdirəcək və gözəl layihələrə, yeniliklərə imza atacaq. Emin bəy özü necə deyərlər, dırnağı, dişi ilə bu məqama gəldi. Onun kənd yerlərində olan istedadlı uşaqlara, maddi imkana görə xaricdə oxumaq istəyənlərə şərait yaradacağına ümid edirik. İstərdik ki, belə uşaqlar xaricdə təhsilə cəlb edilsin, attestatla xaricdə təhsil ləğv edilsin. Emin müəllim müsahibəsində dedi ki, " Mən bu xalqın pulu ilə oxuyub necə xaricdə qalardım"...

Bu sözü deyən insanda məncə böyük bir ümid işığı var”.

 


Füzuli rayon Qazaxlar kənd tam orta məktəbinin coğrafiya müəllimi  Posu  Mansırlı:

 


“Onun təhsil sahəsində çalışması təhsildə olan problemlərlə tanış olmağı yaxşı haldır. 
Məncə, rayon Təhsil Şöbələri ləğv edilməli və tam olaraq nazirliyə tabe regional Təhsil Şöbələri yaradılmalıdır. Bundan sonra təhsildə olan bəzi neqativ hallar aradan qalxa bilər”.


Laçın rayonu, Mişni tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar İsmayılova:


“İlk növbədə, prezidentin də dediyi kimi, ucqar məktəblərin modul tipli təhsil müəssisələrinin yenidən tikilməsi, kənd məktəblərinin lazımi avadanlıqlarla təşkil olunmasını istəyərdim.


Dərsliklərdə  şagirdlərə gələcək həyat üçün lazım olacaq məlumatların yer alması çox yaxşı olardı”.

 


Laçın rayon 13 nömrəli məktəbin müəllimi Günel Əliyeva:

 


“Təhsil sahəsində bir çox yeniliklər həyata keçirilsə də, bəzi problemlərin olduğu danılmazdır. Pedaqoji fəaliyyətin əsas siması olan müəllimlərin diaqnostik qiymətləndirmə, sertifikasiya kimi imtahanlara cəlb edilməsi fikrimcə, müəllimlərin özünüinkişafı, təkmilləşməsi, yenilikləri öyrənməsi baxımından çox mühüm hadisədir.


Lakin etiraf edək ki, bu gün yeniliklərdən qaçan, pedaqoji innovasiyaları qəbul etməyən müəllimlər də az deyil. Müəllimlik elə bir sənətdir ki, xalqın taleyində mühüm rol oynayır. Bu peşədə güzəşt olmamalıdır. Savadlı kadrları irəli çəkmək, qeyri-peşəkarları isə nəinki bu sahədən uzaqlaşdırma, onları əvvəldən bu peşəyə qəbul etməmək lazımdır.


Müəllimlərin İşə Qəbulu müsahibəsinin test-yoxlama mərhələsi ilə yanaşı müsahibə mərhələsində də seçimlərdə daha diqqətli olmaq lazımdır.


Müəllimləri mütləq psixoloji kurslara cəlb etmək lazımdır. Əksər müəllimlərdə səbirsizlik, aqressivlik müşahidə edirik. Bu isə yolverilməzdir..


“Kurikululum təhsildə yeni yoldur’’ dedik. Bəs niyə hələ də bu yolla getməkdən çəkinir əksər müəllimlər ? Mənə elə gəlir ki yeni təhsil nazirimiz peşəkar kadrların potensialından istifadə edərək müəllimləri daha fərqli metodlar ilə kurslara cəlb etməlidir”.

 

Qəbələ rayon Əmilli kənd məktəbinin müəllimi Ağayeva Arzu:


“Mənim istifadə etdiyim əsasən ibtidai ingilis dili dərslikləridir Uşaqların öyrənə bilməsi üçün onlar daha aydın, anlaşılan olması yaxşı olardı. Şagird valideyin köməyi olmadan müstəqil öyrənə bilməlidir. Hazırki vəsaitlərlə bu çox çətindir”.

 


Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbin fizika-riyaziyyat müəllimi Elçin Abbasov:

 


“Yeni təyin olunan nazir kreativ fikirli insan kimi görünür. Bunu tək mən yox, ətrafımda olan müəllim və digər insanlar da deyir. Onun haqqında video paylaşıldı və o, insanlara çox səmimi şəxs təəssüratı bağışladı. Bu, bizi sevindirir. Düşünürəm ki, bu kreativlik təhsil sahəsinə də təsir göstərəcək. Neçə illərdi ki təhsildə islahatlar gedir. İstəyərdim ki, bu islahatların çatışmayan tərəflərini yeni nazirimiz bərpa etsin. İslahatların davamlı olmağını arzu edirəm”.

