Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-28 16:00:00
Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti

     AzEdu.az  ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor,  Əməkdar elm xadimi Fərrux Rüstəmovun  Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti ilə bağlı yazısını təqdim edir:

 

 XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının  yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi, mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın  yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi  üçün zəmin hazırladı. XX əsrin əvvəllərində  milli təfəkkürə və qan yaddaşına, soy-kökünə qayıdış, milli oyanış, özünüdərk, xalqın  ruhunda, təfəkküründə  yaşayan azadlıq yanğısı gerçək həqiqətə çevrildi. Milli maarifçilər tərəfindən formalaşdırılan  milli istiqlal konsepsiyasının dolğunluğu, onun səmərəli şəkildə təbliği və tətbiqi azad Azərbaycan vətəndaşının tərbiyə olunması, ictimai mübarizələr səhnəsinə atılması vəzifəsini qarşıya  qoymaqla Azərbaycan gəncliyinə  təlqin edirdi  ki, milli müstəqilliyə malik olmayan bir millət azadlıq və haqqını qoruya  bilməz .

 

Həmin vəzifə 1918 -ci ildə mayın 28-də milli müstəqilliyimizi  elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti dövründə  ləyaqət və şərəflə  yerinə yetirildi. Azərbaycan hökumətinin fəaliyyətində başlıca istiqamətlərdən birini  ölkənin ərazi bütövlüyünün qorunması, digərini isə xalq maarifinin yeni əsasda, milli platformada təşkili təyin edirdi. Təhsilin, maarif və mədəniyyətin  milli əsasda qurulması dövlətin əsas təməl prinsiplərindən biri hesab olunurdu.  Mübarizə milli mədəniyyətin bütün sahələrini əhatə etsə də, əsas etibarı ilə xalq maarifinin milli ruhda, yeni tərzdə  təşkili, məktəblərin milliləşdirilməsi, ana dilində məktəblərin yaradılması, milli ali və orta  ixtisaslı kadr hazırlığı və təlimin məzmunu ətrafında  mərkəzləşmişdi ki,  bunu da təsadüfi hal hesab etmək olmaz. Çünki məktəb mədəniyyətin əsas həlqəsini, təməlini təşkil edir. Cəmiyyət necə oxuyursa, eləcə də yaşayıb inkişaf edir. Bu səbəbdən də  hələ vaxtilə N.Nərimanov yazırdı: “Hər bir millətin mədəni tərəqqisi məktəblə, məktəbin tərəqqi tapması isə  müəllimlərlə bağlıdır”.  Elə bu səbəbdən də Cümhuriyyətin ilk maarif naziri Nəsib bəy Yusifbəyli  deyirdi: “İstiqlalımız, istiqbalımız həp maariflə bağlıdır. Əgər milli maarifimiz, milli məktəbimiz tərəqqi etməzsə, bizim üçün fəlah (qurtuluş, xoşbəxtlik - F.R.)  və nicat ümidi qalmaz”  (16,334).

 

Respublikada xalq maarifini, məktəb təhsilini qaydaya salmaq, milli ali, orta və ibtidai məktəb şəbəkəsi yaratmaq, mövcud məktəbləri milliləşdirmək və digər bu kimi tədbirləri yerinə yetirmək  məqsədilə Azərbaycan hökumətinin  qərarına əsasən 30 iyul 1918-ci ildə  Xalq Maarifi  Nazirliyi yaradıldı.  2 avqust 1918-ci ildə təsdiq olunmuş əsasnamədə  nazirlik  aşağıdakı kimi  təşkil olunmuşdu:

  1. Nazir.
  2. Nazir müavini.

III. Nazir şurası (nazir, nazir müavini, şöbə müdirləri, dəftərxana  müdiri, iclasda  dəvət olunan tədris-maarif işi mütəxəssisləri və elm nümayəndələri). Nazir şurası aşağıdakı məsələlərə baxırdı: a) qanunverici müəssisələrə təqdim olunacaq qanun layihəsinin hazırlanması; b) respublikada  tədris-maarif işini və  elmin inkişafını təmin edə biləcək tədbirlərin işlənib hazırlanması; c) nazirliyin bütün müəssisələrinin illik pul smetasının tərtibi: ç) nazirliyin bütün idarə və  tədris müəssisələrinin  illik hesabatının müzakirəsi; d) nazirin  şuranın   müzakirəsinə təqdim etdiyi digər  işlər və məsələlər.

