Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-15 16:03:00
BDU-da akademik Abdulla Qarayevlə bağlı onlayn dəyirmi masa

Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və ictimai xadim, Azərbaycanda fiziologiya elminin banisi, 1944-1950-ci illərdə universitetin rektoru olmuş əməkdar elm xadimi, akademik Abdulla Qarayevin anadan olmasının 110 illiyinə həsr edilən onlayn dəyirmi masa keçirilib.

 

AzEdu.az xəbər verir ki, BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Məmməd Rəcəbov Abdulla Qarayevin həyat və yaradıcılığı haqqında məlumat verib, onun  dövlətçilik, elm və təhsil tariximizdə unudulmaz izlər qoyduğunu bildirib.

 

Ali məktəbin rektoru Elçin Babayev 1938-ci ildə təməli qoyulan eksperimental fiziologiya laboratoriyasının ilk təşkilatçılarından biri olan  tibb elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, əməkdar elm xadimi A. Qarayevin bütün həyatını fiziologiya, biologiya,  tibb elmlərinin müxtəlif nəzəri və təcrübi sahələrinin inkişafına həsr etməsindən danışıb .

 

Akademikin BDU-dakı fəaliyyətindən söz açan E.Babayev bildirib ki, alimin gördüyü əhəmiyyətli işlər nəticəsində 1950-ci illərin ortalarında universitet ölkədə ən güclü elmi mərkəzə çevrilə bilib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova "Akademik Abdulla Qarayev elmin təşkilatçısı kimi" mövzusunda məruzə ilə çıxış edərək deyib ki,  o,  bütün həyatını fiziologiya elminin inkişafına həsr edərək tükənməz qüvvəsi və bacarığı sayəsində adını Azərbaycanın elm tarixinə milli fiziologiya məktəbinin yaradıcısı kimi qızıl hərflərlə yazdırırb.

 

Daha sonra AMEA-nın bir sıra alimləri də bu mövzuda çıxış ediblər.

 

Çıxışlarda akademik A. Qarayevin keçdiyi mənalı ömür yolu, insan kimi humanist xüsusiyyətləri, milli fiziologiya məktəbinin yaradıcısı olaraq Azərbaycan elminin inkişafı  istiqamətində gördüyü işlər, dünyada analoqu olmayan Naftalan nefti, Azərbaycanın şəfaverici suları (Badamlı, İstisu, Turşsu və s.) və dərman bitkilərindən hazırlanan preparatların insan orqanizminə müalicəvi təsirinin öyrənilməsi yönündə apardığı elmi tədqiqatlar, Azərbaycan dilində dərsliklər nəşr etdirməsi, pedaqoji və ictimai fəaliyyəti haqqında ətraflı məlumat verilib.

 

Onlayn dəyirmi masa Fiziologiya İnstitutunun A.Qarayev haqqında hazırladığı sənədli filmin nümayişi ilə başa çatıb.