Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-01 15:46:00
LDU-da tələbələr yaz semestrinin imtahan sessiyasında nəzərdə tutulan imtahanların 35 faizindən azad edildilər

AzEdu.az xəbər verir ki, Lənkəran Dövlət Universiteti Elmi Şurasının 01 iyun 2020-ci il tarixində onlayn qaydada keçirilmiş iclasında yaz semestrinin imtahan sessiyası, buraxılış qrupları, təcrübələr və magistr dissertasiyalarının müdafiəsi ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

  1. Magistratura səviyyəsində elmi-pedaqoji təcrübənin qiymətləndirilməsini magistrantın bakalavriat səviyyəsinin proqramı üzrə onlayn qaydada tədris etdiyi sınaq dərslərinə kafedra müdiri və təcrübə rəhbərinin baxış keçirilməsinin nəticəsinə görə (magistrantın tədris etdiyi sınaq dərsin yazılmış videogörüntüsunə əsasən), elmi-tədqiqat təcrübəsinin qiymətləndirilməsi isə magistrantın magistrlik dissertasiyasının hazırlanması zamanı həyata keçirdiyi tədqiqat işlərinə görə aparılsın;

 

  1. Bakalavriat səviyyəsində pedaqoji təcrübənin qiymətləndirilməsini ixtisasa uyğun tədris olunan tədrisi metodika və ümumtəhsil kurikulumunun əsasları fənləri üzrə tələbənin nəticələrinin orta balı əsasında, istehsalat təcrübəsinin qiymətləndirilməsini isə təhsil proqramına daxil edilən ixtisas fənləri üzrə tələbənin nəticələrinin orta balı əsasında aparılsın;

 

  1. Magistratura səviyyəsində magistrlik dissertasiyasının məzmununa və yazılmasına qoyulan ümumi tələblər yerinə yetirilməklə magistrlik dissertasiyası magistrant tərəfindən poçt vasitəsilə muvafiq fakültə dekanlığına təqdim edilsin və ixtisaslaşdırılmış şuraların iclasları onlayn qaydada təşkil olunmaqla magistrlik dissertasiyasının müdafiəsi 16-25 iyun 2020-ci il tarixləri arasında (cədvəl üzrə) keçirilsin;

 

  1. Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-nə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunsun. Bu qiymətləndirmə ilə razı olmayan tələbələr üçün ixtisas üzrə dövlət imtahanının iyun ayının 30-dan iyul ayının 5-dək onlayn qaydada təşkil edilsin;

 

  1. Bakalavriat və magistratura səviyyələrində imtahan sessiyasının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi aşağıdakı qaydalarla tənzimlənsin:

 

- Tələbələrə əvvəlcədən şəxsi kabinetləri vasitəsilə müəyyən edilmiş tarixdə onlayn qaydada 3 sualdan ibarət olan, 2 saat ərzində yazılı formada hər fənn üzrə bir kollokvium keçirilsin və tələbələr tərəfindən həmin yazılar şəxsi kabinetlərinə göndərilsin. Həmin kollokvium yazıları maksimum 50 balla qiymətləndirilsin;

 

- Bakalavriat səviyyəsi üzrə tələbələr cari semestrə tədris olunan “Humanitar fənlər bölümü (seçmə fənlər daxil olmaqla)” üzrə fənlər, ixtisasın peşə-hazırlığı üzrə seçmə fənlər və Mülki müdafiə, Tibbi biliklər, Psixologiya, İşgüzar yazışmalar fənləri üzrə imtahanlardan azad olunsunlar. Bu fənlər üzrə qiymətləndirmə tələbələrin müvafiq fənn üzrə kollokvium nəticəsinin ikiyə vurulması ilə aparılsın;

 

- Baytarlıq cərrahiyəsi, “Patanatomiya, yarma və baytarlıq məhkəmə ekspertizası”, Elektronikanın əsasları, Kompüter sxemotexnikası və mikroprosessor sistemləri, Rəsm, Boyakarlıq, Eşidib anlama və nitq, Şifahi anlama və şifahi ifadə fənlərin spesifik xüsüsiyyətlərinə görə onlayn qaydada bəzi mövzüların tam şəkildə keçirilməsi mümkün olmadığından, həmin fənlər üzrə tələbələrə avqust ayında keçiriləcək 3 həftəlik icmal dərslərində iştirak etdikdən sonra imtahan təşkil edilsin;

 

 

- Aralıq qiymətləndirmənin aparılması üçün iyun ayının 11-dən iyul ayının 5-dək imtahan sessiyası onlayn qaydada təşkil edilsin və imtahan zamanı tələbənin biliyi maksimum 50 balla qiymətləndirilsin;

