Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-02 15:30:00
Təhsildə innovasiyaların tətbiqinə dəstək verən sistem yaradılıb

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti statusunu əldə etmiş, ölkəmizdə müasir tələblərə cavab verən intellektual tədris sistemini yaradan “Emsys” şirkəti ilə YT Parkdan olan nümayəndə heyəti arasında görüş keçirilib.

 

Akademiyadan AzEdu.az-a bildirilib ki, görüşdə birgə innovativ layihələrin həyata keçirilməsi və əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb. Bildirilib ki, Azərbaycanın ali təhsil sistemində müasir idarəetmə sistemlərinə böyük tələbat var. İnnovasiyaların geniş tətbiqi təhsil sistemində yeni texnologiyaların inkişafına və rəqabətliliyin artırılmasına imkan verəcək.

 

Qeyd olunub ki, “Emsys” şirkətinin müəllifi olduğu “Empro” intellektual tədris idarəetmə sistemində universitetlərin elektron idarə olunması ilə yanaşı, distant təhsil modulu da mövcuddur. Bu isə COVID-19 və digər bu kimi problemlərlə üzləşən təhsil sistemlərində daha çevik və effektiv nəticələr əldə etməyə imkan verəcək. Beynəlxalq təcrübə göstərir ki, distant təhsil böyük potensiala malikdir və yaxın gələcəkdə, demək olar, bütün universitetlərin zəruri tədris alətlərindən birinə çevriləcək.

 

Onlayn görüş zamanı, həmçinin "Empro” sisteminin işinə dair təqdimat olub. Bildirilib ki, sistemin imkanlarına ali təhsil müəssisələrində elektron qeydiyyat, tədrisin elektron planlaşdırılması, fənn qruplarının onlayn qaydada təşkili, fənlərin tələbələr tərəfindən onlayn seçilməsi və mənimsənilməsi aiddir. Həmçinin tələbələrin bütün növ fəaliyyətlərinin elektron qaydada qiymətləndirilməsi, eləcə də müəllim heyətinin tələbələr tərəfindən onlayn dəyərləndirilməsi, imtahanların elektron qaydada tərtibi, məsafədən tədrisin canlı videogörüntü ilə təşkili və monitorinqi, müxtəlif statistik və dinamik hesabatların generasiyası və s. sistemin üstünlükləri sırasındadır.

 

Yeni sistem, həmçinin videokonfranslar, kollektiv onlayn müzakirələr və müxtəlif növ kütləvi tədbirlərin keçirilməsi üzrə virtual platforma kimi istifadə imkanlarına malikdir.

 

Təqdimat tədbir iştirakçılarının böyük marağına səbəb olub. “Empro” sisteminin Azərbaycan universitetlərində tətbiqi perspektivləri ilə yanaşı, Asiya və Afrika ölkələrində də reallaşdırılması haqqında təkliflər irəli sürülüb.