Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-03 22:11:00
Təbiət keşikçisini tapanda…

Qızmar yay günləridir. Hamı bürküdən qorunmaq üçün sərin və kölgəli yer axtarır. Parklar, bağlar, mavi Xəzərin qumlu sahilləri bənzəri olmayan istirahət yerləridir. Bu baxımdan əsrarəngiz təbiətə malik olan Cənub regionunun, eləcə də Lənkəranın bəxti gətirib. Şair demişkən:

Lənkəran deyəndə qabarır sinəm,
Onun qoynundakı ehtişama bax.
Lənkəran ilhamın, zəngin xəzinəm,
Bir tərəfi dəniz, bir tərəfi dağ.

İndi məhz mavi Xəzər də, əsrlərin şahidi qocaman Talış dağları da, yaşıl donlu meşələr də, Qızılağac və Hirkan Milli Parkları da əhalini qoynuna çağırır, onlara ən xoş günlər, nümunəvi istirahət, bol-bol sərinlik vəd edir.

Qızılağac Milli Parkına gəlişimiz də bürkülü bir yay gününə təsadüf etdi. Günəş göydən od töksə də parkın ərazisi sərin idi. Körfəzdən əsən külək elə bil bürkü ilə əsl döyüşə girmişdi. Gözləmək olardı ki, parkın kollektivi də hansısa bir sərin kölgəli yerə qollu-budaqlı bir ağacın altına çəkilib istirahət etsin. Heç də gözlədiyimiz kimi deyildi. Parkda yenidənqurma işləri nəinki davam edir, hətta yeni vüsət almışdı.

Qızılağac Milli Parkın direktoru Firdovsi Məmmədovla iş başında görüşdük. Yeməkxananın tikintisində çalışanlara öz tapşırıqlarını verən direktor fikirlərini bizimlə bölüşüb dedi:

- Qızılağac milli parkı bənzərsiz Azərbaycan təbiətinin bir parçasıdır. Respublikamızın turizm istiqamətində son illərdə atdığı uğurlu addımlar buraya getdikcə daha çox turist axınının olacağından xəbər verir. Təbii ki, bu axının müəyyən qismi öz biomüxtəlifliyi, zəngin bitki və heyvanat aləmi, bol dəniz sərvəti ilə respublikanın digər Xüsusi Muhafizə Olunan Təbiət Ərazilərindən fərqlənən parkımıza da gələcək. Qısa müddət ərzində xeyli yenidənqurma işi aparsaq da, hələ bu, bizi qane etmir. Yeməkxanaya və çayxanaya ehtiyacımız vardı. Məqsədimiz təbii gözəlliklərimizlə bərabər milli mətbəximizi də təbliğ etməkdir... Hazırda 99060 hektar əraziyə malik parkın ərazisi artıq Böyük Qızılağac körfəzini və Salyan düzünün bir hissəsini əhatə edir. Həmçinin Masallı və Neftçala rayonlarının əraziləri ilə həmsərhəddir. Elə buna görə də, böyük bir ərazini tam nəzarətdə saxlamaq mümkün deyildi. Brokonyerlər üçün əlverişli şərait yaranmışdı. Hal-hazırda parkın ərazisinə gizli yolla daxil olmaq istəyən brokonyerlərin qarşısı demək olar ki, alınıb. Qızılağac kəndini Milli Parkla birləşdirən 12 km-lik yol çəkilir. Təbii ki, yol çəkilişi bitəndən sonra bütün ərazi kollektivimizin nəzarətində olacaq...

Firdovsi Məmmədov təvazökarlıqdan çox şeyləri dilə gətirməsə də biz bunları əyani şəkildə gördük. Keçən ilin payızında əkilən ağaclar artıq boy vermişdi. Yeni salınan yaşıl zolaq səhralıqda yaşıl xiyabanı xatırladırdı. Yardımçı təsərrüfatda pomidor, xiyar, qarpız, kartof və digər bostan bitkiləri əkilmişdi.

Qızılağac Milli Parkının keçdiyi inkişaf mərhələləri parkın ərazisində bizi müşaiyyət edən əyani təşviqat vasitələrində öz əksini tapıb. Məlum olduğu kimi, əvvəllər təbiət qoruğu kimi fəaliyyət göstərən Qızılağac Prezidentimiz cənab İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə Milli Parka çevrilib. Bu xüsusi Mühafizə Olunan Təbiət ərazisi 1976-cı ildə “Su-bataqlıq yerləri Konvensiyası”nın suətrafı və suda üzən quşların məskunlaşmasına görə 12 Beynəlxalq əhəmiyyətli qoruq sırasına daxil edilib. Əsas hissəsini su akvatoriyası, cəngəlliklər və quru sahələr təşkil edən bu qoruğun ərazisi müxtəlif təbii landşaft sahələrindən ibarət idi.

