https://www.zirve.edu.az/
21.02.2018 11:59
Əlavə dərs vəsaitləri: dərin bilik, yoxsa ağır zərbə? – Nazirlik xəbərdarlıq etdi

Kurikulum sisteminin tətbiqindən sonra şagirdlərin əlavə dərs vəsaitlərindən istifadə halları çoxalıb. Bir çox şagirdlərin sözlərinə görə, müəllimlərin əksəriyyəti onlardan bu vəsaitlərin, xüsusilə də, iş dəftərlərinin alınmasını tələb edirlər. Hətta alınmadığı təqdirdə məktəblinin qiyməti bəzən, aşağı salınır. Bundan narazı olan isə yalnız şagirdlər deyil. Problem valideynləri də həm maddi, həm də övladlarının sağlamlığı baxımından narahat edir. Çünki artıq dərs vəsaiti əlavə dərs yükü deməkdir. Kurikulum sistemində onsuz da az olmayan dərslərə, bir də başqa vəsaitlərdən mövzu və tapşırıqlar əlavə olunduqda, onların yükü birə- beş artır. Bu da məktəblilərin sağlamlıq və psixologiyasına təsirsiz ötüşmür. Narazılığa səbəb olan bu problemin nədən qaynaqlandığını və yaratdığı fəsadları öyrənməyə çalışdıq.

DƏRSLİKLƏRDƏ CİDDİ PROBLEMLƏR VAR

Səbail rayon 49 saylı “İntellekt” məktəb- liseyin ibtidai sinif müəlliməsi Natiqə İbadova AzEDU.az-a açıqlamasında kurikulum sistemində proqrama salınan dərsliklərin şagirdin mövzunu qavraması üçün yetərli olmadığını bildirib: “Dərs səhər saat 08:00-da başlayıb, 12:00-da bitir. Bu saatlar ərzində uşaq həm yemək yeməli, həm ayaqyoluna getməli, həm də dərsə cavab verməli və vaxt qalarsa, 5 dəqiqəlik tənəffüsə çıxmalıdır. Yəni, dərsə ayrılan vaxt çox azdır. Bir sinifdə də təxminən, 28 şagird varsa, zaman məhdudluğu yaranır. Valideynlər bizə tələb qoyur ki, uşaq müxtəlif kurslara gedir və imtahanlar verir. Suallara cavab verməyəndə müəllimdən niyə bu mövzunu öyrətmədiyini soruşurlar. Şagirdin də bu suallara cavab verə bilməsi üçün yalnız dərsliklərlə qane olmaq mümkün deyil. Həm də nəzərə almaq lazımdır ki, dərsliklərdə problemlər çoxdur. Məsələn, ötən günlərdə bir qadın sosial şəbəkələrdə “Həyat bilgisi” dərsliyindən bir mövzunu çəkib paylaşaraq: “Bu mövzu mənim kurs işim olub və müdafiə etmişəm, amma indi 3-cü sinifdə keçirilir” -deyə yazıb. “Həyat bilgisi” dərsliyindəki mövzuları şagird sadəcə, yalandan əzbərləyir. Nə dediyini özü də başa düşmür. Bir sözlə, dərsliklər uşağın dərsi qavramasında yetərli deyil. Əlavə nələrsə öyrətməsən uşaq heç nə qavramır, öyrətsən də yükləmiş olursan. Valideyn də deyir ki, uşaq kursda imtahana düşən suallara cavab verə bilmədi”.

BU, UŞAQLARDA TƏŞVİŞ YARADIR

Uşaq psixoloqu Arzu Məmmədova hesab edir ki, yüklənmənin şagirdlərin mövzunu qavramasına köməyi dəysə də, başqa problemlərin meydana gəlməsinə səbəb ola bilər. Onun sözlərinə görə əlavə dərs vəsaiti hər uşağın potensialına uyğun şəkildə verilməlidir: “Əlavə vəsaitlərdən dərs materiallarının verilməsinin müsbət cəhəti ondan ibarətdir ki, uşaq mövzunu kifayət qədər mənimsəyir. Şagirdin potensialı, qavrama qabiliyyəti nəzərə alınmadıqda isə uşaqlarda öyrənmə çətinliyi meydana gəlir. Bu da şagirddə öz dərsini kifayət qədər mənimsəməməyə, yaxud mənimsədiyi materialı öyrənməməyə gətirib çıxarır. Nəticədə diqqətsizlik yaranır, məktəbli diqqətini kifayət qədər materiala ötürə bilmir. Yəni əlavə dərs vəsaitlərindən hər uşağın potensialı nəzərə alınmaqla istifadə olunmalıdır. Şagird öz dərsini tam mənimsəyə bilmirsə, əlavə dərs vəsaitləri ilə onu yükləmək düzgün sayılmaz. Məsələn, şagird öz tapşırıqlarını edə bilmir və üstəlik, “mənim bundan əlavə də dərs materialım, tapşırığım var” deyib həyəcan keçirir. Bu təşviş özgüvən əskikliyinə gətirib çıxarır. Özgüvəni əskik uşaq isə dərsdə və həyatda uğursuzluğa məruz qalır”.

Psixoloq deyib ki, ümumiyyətlə, 5-6 yaşlı uşaqların əlavə dərs materiallarıyla yüklənməsi yanlışlıqdır: “Məktəbə yeni qədəm qoyan şagird üçün dərs, hərflər hələ yenidir. Əgər, məktəbli 3-4-cü siniflərdə təhsil alırsa, bu zaman bu vəsaitlərdən istifadə oluna bilər. Ən böyük məsuliyyət isə pedaqoqların üzərinə düşür. Çünki onlar, hansı uşağın hansı potensiala sahib olduğunu bilirlər. Bunu nəzərə alsalar, o qədər də ciddi problemlər ortaya çıxmaz”.

DƏRSLƏRƏ ƏYLƏNCƏ QATAQ

Təhsil eksperti Almaz Həsrət də əlavə dərs vəsaitlərinin uşaqlara mənfi təsir etməsindən narahatdır: “Orta təhsil ocaqlarında əlavə dərs vəsaitləri olmamalıdır. Çünki internet-informasiya məkanında yaşayırıq və şagirdlər kifayət qədər məlumatlıdırlar. Onlara əlavə material verib yükləməyin heç bir xeyri yoxdur. Əgər özlərində boşluq görəcəklərsə, istənilən vaxt girib internetdən həmin məlumatı əldə edə biləcəklər. Xüsusilə də, ibtidai sinifləri bu vəsaitlərlə yükləmək doğru deyil. Bizim şagirdlərimiz məktəbdən qaçırlar, səhər yuxudan duranda onların mimikalarına, yolda dərsə gedəndə simalarına diqqət etsək, məktəbə necə istəməyərək getdiklərini açıq-aşkar görmək mümkündür. Bunun da qarşısını almaq üçün məktəblərdə, xüsusilə ibtidai siniflərdə dərslər daha əyləncəli formada, müasir zəmanəyə uyğun keçirilməlidir. Məhz bu cür dərslər keçirilərsə, uşaqlar evə yox, məktəbə meyl edərlər. Ekspert təhsil müəssisəsində şagirdlərin yüklənməsinin onların sağlamlığına da ziyan vurduğunu vurğulayıb: “Arzu Oqtay adlı azərbaycanlı müəllim Finlandiyada dərs deyir. Onun gözəl bir sözü var: “Şagirdlər yalnız ağaca çıxmaqla ağacı, torpağa bulaşmaqla torpağı öyrənə bilərlər”. Təcrübə yolu ilə şagirdlərə proqramı mənimsətmək lazımdır. Belə olan təqdirdə məktəblilər də sevinə-sevinə dərsə gələcəklər”.

TƏHSİL NAZİRLİYİ: VƏSAİTLƏRİN ALINMASI MƏCBURİ DEYİL

Mövzu ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətindən AzEdu.az-a bildirilib ki, əlavə dərs vəsaitləri şagirdlərdən tələb edilə bilməz. Bu məsələ könüllü xarakter daşımalıdır və valideynlərin maddi vəziyyəti nəzərə alınmalıdır: “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” na əsasən dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlər dərsliklərlə dövlət tərəfindən təmin edilirlər. Dərsliklərdə kifayət qədər çalışmalar var ki, onların yazı dəftərində həll edilməsi ilə mövcud təhsil proqramının mənimsənilməsini həyata keçirmək olar. Lakin bununla belə müəllim təhsil proqramında nəzərdə tutulan standartların reallaşdırılması üçün dərslikdən başqa digər tədris resurslarından da istifadə edə bilər. Müəllim tədris prosesində şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq, onlara müxtəlif nəşrlərdən tapşırıqlar verə və bununla da diferensial yanaşmanı təmin edə bilər. Valideynlər tərəfindən həmin nəşrlərin alınması isə məcburi deyil, müəllimin tövsiyəsi ilə könüllü xarakter daşımalıdır. Valideynlər öz maddi vəziyyətlərini nəzərə alaraq, övladlarının istifadə etməsi üçün digər vəsaitlər kimi (planşet, rəngli kağız, flomaster, karandaş, albom, bloknot və s.) tövsiyə edilən vəsaitləri də istədikləri halda ala bilərlər. Lakin bir daha vurğulayırıq ki, həmin nəşrlərin alınması könüllü olmalı və heç bir halda məcburi xarakter daşımamalıdır. Ümumiyyətlə, müəllim tərəfindən tədris prosesində istifadə edilən istənilən tədris resursları şagird üçün əlçatan olmalıdır. Başqa sözlə, verilən tapşırıqlar (misal, məsələ, çalışma, əlavə material və s.) ya dövlət tərəfindən şagirdlərə pulsuz paylanılan dərslikdə olmalı, ya müəllim tərəfindən işçi vərəqlərdə şagirdlərə paylanmalı, ya lövhədə yazılaraq təhsilalana çatdırılmalı, yaxud da şagirdin öz istəyi ilə könüllü olaraq aldığı və istifadəsində olan nəşrlərdə olmalıdır. Şagirdin istifadəsində olmayan hər hansı vəsaitdən istifadə edilməsi və ya onun alınmasına məcbur edilməsi, habelə tədris prosesində müvafiq nəşri alan və almayan şagirdlər arasında ayrı-seçkilik salınması tədris-metodik baxımdan yolverilməzdir”.

Nəzrin Rüstəmova