Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-18 12:41:00
Az qala, yazıda istifadə olunan hərfüstü işarənin - apostrofun güdazına gedəcəkdim”- EKSPERT

 

 Səhər saatlarında TV kanallarının birində, bu gün üçün tarixdə nə baş verənlər sadalanarkən, eşidəndə ki, 18 iyun rus ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Lev Tolstoy, Fyodor Dostoyevski, Ziqmund Freyd, Artur Şopenhauer, Fridrix Nitsşe, İmmanuel Kant, Fridrix Hegel, kimi onlarla tanınmışlarla bir sırada, “Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər” siyahısında yer almış Maksim Qorkinin ( Aleksey Peşkov) anım günüdür, istər-istəməz xatirəmdə ali məktəbə necə qəbul olunduğum anlar canlandı.

 

 

Atalarımız demiş, söz vaxtına çəkər. Elə bu vaxtlar idi. Ali məktəbə sənəd vermişdim. O zaman 4 imtahan verməli idik. Bunlardan biri qeyri-profil sayıldığından keçid balına təsiri yox idi. İxtisas fənni olan tarixdən və ədəbiyyat şifahidən “5” qiymət almışdım. Növbəti imtahan ədəbiyyat fənnindən yazılı idi. Mənə inşa yazısı variantında "Maksim Qorkinin “Ana” romanında Pavel Vlasov və onun anası Pelageya Nilovnanın surətləri" mövzusu düşmüşdü. Əsərlə bağlı inşa yazıda Pelageya sadə, dindar, ruhən, mənən əzilmiş bir qadın kimi, Pavel isə əksinə, öz mənliyini uca tutan, mübariz, cəsarətli bir gənc olaraq səciyyələndirilməli idi.

 

 

Belə hesab olunurdu ki, dünyanın bir çox dillərinə tərcümə olunmuş bu məşhur əsər, sinfi mübarizə tarixinə misilsiz xidmət göstərmiş, yeni pafos, yeni ruh, yeni nəfəs gətirmişdir. Əlbəttə ki, bizi sinfi mübarizə ilə bağlı məqamlar o qədər də maraqlandırmasa belə, Qorkinin atasını 5 yaşında İtirməsi, 11 yaşında tamamilə yetim qalaraq, nənəsi və babasının himayəsinə keçməsi, 8 yaşından işləməyə başlaması, bir gəmidə qabyuyan işləyərkən kitab oxumağa marağının artması, çarəsizlikdən kitab oğurlaması, gecələr kitab oxuyarkən şamdan qənaətlə istifadə etmədiyinə görə, kirayə qaldığı ev sahibi tərəfindən cəzalandırılması və həyatının digər bu kimi acı və keşməkeşli illəri barədə kifayət qədər təsəvvürümüz vardı.

 

 

Onun “Uşaqlıq”, “Özgə qapılarında”, “Mənim universitetlərim”, “Makar Çudra”,“Çelkaş”,“İzergil qarı”,“Şahin nəğməsi”, “Meşşanlar”,“Həyatın dibində”kimi povest, hekayə və pyeslərini maraqla oxuyurduq. Oxumağa marağı olmayanlar isə, sadəcə buna məcbur idilər. Bir də ki, o dövrlərdə belə hesab edilirdi ki, əgər, Qorki yalnız “Ana” romanını yazmış olsaydı belə, yenə də xarüqələr yaradan böyük rus sənətkarları ilə bir sırada dayanmağa haqq vardı. Çünki “Ana" Qorki nəsrinin şah əsəri, Qorki realizminin yüksək bir ifadəsi idi.

 

 

Nə isə... Ədəbiyyat inşadan yazılı imtahanın nəticələri elan edilərkən məlum oldu ki, mənə “5/4” qiymət yazıblar. Yazıdan “5/5” alacağıma heç bir şübhəm olmadığından apellyasiya barədə ərizə verdim. Həm də, risk etməyin yeri deyildi. Şikayətimə baxan komissiya üzvlərindən olan bir müəllim yazı işində 3 apostrof və 2 vergül səhfi olduğundan qiymətləndirmənin düzgün aparıldığını bildirərkən, digər müəllim, həmin il Vladimir İliç Leninin 100 illik yubileyinin qeyd edilməsi və Maksim Qorkinin proletariatın dahi rahbərinin ən yaxın silahdaşlarından biri olmasını nəzərə alaraq, bu kiçik orfoqrafik səhvlərin, elə də bir ciddi xəta sayılmadığını təkid etdi. Qiymətimi “5/5” etdilər. Maksim Qorkinin Leninlə dostluğu işimə yaradı.

 

Xeyli sonralar öyrəndim ki, Apostrof (') - Yazıda istifadə olunan hərfüstü işarədir. Adətən, Azərbaycan dilində kirilcə yazıda iki məqsədlə işlədilirdi: 1. Apostrof saitdən sonra, samitdən əvvəl qoyulmaqla həmin saitin uzun tələffüz olunmasını göstərdi. 2. Ərəb mənşəli sözlərdə apostrof samitdən sonra və saitdən əvvəl qoyulmaqla samiti saitdən ayırır və saitin aydın tələffüz olunmasına imkan yaradırdı. Nəhayət, 2003-cü ilin sentyabr ayının 23-də Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə əsasən, apostrof işarəsi ləğv edildi.

 

Nadir İsrafilov

 

TN yanında İctimai Şuranın sədr müavini