 


İsmayıllı rayon İstisu kənd məktəbinin ibtidai sinif müəllimi Şahid Muradlı:

 


“Son illərdə həyata keçirilən yeniliklərdə Emin Əmrullayevin  də əməyinin olduğunu bilirik. Artıq Təhsil naziri kimi islahatları davam etdirəcəyinə inanıram. İbtidai sinif müəllimi olaraq azyaşlıların summativ qiymətləndirmə yükünün azaldılması gözəl olardı. Artıq 1-ci siniflər tam azaddır. Düşünürəm ki, bu addım digər ibtidai siniflərdə də atıla bilər.

 


Digər bir məqam isə bölgələrdə, xüsusilə ucqar kəndlərdə valideynlərin təhsilə və məktəbə olan inamını artırmaq üçün layihələrin keçirilməsinə dəstək verilməsini istərdim”.

 


Göygöl rayon Çaylı kənd orta məktəbinin dil və ədəbiyyat müəllimi Səltənət Qurbanova:

“Yeni təyin olunan Təhsil  naziri Emin Əmrullayev keçən il bir konfransdakı çıxışında maraqlı fikirlər səsləndirmişdi. Demişdi ki, əziz müəllimlər, sait və samit səslərə köklənirsiniz, bəs deyin görüm normal həyatda bu bilgi harda lazım olub bizə? Demək istəyirdi ki, günün tələbatı nədirsə, ona uyğun da dərs keçmək lazımdır. Çox düzgün qeyd etmişdi. Müasir dövrlə ayaqlaşmaq, günün tələbinə uyğudərs qurmaq lazımdır ki, şagirdlər də oxumağa maraq göstərsin. Çox istərdim ki, yeni nazirimiz tərəfindən biz müəllimlərin verdiyi təhsil keyfiyyətini yüksəltmək məqsədi ilə yeni islahatlar həyata keçirilsin. Bunlardan biri də müəllimlərin məktəbdə yazdığı sənədləşmə işlərinin azaldılmasıdır, çünki bu hər bir müəllim üçün böyük vaxt itkisinə səbəb olur. Bundan başqa hər il bir çox gənc müəllimlər MİQ-dən keçərək yaşadığı yerdən kmlərlə uzaqda dərs keçməyə gedir, amma ucqarlara tətbiq edilən həvəsləndirmələrin verilmə müddəti cəmi 5 il, yaş məhdudiyyəti isə 35-dir. Qəbul edək ki, ucqarlarda savadlı və həvəsli kadrlara ehtiyac daha çoxdur, amma həvəsləndirmə tətbiqi bitəndən sonra müəllimin ucqar kəndlərdə işləmək imkanı azalır, çünki maddi çətinlik yaranır. Həvəsləndirmələrin müddətsiz edilməsi və yaş məhdudiyyətinin götürülməsi uzaq məsafə qət edərək dərs keçməyə gedən müəllimə maddi cəhətdən kömək olacaqdır. Əlavə olaraq, bir çox kənd məktəblərində kompüter və internet çatışmazlığının aradan qaldırılması da dərslərin günün tələbinə uyğun qurulmasına müsbət təsir göstərəcəkdir. Bir də çox yaxşı olardı ki, məktəb psixoloqları təyin olunmazdan öncə psixoloji testdən keçirilsinlər. Çünki məktəbdə şagird üçün müəllimin fəaliyyəti nə qədər önəmlidirsə, psixoloqların fəaliyyəti də bir o qədər vacibdir, amma təəssüf ki, bir çox psixoloqlar işini günün tələbinə uyğun şəkildə qura bilmirlər. Bu da müəyyən mənada geriləməyə səbəb olur. Əlbəttə ki, gözləntilər çoxdur, inanıram ki, təhsildə keyfiyyətin yüksəldilməsi üçün hər kəs əlindən gələni edəcəkdir”.


Ucar rayon Təzə Şilyan kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur İbrahimova:


“Yaxşı  olardı ki, ucqar kənd məktəbləri elektron lövhə və avadanlıqlarla təchiz olunsun. Məktəblərdə psixologiya, psixoloq və yeniyetmələrlə iş bərbad durumdadır. Valideynləri məktəbə cəlb etmək, məktəb üçbucağı yaratmaq sahəsində stimullaşdırıcı işlər görülməlidi.
Məktəblərdə hərbi hazırlıq dərsləri ad olaraq keçirilir. Buna diqqət artırılmalı, vətənpərvərlik mövzuları önə çəkilməlidi.
Metodbirləşmə kabinetlərinin də adı var. Onları ləğv edib daha uygun, faydalı nəsə yaratmaq olar”.


Ağdam 1 nömrəli məktəbin inglis dili müəllimi Ülkər Səmədova:

 

 

“Əslində hazirkı təhsil sistemi daha məqsədəuyğundu, ancaq müəllimlərdən çox yazı tələb olunur. Bunun əvəzinə dərs və əsl şəxsiyyət yetişdirmək tələb olunsa, çox sevinərdim. Lakin indiki təhsil sistemi şagirdlərin daha çox bilik əldə etməsi üçün çox əlverişlidi”.