    

Qoruq Milli Parka çevriləndən sonra buraya yeni həyat gəldi. Çox şey dəyişilib. Parkın indiki inzibati binası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin İnkişaf Proqramı və Qlobal Ekoloji Fondun həyata keçirdiyi “Xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi” adlı birgə layihə çərçivəsində inşa edilib. Burada kollektivin normal iş fəaliyyəti üçün lazımi şərait yaradılıb. Parkın canlı aləmi, flora və fauna növləri barədə məlumat almaq məqsədilə burada Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərir.

Ümumiyyətlə, turistlər, qonaqlar üçün parkda maraqlı yerlər çoxdur. Belə ki, məhz yeni rəhbərliyin fəaliyyəti dövründə qamışdan zövqlə tikilən qonaq evi, ərazidə nümayiş etdirilən dulusçuluq məişət əşyaları, rəmzi at arabası. Qamış evlər... qədim lənkəranlıların həyat tərzindən, gündəlik məşğuliyyətindən xəbər verir.

Yaxşı yadımızdadır, hələ qoruq kimi fəaliyyət göstərəndə, haqqında bəhs etdiyimiz bu Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi çox bərbad vəziyyətdə idi. Brokonyerliyə daha geniş meydan açılmışdı. Brokonyerlər istədiyi vaxtda qoruğun ərazisində nadir quşları, balıqları ovlayaraq, onların normal yaşayış tərzinə əngəllər törədirdilər. Elə buna görə də quşların, balıqların sayı ildən ilə azalırdı. Hətta qoruğu özlərinə əbədi məskən seçən quşlar da bu yerdən uçub gedirdilər. Halbuki dünyanın müxtəlif yerlərindən quşların buraya gəlməsi üçün qoruq zəngin təbii landşafta və mülayim iqlimə malik idi. Hal-hazırda küsüb gedən quşlar geri qayıdırlar. Çünki, parkda artıq talançılğa son qoyulub. Parkın direktoru Firdovsi Məmmədovun rəhbərliyi altında bu yerin təbii sərvətləri qayğı ilə qorunur. Təsadüfi deyil ki, Uraldan, Tundradan, Sibirdən, Avropadan gələn qırmızıdöş qaz, ağ durna, qu quşu, qızıl dimdiklər, Misir vağları və qırıldağları yazda məhz Qızılağac Milli Parkında yuvalanırlar. Burada Sultan toyuğuna, turaca, dovdağa, qulara, çöl qartalına... da rast gəlmək olur. Bir sözlə hazırda parkın ərazisində 270 növ quş məskunlaşır. Onların 25 növü nadir quşlar kimi “Qırmızı kitab”a daxil edilib.

Eyni zamanda bu ərazidə sürünənlərin, suda-quruda yaşayanların və həşəratların bəzi nadir növlərinə təsadüf olunur. Su hövzəsində isə 54 növdən çox balıq, eləcə də Xəzər suitisi yaşayır...

     

Biz əvəllər qoruqda çox olmuşuq. Lakin heç vaxt görməmişik ki, çöl quşları üçün dən tədarük edilsin. Nəhayət parkda bunu da gördük. İnzibati binanın qabağında tayalanmış dən, quşların yemlənməsi üçün arpa dolu çuvallar indidən qış hazırlığından xəbər verirdi.

Qızılağac Milli Parkı keçən ildən açıq məkan elan edilib. Bu, əhali ilə park arasında canlı əlaqə yaratmaq, ekoturizmi inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Hətta həvəskarlara, təbiətsevərlərə tilovla balıq ovlamağa da icazə verilir. Təbii ki, bu, vaxtilə qaz vurub qazan dolduranlara heç də sərf eləmir. Brokonyerlər parka yeni həyat verən, gənc Milli Parkın təbii sərvətlərini qoruyub gələcək nəsillərə çatdırmaq üçün bütün səy və bacarığını, qüvvə və enerjisini ortaya qoyan direktor Firdovsi Məmmədovun simasında düşmən obrazı yaratmağa cəhd edirlər. Onlar Milli Parkın ünvanına böhtan, iftira dolu məktublarla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər rəsmi dövlət orqanlarına müraciət etməkdən belə çəkinmirlər. Öz çirkin niyyətlərini həyata keçirmək istəyən, ciddi nöqsanlara görə işdən qovulanlar brokonyerlərlə iş birliyi quraraq üzdəniraq jurnalistlərlə əlaqəyə girib, bəzi sosial şəbəkələrdə bu barədə qərəzli materiallar yerləşdirirlər. Amma bir sınaqdan keçmiş el məsəlində deyildiyi kimi, «əgər qaya möhkəmdirsə yel ondan nə apara bilər». Haqqı danmaq, həqiqətin ağzına daş basmaq heç də insafdan deyil. Direktor isə öz işindədir. O, ölkə Prezidentinin, Ekologiya və Təbii Sərvətlər Nazirinin tövsiyə və tapşırıqlarını əldə rəhbər tutaraq Qızılağac Milli Parkını yenidən qurur.