  1. Məktəbləri idarə edən 3 şöbə vard: 1) ali və orta məktəblər şöbəsi; 2) xalq  məktəbləri şöbəsi; 3) peşə məktəbləri  şöbəsi. Hər şöbəyə şöbə müdiri rəhbərlik edirdi ki, onların  da vəzifələrinə aşağıdakılar daxil idi: a) şöbə məktəblərinin  yenidən təşkili. Yeni məktəblərin  açılması, köhnə məktəblərin ləğvi haqqında planların və smetaların işlənib hazırlanması; b) işə qəbul və azad olunanların  nazirə təqdimi;c) xidmətçilərin  təyini və azad edilməsi.
  2. Nazirliyin dəftərxanası. Nazirlik yarandığı ilk gündən xalq maarifinin milli konsepsiyada təşkilini ön plana çəkir, ümumi icbari təhsil layihələri hazırlayır, kəndlərdə, şəhərlərdə yeni məktəblər açılır. Bu yolda ən mürəkkəb və çətin vəzifəni -milli   məktəblər üçün müəllim hazırlanması vəzifəsini həll etmək üçün Darülmüəllimlər şəbəkəsi  genişləndirilir.Azərbaycan mədəniyyətinə onlarca işıqlı zəka bəxş etmiş Qori Semnariyasının Azərbaycan şöbəsi Qazaxa köçürülür və  F.Köçərlinin səyi və işgüzarlığı nəticəsində həmin ilin noyabrında fəaliyyətə başlayır.

1919-cu ilin əvvələrində respublika ərazisində 23 dövlət orta təhsil müəssisəsi  vardır ki, onlardan da 6-sı kişi, 4-ü qadın gimnaziyası, 5-i realnı məktəb, 3-ü müəllimlər semnariyası, 3-ü ”Müqəddəs Nina” qız məktəbi, politexnik məktəb və kommersiya (ticarət-F.R) məktəbi idi  (12,54).

 Balaxanı real  məktəbi qız gimnaziyası ilə birləşdirilmişdi ki, orada  oğlanlarla  qızlar birgə təhsil alırdılar. Bakıdakı 4-cü kişi və qadın giminaziyası yeni formada axırıncı 4-cü siniflə fəaliyyət göstərirdi. Kişi  gimnaziyası iki şöbədən- humanitar və real, qadın giminaziyası isə ancaq humanitar şöbədən  ibarət idi. 1919-cu ilin əvvəllərində Bakı qadın seminariyası kişi seminariyasına çevrildi ki, orada da həmin ilin  payızında dövlət hesabına  yaşayan və oxuyan  40 nəfər  uşaq üçün pansion açıldı. Seminariyada fəaliyyət göstərən kiçik və böyük  hazırlıq sinifləri və I siniflərdə 60 şagird təhsil alırdı.

2 iyun 1919-cu ildə qadın gimnaziyalarında pedaqoji şura sədri, müdir, sinif mürəbbiləri vəzifələri ləğv olundu və onun yerinə kişi gimnaziyalarında olduğu kimi direktor, inspektor və  sinif rəhbərinin  köməkçisi vəzifələri  yaradıldı. 11 avqust 1919-cu ildə  Bakıdakı ”Müqəddəs Nina” qız məktəbi Azərbaycan milli qadın gimnaziyasına, Gəncə və Nuxadakı məktəblər isə uyğun olaraq Gəncə və Nuxa qadın gimnaziyalarına çevrildi.

1918-1919-cu tədris ilində Gəncə müəllimlər seminariyası milliləşdirildi. Bakıda kişi və qadın, Nuxada kişi seminariyaları  açıldı. Zaqatala, Ağdam, Şuşa şəhərlərində də seminariyaların  açılması nəzərdə tutuldu. İbtidai məktəblərin müəllimlərə olan ehtiyacını təmin etmək məqsədi ilə Gəncədə, Nuxada, Şuşada 200 nəfər müəllim  hazırlayan kurslar açıldı (1). Təhsil  ocaqlarının milliləşdirilməsini daha səmərəli təşkil etmək, ibtidai siniflərin  müəllimlərə ehtiyacını ödəmək üçün Bakıda, Qazaxda, Qusarda, Salyanda və Zaqatalada da qısa müddətli kurslar açıldı  ki, bunların da hər birində 50 nəfər  müdavim təhsil alırdı. Parlamentdə Göyçayda realnı məktəbin açılması haqqında qanun layihəsi təsdiq olunmuşdu (12). Türkiyədən   dəvət olunmuş 50 nəfər müəllim  respublikada  xalq marifinin  yenidən təşkilində səylə  çalışır, dərsliklər yazır, tədris vasitələri hazırlayır, milliləşdirilmiş məktəblərdə dərs  deyirdilər.

Bakı politexnik, kommersiya məktəbləri istisna  olmaqla bütün orta  təhsil müəssisələri, o cümlədən III, IV kişi və II, III, IV qadın  gimnaziyaları milliləşdirilmişdi. Hökumətin 28 avqust 1918-ci il tarixli qərarına əsasən bütün məktəblərdə Azərbaycan dilinin  məcburi  tədrisi  qanuniləşdirilmişdi. Xalq maarifi sahəsində  milliyətindən, dini mənsubiyyətindən  və cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquq verilir, ümumi, pulsuz, icbari  təhsil elan  olunurdu. Milliləşdirilmiş məktəblərdə rus tarixinin yerinə ümumi türk tarixi, rus məktəblərində isə  həftədə 3-4 saat Azərbaycan dili tədris  olunurdu. Azərbaycan Demokratik Respublikasına qədər Azərbaycanda ana dilində orta məktəb yox idi. Ana dili o dövrün orta təhsil ocağı sayılan real  məktəblərdə həftədə bir-iki dəfə keçilən məcburi olmayan fənn hesab  olunurdu. İlk dəfə orta təhsilin milliləşdirilməsi Demokratik Respublika dövründə  həyata keçirildi ki, bu da qüdrətli sənətkarımız  A.Şaiqin adı ilə  bağlıdır. Məhz onun  təşəbbüsü ilə bütün dərslərin rus dilində keçirildiyi Bakı  I realnı məktəbinin  nəzdində Azərbaycan dili üzrə  üç aylıq kurs açıldı. Bu kursu qurtaran  şagirdlər üçün 49 rus sinfi olan Bakı  I realnı məktəbində bütün dərslərin Azərbaycan dilində keçirildiyi bir sinif (üçüncü sinif) təşkil olundu. Bu sinifdə 25 şagird oxuyurdu. Onlar 1924-cü ildə ana dilində orta məktəbi bitirən ilk məzunlar oldular. Məktəbdə A.Şaiqlə  birlikdə C.Cəbrayılbəyli, Q.Rəşad, X.Kələntərli kimi görkəmli pedaqoqlar dərs deyirdilər. Azərbaycanda milli kadrların yetişdirilməsində  sonralar “Abdulla Şaiq adına nümunə  məktəbi” kimi şöhrət  qazanmış həmin milliləşdirilmiş məktəbin  böyük əhəmiyyəti olmuşdur.

Azərbaycan dili dövlət dili  elan edildiyindən  ruscadan “bütün məhkəmə, idapeyi-daxilliyə və sair dəvair vəzifələri  başında duranlar  bu lisanı bilənlər olana qədər” hökumətin müəssisələrində istifadəsinə icazə verilirdi (4,18). Azərbaycan Parlamentinin dəftərxanası bütün türk dövlət və ictimai təşkilatlarına, eləcə də ayrı-ayrı şəxslərə bildirirdi ki, parlamentə, onun dəftərxanasına hər cür yazılı müraciət ancaq dövlət  dilində olmalıdır... dövlət dilində olmasa, baxılmamış qalacaq. Başqa dillərdə yazılmış  ərizələrin üzərinə parlamentin  sədr müavini Həsənbəy Ağayev  səliqə ilə aşağıdakı məzmunda dərkənar qoyardı: “Ərizə türkcə lisanda olmadığı üçün əncamsız qalır” (6,54).

