Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-29 16:25:00
“WorldSkills Asia” təşkilatı sahə mütəxəssisləri üçün onlayn təlimlər təşkil edəcək

İyulun 1-dən etibarən “WorldSkills Asia” təşkilatı tərəfindən üzv ölkələr üçün İKT istiqaməti üzrə 8 peşə bacarığını hədəfləyən onlayn təlimlərə başlanılacaq.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a verilən məlumata görə, təlimlər sahə mütəxəssislərinin biliklərinin artırılması və hazırda əmək bazarının tələb etdiyi bilik və bacarıqların təhsil sisteminə gətirilməsinə istiqamətləndirilib. 130-dan çox nümayəndənin qatılacağı təlimlər İKT şəbəkə sistemlərinin idarəedilməsi, biznes üçün İKT həlləri, veb-dizayn və bu kimi digər sahələri əhatə edir. Onlayn qaydada keçiriləcək təlimdə Azərbaycandan 5 peşə istiqaməti üzrə 6 mütəxəssisin iştirakı nəzərdə tutulur.

 

Xatırladaq ki, sözügedən təşkilat “WorldSkills” müsabiqəsinin Asiya qitəsi səviyyəsində aparılan regional əməkdaşlığı, yarışların keçirilməsi, həmçinin bilik və bacarıqların inkişaf etdirilməsi üzrə mümkün təcrübə mübadiləsini nəzərdə tutur.

 

“WorldSkills” müsabiqəsi peşə təhsilli kadrların olimpiadası kimi də tanınır. Müsabiqənin əsas vəzifəsi dünya iqtisadiyyatı üçün vacib texnoloji, eləcə də xidmət sahələrində bacarıq və peşələrin inkişafı, bu sahədə bilik və bacarıqların üzv ölkələr arasında təşviq edilməsidir.