Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-02 14:02:00
“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Kitab Sovqatı” aksiyası keçirib

 “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Kitab Sovqatı” aksiyası keçirib.

 

AzEdu.az məlumatına görə, aksiya çərçivəsində Daşkəsən rayonun Çovdar, Quşçu və Şadax kəndlərində yaşayan 100-dən çox uşağa kitab və şirniyyatlardan ibarət hədiyyə bağlamaları təqdim edilib. Kitablar daha çox 10 yaş ətrafındakı uşaqların psixologiyasına uyğun, ən çox bəyənilən və uşaqlarla yanaşı, böyüklərin də həvəslə oxuduğu dünya və yerli ədəbiyyat nümunələrindən seçilib. Bu kitablar uşaqlara cəsarət, mübarizə, qorxmazlıq, arzularının arxasınca getmək, dostluq və sevgi kimi dəyərləri aşılayır.

 

Aksiyanın məqsədi əhalinin həssas qrupuna aid edilən uşaqların hazırki dönəmdə boş vaxtlarını daha səmərəli keçirməsi üçün onları ən gözəl hədiyyə olan kitablarla sevindirməkdir.

 

Qeyd edək ki, “AzerGold” QSC-nin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində icra edilən bu tip aksiyalar sosial yönümlü dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, Cəmiyyətin fəaliyyət göstərdiyi bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsinə xidmət edir.