Göytəpə rayon 1 nömrəli orta məktəbin müəllimi Samirə Əmrahova:

 

 

“Yeni nazirimizdən magistratura üçün distant təhsili həyata keçirməsini istərdim. Bu, çox vacib amildir. Çünki magistrların əksəriyyəti işləyir, distant formada təhsil almaları labüddür”.


Gəncədə çalışan ingilis dili müəllimi Elvin Bəkirov:

 


“Müəllimlərin motivasiya edilməsi istiqamətində tədbirlər həyata keçirilsə, yaxşı olar. Müəllimlər təhsilin aparıcı qüvvəsi olduğu üçün onlarla bağlı tədbirlər daha çox həyata keçirilməlidir. Mən hər hansısa tətbiq olunan sistemin ləğv edilməsini istəməzdim. Yeniliklər etmək olar. Müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər planı həyata keçirilməlidir”.


132-134 saylı Təhsil kompleksinin müəllimi Hikmət Mehdiyev:

 


“Hazırda ən çox islahatların təhsil sahəsində aparılmasına ehtiyac var. Hazırda təhsil ictimaiyyətini narahat edən əsas məsələ sertifikasiya və MİQ-lə bağlıdı. Bunun üzərində daha çox təkmilləşdirilmə aparılmalıdır. Düşünürəm ki, sertfikasiyanın ləğvinə ehtiyac yoxdu. Kurikulumdan MİQ-ə düşən suallar təkmilləşdirilməlidir. Bəzən elə suallar salınır ki, onlar sırt əzbərçilik tələb edir. Bunun isə insana heç bir faydası yoxdu. Bu həm kurikulum, həm də pedaqogikada müşayət olunur. Metodikadan sualların daha da asanlaşdırılmasını istəyərdim.


55 yaşından yuxarı olan müəllimlər sertfikasiyada iştirak etməsələr yaxşı olar. Çünki bu daha yaxşı nəticə verər deyə düşünürəm”.


 

 

İmişli şəhər 6 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Səbinə Əsədova:

 

 

Əgər kurikulumla eyni yola davam edəcəyiksə, müəllimləri kursların oyunlarından xilas etmək üçün     vahid Kurikulum vəsaitinin nəşri çox vacibdir.  Çox istərdik orda hansısa kurs müəllimi müəllif olmasın.  Çünki o zaman proses dəyişməyəcək.

 

MİQ,  Sertifkasiya, DİQ və sair kimi müəllimlər üçün təşkil olunan imtahanların tam olaraq İRM-ə tapşırılması arzu olunandır.

 

 

 

Göstəriciləri zəif olan məktəblərin direktorları üçün tədbirlər təşkil olunması və bu   prosesin  mütamadi  olaraq TN tərəfindən izlənilməsi çox labüddür.

 

Eyni zamanda DİQ dən əvvəlki direktorlar və müavinlərin fəaliyyəti daha çox nəzarətdə saxlanılmasını çox istərdik.

 

Yeni nazirdən bu yöndə qərarlar verməsini xahiş edərdik: Nazirlikdə fərdi təhsil və evdə təhsilə xüsusi nəzarət edəcək  şəxslər ayrılsın. Aktiv portal yaradılsın”.

 

Goranboy rayon, Buzluq kənd orta məktəbinin coğrafiya müəllimi Araz Rövşən:

 

Yeni Təhsil Nazirinin  gənc olduğunu nəzərə alaraq düşünürəm ki, hər hansı islahatlar həyata keçirərkən ən çox da müasirliyi və yeni təlim üsullarının tətbiqi sahəsində təhsildə olan köhnə fikirləri aradan qaldırıb, yaşlı müəllimlərin də texniki biliklərinin təkmilləşməsində öz tapşırıqlarını verəcək.

 

Yeni Təhsil nazirimizdən gözləntimin biri də  budur ki, ucqarlardakı məktəblərə daha çox diqqət yetirilsin. Sizi inandırım ki, bölgələrdə, ucqarlarda istedadlar var, sadəcə onlar bəzi səbəblərdən şəhərdəki yaşıdlarından geri qalırlar.

 

Misal üçün onlar internetin, kompüterin praktik işləməsi üçün çox həvəsli və imkansızdırlar. Bir sözlə ucqarlarda kommunikasia problemlərini aradan qaldırması yollarında işlərin görülməsi çox vacibdir.

 

 

Digər istəyimiz odur ki, hər hansı elmi seminarlar, brifinq, məşğələlər və təlimlər təkcə böyük şəhərlərdə keçirilməsin. Men o qədər həvəsli gənc müəllim tanıyıram ki, onlar məsafədən dolayı təhsildə olan yenilikləri və tətbiqi məsələləri yalnız internetdən baxmaqla kifayətlənirlər.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları