Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-24 16:52:00
Yeni tədris ilində məktəblərin taleyi necə olacaq? - Şəmil Sadıq

Təəssüflər olsun ki, dərslərin başlamasına iki aydan az vaxt qalmasına baxmayaraq, hələ də rəsmi qurumlar bununla bağlı ciddi bir açıqlama verməyib. Bildiyimiz kimi, 2020-ci il 3 mart tarixindən Covid-19 pandemiyası səbəbindən ölkəmizin bütün məktəblərində dərslər dayandırıldı. Etiraf edim ki, dünyanın bir çox ölkələri ilə müqayisədə bu problemə qəfil yaxalanmağımıza baxmayaraq, ölkəmizdə operativlik qənaətbəxş oldu. Çünki gözlənilmirdi, amma operativ şəkildə Teledərslər, qısa müddətdə yaradılan Virtual məktəb layihəsi təhsilimizi nisbətən vəziyyətdən çıxardı və tədris ilini pis-yaxşı başa vurduq. Lakin qarşıda bizi naməlum bir durum hələ də gözləməkdədir. Dərslər əvvəlki kimi olacaq, yoxsa, yeni bir sistem üzərindən gedəcək, bununla bağlı heç bir məlumat yoxdur. Keçən müddətdəki çatışmazlıqları müəllimlər də, valideynlər də anlayışla qarşıladı, lakin bu qədər zaman varkən yeni tədris ilinə ciddi şəkildə hazırlaşmamağımızı, yaranacaq problemləri bağışlamaq çətin olar. Dünyanın bir çox ölkələrində Təhsil Qurumları hələ may ayından A, B, hətta C varinatları üzərində işləyir, ictimaiyyətə müəyyən paketlər təqdim edir.

 


Hazırkı rəsmi durum onu göstərir ki, dərslər ənənəvi şəkildə, yəni siniflərdə əvvəlki qaydada keçiriləcək. Deyək ki, bu “A variantı”dır və qərarlılıq göstərib bu cür edəcəyik. Sual olunur, buna xalqımız hazırdımı, bunu qəbul edəcəyikmi? Çünki təhlükənin il sonuna qədər davam edəcəyi danılmaz fakt olaraq qalmaqdadır və belə olan halda az da olsa, bir qism valideyn övladlarını məktəbə göndərməkdən imtina edəcək. Onların bu mövzuda olan narahatlıqları da anlaşılandır. Belə olacağı təqdirdə, 30 faiz şagird məktəbə gəlməzsə, bu zaman nə baş verəcək? Heç düşünürükmü? O zaman yenə iki yerə bölünüb qanadı sınıq quşlar kimi doğru dürüst uça bilməyəcəyik. Əgər bu cür olacaqsa belə, Təhsil Nazirliyi indidən maariflənmə işləri aparmalı, təlimatlar hazırlamalı, məktəb rəhbərlərinə təlimlər keçirilməli, valideynlər və şagirdlər üçün yaddaş kitabçaları hazırlanmalı, mütəmadi şəkildə məlumatlandırılmalı, valideynlər inandırılmalıdır ki, “biz sizin övladınızı sizin qədər sevir və qoruya biləcəyik!”. Əgər bu inam olmayacaqsa, ciddi problemlər yaşanacaq, söz-söhbətlər yayılacaq. Hər xırda problem sosial şəbəkələrdə qabardılacaq və təhsil idarəçiləri qınanacaqdır, yenə müəllimlər ortada qalacaq.

 


Bildiyimiz kimi, məktəb sadəcə bilik mərkəzi deyil. Məktəb sosial həyatdır, ailədir, dostluq, insanlıq, vətəndaşlıq mərkəzidir. Evdə oturub psixoloji gərginlik yaşamaq, monoton həyata məcbur olmaq, virusdan daha təhlükəlidir bəzən. Oturaq həyat tərzinin fəsadları isə daha çoxdur ki, bu gün bütün uşaqlarımız bunun əzabını çəkir. Onun üçün də məktəblərdə şərait yaradıb onları doğru düzgün qarşılaya bilsək, əlbəttə ki, yaxşı olar. Lakin yuxarıda da dediyim kimi, bunun üçün sistem qurulmalı, planlama aparılmalıdır. Bəlkə də, Bakı şəhəri ilə rayonlarımız arasında bir fərqli sistem də qurmaq olar. Çünki təhlükənin daha çox Bakıda olması göz önündədir. Bunun üçün də ola bilər ki, hansısa rayonlarda normal qaydada dərslər keçirilsin, digər şəhər və rayonlarda 3 günlük və siniflərin bölünməsi variantına gedilsin.

 


Bir çox ölkələr sinifləri 10-15 nəfərdən təşkil etməklə məsafəni qoruyub dərsləri keçməyi planlaşdırır. Düşünürəm ki, bizim də bu cür imkanımız olar. Bir növbəli məktəblərdə sinifləri iki yerə bölməklə sayı müəyyən səviyyəyə endirmək mümkündür. Bütün bu dediklərim əlbəttə ki, orda-burda səslənən təkliflərdir ki, sosial şəbəkələrdə rəsmi məlumat kimi tez-tez müzakirə olunur. “A variantı” hesab edilən bu variantla bağlı Təhsil Nazirliyinin ictimaiyyətin müzakirə üçün paket halında təklifinə böyük ehtiyac var. Necə qardaş Türkiyə, qonşu Rusiya edir.

 


Gələk “B variantı”na. Bu da açıq qalan məsələdir. Çünki dərslər onlayn şəkildə və teledərslərlə davam etməsi planlaşdırılırsa, yenə də öncədən əsaslandırılmalı, cəmiyyət məlumatlandırılmalıdır. Keçən zaman kəsiyində etiraf edək ki, böyük şəhərlərimizin bəzi məktəbləri onlayn dərsləri öz təşəbbüsləri və imkanları ilə qursalar da, kənd və rayon məktəblərindəki texniki problemlər buna imkan vermədi. Evlərdə çatışmayan bilgisayar problemi, internet problemi bunun bariz sübutudur. Burda müəllimlərin də onlayn dərs keçmə bacarığının mütləq olmadığını da nəzərə almalıyıq. Teledərslər isə, düşünürəm ki, sadəcə köməkçi variantdır, əksəriyyət şagirdin məzmunu teledərslərdən mənimsəyə bilmədiyi göz önündədir. Bu variant sadəcə keçilən dərsləri təkrarlamaq, əlavə bilik əldə etmək üçün faydalıdır. Bunun üçün də dərslər onlayn proqramlar vasitəsi ilə keçiləcəksə belə, indidən rəsmi onlayn tədris planı hazırlanmalı, dərslərin müddəti müəyyənləşdirilməli, hansı fənlərin zəruri olacağı vurğulanmalıdır. Yoxsa ki, bir müəllim dərsi 20 dəqiqə, bir müəllim 40 dəqiqə, bir müəllim hansısa fənni həftədə 4 saat, hansısa müəllim 2 saat keçəcəksə vahid təhsil sistemindən söhbət gedə bilməz. Bunun qiymətləndirməsi, tələbkarlığı, onlayn təhsilin təşkili və idarə edilməsi isə bir başqa və böyük problemdir.

 


Ən böyük problem də birinci, doqquzuncu, onbirinci siniflərdə yaşanacaq. Çünki birinicilər dərsə yeni başlayır, əgər onlayn dərs olacaqsa, onlara nə keçiriləcək və necə keçiriləcək? Məlumdur ki, birinci siniflər üçün Azərbaycan dilində internet resursları yox dərəcəsindədir. Yuxarı siniflər isə buraxılış və qəbul imtahanı verəcəklər, onların isə ciddi hazırlığına ehtiyac var. Yaxşı, qeyri-rəsmi razılaşaq ki, 9,10-11-lər onsuz da kurslara və repetitorlara üz tutur, adətən. Axı o da rəsmi şəkildə olmalıdır. Kurslar rəsmi vergi ödəyicisi və qeydiyyatda olan şirkətlər olduğu üçün hər hasnı bir rəsmi icazə olmasa dərslərə başlamayacaq, repetitorlar isə min bir əziyyətlə gizlənpaç oynayaraq, gizlənə-gizlənə dərs keçirlər.

 


Bütün bunlar onu göstərir ki, ciddi bir qərarsızlıq bizi gözləyir, qısa zamanda müzakirələrə və təkliflərə başlanılmasa, sentyabrda ciddi bir xaos yaşanacaq təhsil mühitində. Ümid edirəm və inanıram ki, Təhsil Nazirliyinin məsul şəxsləri bunları müzakirə edir, yaxın zamanda isə Operativ Qərargaha təkliflər paketi təqdim edəcək və sabit bir qərar çıxarılıb elan ediləcək.
1 600 000-a yaxın şagirdin, 150 000-ə yaxın müəllimin intizarla gözlədiyi yeni tədris ilində bizi nələrin gözlədiyini öncədən bilmək və hazırlaşmaq günümüzün ən ümdə vəzifəsi olmalıdır. Hələ ali təhsil müəssisələrini də nəzərə alsaq, demək olar ki, bu gün ölkənin düşünməli olduğu ən vacib məsələdir bu!

Şəmil Sadiq

Hədəf Şirkətlər Qrupunun qurucusu, Baş Direktor f.ü.f.d. dosent