 

- İmtahanda iştirak üçün tələbə əvvəlcədən şəxsi kabineti vasitəsilə qeydiyyatdan keçməlidir, bundan sonra təyin olunmuş vaxtda 5 sualı 2 saat 30 dəqiqə ərzində yazılı formada cavablandırdıqdan sonra həmin cavabları elektron formada şəxsi kabinetinə yerləşdirməlidir;

 

- Hər bir fənn üzrə tərtib olunmuş imtahan suallarının sayı fənnin məzmunu və əhatəliliyi gözlənilməklə azaldılsın və sadələşdirilsin;

 

  1. Onlayn qaydada dərslərdə iştirak edə bilməyən tələbələrin istəyi və müraciətləri olduğu halda (müraciətlər iyul ayının 5-dək müvafiq fakültə dekanları tərəfindən qəbul olunur) cari ilin avqust ayı ərzində (3 həftə müddətində) icmal mühazirələr (ödənişsiz əsaslarla) təşkil olunsun.

 

  1. Müəyyən fənlərdən onlayn qaydada dərslərdə iştirak edib onlayn imtahan zamanı qeyri-müvəffəq qiymət almış tələbələrin istəyi və müraciəti olduğu halda (müraciətlər iyul ayının 7-dək müvafiq fakültə dekanları tərəfindən qəbul olunsun) onlar üçün də həmin fənlər üzrə cari ilin avqust ayı ərzində (3 həftə müddətində) icmal mühazirələr (ödənişsiz əsaslarla) təşkil edilsin;

 

  1. Onlayn dərslərdə iştirak etməyib və şəxsi kabinetdə yerləşdirilmiş mühazirə mətnlərindən, digər tədris materiallarından istifadə edərək müstəqil hazırlaşmış tələbələrə onlayn qaydada imtahanlarda iştirak etmələri üçün şərait yaradılsın. Həmin tələbələr əgər hər hansı fənn (fənlər) üzrə qeyri-müvəffəq qiymət aldıqda onların istəyi və müraciəti olduğu halda (müraciətlər iyul ayının 7-dək müvafiq fakültə dekanları tərəfindən qəbul olunur) onlar üçün həmin fənn (fənlər) üzrə cari ilin avqust ayı ərzində (3 həftə müddətində) icmal mühazirələr (ödənişsiz əsaslarla) təşkil edilsin.

 

  1. Onlayn qaydada imtahanda iştirak edib qiymətindən narazı olan tələbələrin müraciətləri (müraciətlər iyul ayının 7-dək müvafiq fakültə dekanları tərəfindən qəbul olunur) nəzərə alınsın və cari ilin avqust ayı ərzində (3 həftə müddətində) icmal mühazirələrdə (ödənişsiz əsaslarla) iştirakı üçün şərait yaradılsın.

 

  1. İcmal mühazirələrdən sonra avqust ayında növbəti semestr başlayanadək ənənəvi üsulla imtahanlar təşkil edilsin. Ənənəvi üsulla imtahanlar zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”inə ciddi riayət olunsun.

 

  1. Sonuncu tədris ili tələbələri üçün əvvəlki semestr (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) və alt qruplarla oturduğu fənlərdən uyğun olaraq 20 iyun tarixindən 30 iyun tarixinədək onlayn qaydada imtahanlar təşkil olunsun.

 

  1. Qiyabi təhsilalma forması üzrə təhsil alan tələbələr ikinci semestrin dərslərini yanvar ayında keçdikləri və onların cari qiymətləndirməsinin aparıldığı nəzərə alınaraq onların imtahanları onlayn qaydada iyun ayının 11-dən, iyul ayının 5-dək təşkil edilsin. Onlayn qaydada imtahanlarda iştirak edə bilməyən qiyabi təhsil alan tələbələr üçün sentyabr ayında ənənəvi qaydada imtahan təşkil edilsin.

 

  1. Təşkil olunmuş attestasiyalarda (yekun attestasiya və ya aralıq qiymətləndirmə) iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət almış tələbələr üçün növbəti semestr başlayana qədər imtahan sessiyası təşkil olunsun. Əlavə olaraq tələbə hər bir semestrdə fənni (fənləri) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Bütün hallarda imtahan verən tələbənin ümumi qiymətləndirməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirmənin nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur. Təkrar imtahan üçün ödəniş tələb olunmur.

 

  1. Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında 2020/2021-ci tədris ili başlayanadək müəyyən edilsin. Yaz semestrinin nəticələrinə görə akademik borcu yaranmış və akademik borcu 2020/2021-ci tədris ili başlayanadək ləğv etmiş tələbə növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilsin.