Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-30 17:55:00
“İbtidai sinif kitablarında küçə sözləri var” – Dərsliklər necə tərtib olunmalıdır?

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin çap olunması üçün müvafiq proqram təminatları hazırlayacaq. Bu, Təhsil naziri Ceyhun Bayramovun Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” qərarının icrasının təmin edilməsi barədə əmrində öz əksini tapıb.

AzEdu.az xəbər verir ki,  müvafiq qərarı şərh edən təhsi eksperti Qoşqar Məhərrəmov Publika-az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Qoşqar müəllim, sizcə, bu gün Azərbaycanda kitab çapı, xüsusilə də orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı vəziyyət necədir?

- Bizim dünyaya müəyyən məhsullar, eyni zamanda xidmətlər sata bilməyimiz təhsilin beynəlxalqlaşmasından asılıdır. Yəni, bizim təhsilimizi beynəlxalq standartlara uyğunlaşdırmağımız lazımdır. Başqa bir yol yoxdur. Ona görə də dərsliklərin beynəlxalq ab-hava içərisində olması artıq labüddür. İstənilən sinifdə təhsil alan şagirdimizin öyrəndiyi məzmunla İngiltərədə, ABŞ-da, Sinqapurda, Çində və.s. ölkələrdə olan şagirdlərin öyrəndiyi eyni deyil. Yəni, bu ölkələrdə olan dərsliklərlə bir ahəngdarlıq əmələ gəlməlidir ki, bizim şagirdlərimiz orta məktəbdən məzun olub ali məktəbə getdikdə həmin məktəblilərlə eyni standartda bilik və məlumata sahib olsunlar.

- Bu standartlara cavab vermədiyi necə müəyyən olunur və bu harda özünü göstərir?

- Beynəlxalaq qiymətləndirmə nəticələrində, eyni zamanda TİMS imtahanının Azərbaycanda əvvəl keçirilmiş nəticələrində biz görürük ki, şagirdlərimiz beynəlxalq standartlara cavab vermir. Onlar öz ana dilində oxuduğunu anlama, və yaxud riyazi qabiliyyətlərinin olmasında müəyyən problemlər yaşamaqdadır. Bunun səbəbi bəlkə də bizim kitablarımızın məntiqi təfəkkürü aşılaya bilməməyindən qaynaqlanır. Azərbaycanda dərsliklərin yazılması dünyadakı normal standartlara uyğun aparılır. Yəni, prosesdə heç bir problem yoxdur. Nazirliyin dərsliklər şöbəsi var, tenderlər elan olunur. Amma məsələ ondadır ki, dərslikləri yazanlar beynəlxalq standartları tam təqib edə bilmirlər. Bundan əlavə, hansısa bürokratik amillər dərsliklərin müasirləşdirilməsi məsələsində müəyyən qədər geri qalır. Məsələn, hazırda biz kurikulum sisteminə keçmişik və artıq bu sistemin məzunları var. Görəsən, bu sistemdən məzun olan şagird həqiqətən də azbərçilikdən qurtula bildimi? Yəni, şagird bu müddətdə analitik və situasiya tipli, məntiqi təfəkkürü çətinə salan, idrakı işlədən suallarla qarşılaşdımı? Eksperimental suallar və tədqiqata, layihəyə əsaslanan təlim kurikum sistemi Azərbaycanda tətbiq olunanda siniflərdə öz əksini tapdımı? Verilməsi lazım olan suallar bunlardır.

- Elmi aktuallığı, informasiya yükü və keyfiyyəti baxımından dərsliklərimiz müasir tələblərlə ayaqlaşa bilirmi?

  • Əlbəttə, hazırda prosedural olaraq dərsliklər normal tenderlər elan olunur, yoxlanılır və ölkə standartlarına cavab verir. Amma, beynəlxalq standartlara cavab verirmi? Bu sual altındadır. Bunun nəticəsində isə bizlər yaxşı təhsil verdiyimizi düşündüyümüz halda görürük ki, “Cambridge” sistemi ilə və ya digər Azərbaycanda özəl məktəblərdə də tətbiq olunan beynəlxlq proqramlarla öz proqramımızı müqayisə etdikdə fərqləri müşahidə edirik. Bu fərqlər şagirdləri geri salacaq səviyyədə olan fərqlərdir. Yəni, burada inkişaf etmiş ölkələrin təhsili ilə eyni olsun deyə bir şey yoxdur. Fərqlilik ola bilər. Amma standartlar ahəngdar olmalı, bir-birini tamamlamalıdır və bir harmoniya əmələ gəlməlidir. Bunun üçün hər halda ümid edirəm ki, bu dərslikləri yazanlar və tenderləri icra edənlər, ümumiyyətlə bu prosesi idarə edənlər və nazirliyin müvafiq şöbəsi bunu təkmilləşdirməyə çalışır. Sadəcə, lazım olan təhsilimizin beynəlxalqlaşdırılmasıdır. Yəni, milli təhsil və milli ornamentlar yerində qalmaqla, hətta həcm də bir qədər artırılmaqla yeni dərsliklər formalaşdırılmalıdır. Ancaq, texniki və təbiət elmləri təkmilləşdirilməlidir və dünya standartlarına cavab verməlidir ki, abituriyentlərimiz ali məktəbə daxil olanda problem yaşamasın. Ali məktəblərdən də məzun olanda onların təqdim edəcəyi xidmətlər bütün ölkələr tərəfindən diqqət çəkən, alına bilən, istifadə oluna bilən mal və xidmətlər olmalıdır. 

    - Deməli, dərslikləri yazanların kim olması daha çox önəm kəsb edir...

    - Əlbəttə, çox önəmlidir. Onların hansı amili nəzərə alıb dərslik yazması da önəm kəsb edir. Müəlliflərin hansı ənənədən və yanaşmadan yola çıxaraq kitab yazmağı önəmlidir. Mən biologiya müəllimiyəm. Biz illərlə çay xərçənginin neçə ədəd bığcığı var idisə onu öyrənirdik. Yəni, neçə ədəd bığcığın olmasını suallarda soruşurdurlar. Bu, heç kəsə lazım olmayan bir məlumatdır. Bəlkə də on illərlə Azərbaycan abituriyenti ali məktəbə hazırlaşmaq üçün belə bir əzbərçi yanaşmadan keçirdi. Dövlət imtahanlarına, müəllimlərin işə qəbulu imtahanlarına hazırlaşan müəllimlər də bu tip əzbərçi yanaşmalardan istifadə edirdi. Amma heç vaxt laboratoriya şəraitində hansısa eksperimenti edə bilməyi və ya edə bilməməyi yoxlanılmırdı. Hazırda kitablar müəyyən qədər təkmilləşib və məlumat yığını kütləsi bir qədər azalıb. Amma yenə də onu dünya olimpiadasına hazırlaşan məktəblilərin olimpiada kitabları ilə müqayisə etməyimiz əlbəttə ki, düzgün deyil. Amma İngiltərədə, ABŞ-da tədris olunan dərslikləri bizim beynəlxalq təhsil verən ingilisdilli orta məktəblərimizdəki biologiya kitabı ilə belə müqayisə etdikdə, biz fərqi görürük. Bu fərq şagirdləri geri salır. Ona görə də müəlliflərdən çox şey asılıdır. Müəlliflərdən nələrin tələb olunduğu da sual altındadır.

    - O zaman müəlliflərin yazdığı kitabı ekspert qrupu yüksək səviyyədə yoxlamır...

    - Müəlliflər kitabı yazır və standartlardan da keçir. Yazılan kitab yoxlanılır. Məsələn, hər hansısa müəllimin müəllifi olduğu kitab digər bir ekspert müəllim tərəfindən yoxlanılır. Bu müəllimlər bir-birlərini tanıyırlar. Ekspertlər öz tanıdıqları və ya dost olduqları müəllimlərin yazdığı kitabı tənqid etmək istəmir və onu şuradan keçirir. Beləcə, şəxsi münasibətlər kitabların keyfiyyətini aşağı salır. Yəni, kitab ekspert yoxlamasından keçir. Amma bəlkə də müəyyən düzəlişlər lazım olmasına baxmayaraq, yenə də o kitab yoxlamadan keçir. Beləliklə, kitablarda bu prosedural olaraq bütün amillər və addımlar yerində atılır. Amma yenə də kitabların içərisində qarşılaşmaması lazım olan sözə, vulqar ifadəyə rast gəlinir. Bu vulqar sözün orada hələ də yer ala bilməsi əslində, o ekspertin yaxşı yoxlamamasının nəticəsidir. Yəni, ekspert müsbət rəy yazır və təsdiq edir. Hətta bir neçə fərqli ekspert yoxlayır. Amma bütün ekspertlər bunu görməzdən gəlib və süzgəcdən keçib. Bu süzgəcdən keçibsə, deməli yaxşı yoxlamayıb. Biz deyirik ki, orta məktəblərdə şəxsiyyət yetişdiririk. Amma ibtidai sinif səviyyəsində küçə sözlərinin kitabda yer alması və yaxud bir çox əlavə bir yığın məlumatın yer alması əlbəttə ki, arzu edilməyən haldır.

    - Dərsliklərin yazılmasında şagirdlərin yaş faktoru və psixoloji amilləri nəzərə alınırmı?

    - 3 və ya 5-ci sinif şagirdi cinsi məsələlərlə bu yaşda qarşılaşa bilərmi? Və yaxud 9-cu sinifdə bu tip mövzularla qarşılaşmaq olarmı? Buna xüsusi diqqət yetirmək lazımdır. Yaş faktoru burada nəzərə alınmalıdır. 2 və ya 3-cü sinif şagirdinə psixoloqlar, sosiopsixoloqlar və pedoqoqlar nə qədər məlumat əzbərləməyi tövsiyə edir? Müşahidə edirəm ki, ibtidai siniflər üçün yazılan musiqi dərsliyində bu heç nəzərə alınmayıb. Mən o kitabı musiqişünaslara göstərdim. Onlar dedilər ki, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində bunları öyrənmək normal sayıla bilər. Ancaq, ibtidai sinifdə bu qədər musiqi terminini öyrənməyə ehtiyac yoxdur. Amma bu kitab hazırda ibtidai siniflərə tədris olunur. Ümid edirəm ki, bu qərardan sonra dərsliklər beynəlxalqlaşdırılacaq.