Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-21 14:45:00
Feildən əmələ gələn isim... “Qaçqın”

Hikmət Babaoğlu,
Millət vəkili

Azərbaycan dilində ismin qurluşca üç növü var. Sadə, düzəltmə və mürəkkəb. Düzəltmə isimlər içərisində feildən əmələ gələn isimlər yalnız və yalnız milli şəkilçilər əlavə edilməklə düzəlir. Bu şəkilçilər –ış,-tı, -ma,-aq, -q, -k, -qı, -ğı, -qu, -ğu, ki,-gi, -kü, -gü və s. dir .

Biz 90 – cı illərin əvvələrindəki ümummilli fəaliyyətimiz, yaxud fəaliyyətsizliyimizlə feildən əmələ gələn isimlər üçün yeni bir şəkilçi yaratdıq. Bu “qın” şəkilçisidir. Düzdür hələ də dilçilərimiz feildən əmələ gələn isimləri düzəldən şəkilçilər sırasına elmi ədəbiyyata “qın” şəkilçisini əlavə etməyiblər, amma bu şəkilçi vasitəsilə yaranan isim hazırda gündəlik leksikonumuzda ən çox istifadə edilən sözlərdən biridir. Hətta bu sözlə başlayan Dövlət Komitəmiz də var. Bəzənsə bu sözü mənaca daha da qüvvətləndirmək üçün sözün fonetik strukturunda olan “Ç” səsini qoşa “ŞŞ” şəklində tələffüz edirik. Bu söz “Qaçqın” sözüdür, ya da “Qaşşqın” Qaç feilindən əmələ gəlib! Məsdər forması “qaçmaq” şəklindədir! Bu söz BMT –nin də “diqqətini çəkib” və iyun ayının 20 –sini, yəni bu günü Ümumdünya Qaçqınlar günü elan edib.Yenə bu təşkilatın hesabatında hazırda dünyada 258 milyondan çox qaçqın olduğu qeyd olunur. Taleyin ironiyasına, qədərin tərsliyinə baxın ki, mən də bu 258 milyon qaçqından biriyəm. Özü də tək yox, 1 milyondan çox soydaşım, qandaşım, qədərdaşımla birlikdə! Çox acıdır dostlar, çoox! Həə.....yeri gəlmişkən, Azərbaycan dilinin qrammatikasında bir də inkar şəkilçiləri var. Hətta feillər də hərəkətin icra olunub - olunmamasına görə iki cür olur, təsdiq və inkar feillər! İnkar feillər “ma”, “mə” şəkilçisi ilə düzəlir... Məsələn, yuxarıda misal gətirdiyimiz qaç feilinə inkar şəkilçisi əlavə etdikdə “qaçma” olur...! Nə qədər gözəldir eləmi...? Ya da “qorx” feilinə inkar şəkilçisi əlavə etdikdə böyük hərflə “QORXMA” olur! Bir də elmi ədəbiyyatımızda yenə qarşımıza çıxmayan inkar şəkilçisinin daha da qüvvətləndirilməsi var... Bu zaman inkar şəkilçisi olan “ma” şəkilçisinə bir də “z” hərfi əlavə edilir. Və bu dəfə möhtəşəm bir sifət əmələ gəlir...“QORXMAZ”... o qədər gözəldir ki, hətta onu ad kimi də istifadə edib, isimə çeviririk... Qorxmaz..! Yaxud düz bizim Xaçmaz atrotoponimində olduğu kimi “Xaçmaz... yəni Kaçmaz... “Qaçmaz”.

Dostlar mən feili çox sevirəm... təkcə ona görə yox ki, o hərəkəti bildirir. Həm də ona görə ki, feil dilimizin sütununu təşkil edir. Biz bütün digər nitq hissələrinə aid olan sözlərimizi çox asanlıqla alınma sözlərlə əvəz edirik. Ancaq feilə gələndə çox mühafizəkar oluruq. Böyük Füzuli də ərəb –fars dillərinin total dominantlıq etdiyi 16-cı əsrdə bütün yaradıçılığında istisnasız olaraq bütün feilləri türkcə yazdı! Bu gün (20 iyun) Ümumdünya Qaçqınlar günüdür.... Bu gün qaçqın edildiyimiz vaxtlardakı kimi zəif deyilik .... güclüyük... hətta çox güclüyük! Bu güc, bu milli birlik ən qısa zamanda “qaçqınlığımıza”son qoysun inşallah!