Yeri gəlmişkən, qeyd edək ki, Qızılağac Milli Parkında son ekoloji durum heç də ürəkaçan deyildi. Xüsusilə, buranın bioloji müxtəlifliyinə divan tutan, balıqları elektrik avadanlıqları ilə məhv edən təbiət qənimlərinə “sapı özümüzdən olan baltalar” da göz yumurdu. Bu cür narahatlıq həm də qeyri-professional kadr “potensialı” ilə bağlı idi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi çox haqlı olaraq parkın rəhbərini dəyişdirdi. Artıq insanlar parkın nadir təbiət incisi olduğu ilə hesablaşmağa başlayıblar. Təbiətə laqeyd və etinasız münasibət bəsləyənlər haqqında ciddi tədbirlər görülür. Parkın mühafizəsi ciddi şəkildə gücləndirilib. Bir sözlə, yeni rəhbərliyin yaratdığı sağlam şərait və mühit hamını öz işinə məsuliyyətlə yanaşmağa sövq edir. Əhali ilə aparılan maarifləndirici tədbirlər də təbii ki, öz səmərəsini verir. Burada bioloji müxtəliflik qayğı ilə qorunur.

                          

Parkın indiki mənzərəsini görəndə istər–istəməz onun əvvəlki siması gözümüzün önündə canlanır. O vaxt hətta parkın bəzi işçiləri mövcud hərc–mərclikdən istfadə edərək brokonyerlərlə iş birliyi qurmuş və buranı ətrafda yaşayan adamların mal–qarası üçün örüş yerinə çevirmişdilər. İndi həmin yerlər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə sahibkarlara icarəyə verilmiş, burada dənli bitkilər əkilmişdir. Bu da nadir çöl quşlarının parka axınını sürətləndirib.

Çox təəssüf ki, parkda aparılan yenidənqurma işləri, mühafizənin gücləndirilməsi artıq brokonyerlərin və onlara himayədarlıq edənlərin ciddi təşvişinə səbəb olub. Axı, bu Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi onlar üçün daha gəlir mənbəyi deyil. Təbiət qənimləri bəlkə də, qaytardılar xəyalı ilə yeni rəhbərliyin mütərəqqi iş üsulunu, atdığı uğurlu addımlarını və bir sözlə Milli Parka gətirdiyi yeni ab–havanı heç cür qəbul edə bilmir, vəziyyətdən çıxış yolunu direktora, Nazirliyə şər, böhtan atmaqda görürlər. Əslində indiki durum və əsas diqqət parkın kompleks ekoloji inkişafı üçün əkin - təsərrüfat sahələrinin yaradılmasına yönəldilir. Bu da quşlar üçün zəngin yem bazası deməkdir.

Təcrübəli ekoloq Talıb Kərimovla da parkda görüşdük. O, başını təəssüflə yellədərək, - araşdırmadan gəlirəm, - dedi – insaf da dinin yarısıdır. İki ildən çox idi ki, buraya yolum düşmürdü. Xəyalımda qoruğun əvvəlki acınacaqlı vəziyyəti vardı. Lakin indiki durum məndə qürur hissi yaratdı. Yeni rəhbərliyin qısa müddətdə gördüyü işlər həqiqətən heyrət doğurur. Ancaq bu, təbiətə xor baxanları razı salmır. Onlar yuxarı dövlət orqanlarını öz göndərdikləri böhtan və iftira dolu məktublarla narahat edirlər. Halbuki onların göstərdikləri faktların birinin belə təsdiqini görmədik. Axı, park indi əsl parkdır. Burda dəstə ilə çöl donuzlarını, ara–sıra qamış pişiyini, tirəndazı, porsuğu, dovşanı, çoxlu sayda əl–ayağa dolaşan turacları, yolların kənarında ürəyin müalicəsi üçün istifadə olunan və az tapılan “Razyana” (el dilində boyana) bitkisini, ümumiyyətlə burada flora və faunanın zənginliyini gördüm. Bu, onu göstərir ki, parkın mühafizəsi işi çox yaxşı təşkil olunub və kollektiv bütünlüklə parka nəzarət edir. Lakin bunları görməmək ən azı insafsızlıqdır...

Talıb Kərimovun sözlərində böyük həqiqət vardı. Apardığımız jurnalist araşdırması da bunu deməyə əsas verirdi. İstər–istəməz keçən il Milli Parkda olan Avropanın dünya şöhrətli ekoloq alimlərinin təəssüratlarını xatırladıq. Onlar deyirdilər ki, Qızılağac Milli Parkı biomüxtəlifliyi baxımından dünyanın ən böyük parkları ilə müqayisə oluna bilər. Hətta burada heç yerdə görmədiyimiz nadir bitki və heyvanat aləmini gördük. Təbii ki, bu da parka göstərilən dövlət qayğısının, dəstəyinin bariz nümunəsidir.

Bəli, artıq təbiətin canlı muzeyinə çevrilən Qızılağac Milli Parkı qızıl günlərini yaşayır.

Bəxtiyar HÜSEYNOV,
Jurnalist-ekoloq