Bu kimi dövlət səviyyəli tədbirlərin  nəticəsi idi ki, bütün orta təhsil müəssisələrində təhsil alan azərbaycanlı oğlan və qızların sayı sürətlə artırdı.Faktlara müraciət edək: Əgər 1914/1915-ci dərs ilində orta  ümumtəhsil məktəblərində (müəllimlər seminariyaları istisna edilməklə) 9643 şagirddən yalnız 1137-si  azərbaycanlı (999-u kişi, 138-i qadın) idisə, 1919/1920-ci dərs ilində oxuyan  9611  şagirddən 3115-i (2978-i, 317-si qadın) azərbaycanlı idi( 14,16). Bir fakt da  inkaredilməzdir ki, həmin illərdə məktəblərin və şagirdlərin ümumi sayı qismən azalmışdı. Lakin bunu sovet elmi-pedaqoji ədəbiyyatında  deyildiyi kimi, müsavatçıların  ayağına yazmaq və  qəbul etmək sadəlövhlükdən başqa bir şey deyildir.  Məktəblərin və şagirdlərin ümumi sayının azalmasının  yalnız bircə səbəbi vardı. Bu, S.Şaumyanın, T.Əmiryanın, A.Avetisyanın və digər daşnak “bolşeviklərin”, eyni zamanda Andranikin quldur dəstələrinin Azərbaycanı fəlakət qarşısına  qoymaları idi. Azərbaycan  nümayəndə heyəti 1919-cu il mayın 28-də, istiqlaliyyətin  birinci  ildönümü günü ABŞ prezidenti V.Vilsonun qəbulunda olarkən bildirmişdi ki, istiqlaliyyət  yolunda Azərbaycanın iki şəhəri və 500 kəndi dağıdılmış, 100-150 minə yaxın oğul və qızı qurban  getmişdir (7). Dağıdılmış, yandırılmış, viranə qalmış kənd və şəhərlərdə məktəblərin bağlanması  həmin vəhşiliyin nəticəsidir. Milli taleyimizdə baş verən həmin hadisələr  daha dəhşətli və faciəli şəkildə sonralar da təkrar olundu. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistandakı 206 Azərbaycan ümumtəhsil orta məktəbi, ali pedaqoji məktəbin Azərbaycan şöbəsi, orta ixtisas və peşə məktəbləri azərbaycanlıların didərgin salınması üzündən bağlandı.  İşğaledilmiş  rayonlarımızda, Xankəndində, Şuşadakı   məktəblərimiz hələ də  uşaq səsinə  həsrət qalıb. Azərbaycan Demokratik  Respublikasının  mövcud olduğu 2 ilədək  müddətdə  bütün çətinliklərə və məhrumiyyətlərə baxmayaraq, xalq maarifinin yenidən təşkili sahəsində xeyli iş görüldü. “Azərbaycan gəncliyini elm və texnika  əsrinə hazırlamaq üçün (M.Ə.Rəsulzadə)” təbii lisanda, tariximizin, ədəbiyyatımızın  inkişafına kömək edə biləcək kəslərin yetişməsi məqsədilə1 sentyabr 1919-cu ildə  parlamentdə keçmiş qanunlar arasında uzun yaşaya bilən tarixi əhəmiyyəti olan  yeganə qanun “(S.Ağamalıoğlu) qəbul edildi. M.Ə.Rəsulzadənin gücü və  maarifçilik köməyi ilə” (V.İ.Razumovski) Bakı Dövlət Universiteti təsis edildi.  BDU-nun açılması ilə bağlı sənədlər parlamentin müxtəlif  komissiyalarında, partiyalarının fraksiyalarında, parlamentin  iclaslarında 4 aya qədər müzakirə edildi. Bir sıra təshih və əlavələrdən sonra 10 maddəlik “Bakı  Dövlət  Darülfünunu haqqında qanun”, 5 fəsil 72 maddədən ibarət BDU-nun Nizamnaməsi parlamentdə təsdiq olundu. Universitetin ilk rektoru olmuş V.İ.Razumovski parlamentdəki çıxışında göstərirdi ki, Azərbaycan  öz ali maarif ocağını  açdı. Türk  xalqları tarixinə yeni parlaq səhifə yazıldı. Avropa və Asiyanın hüdudlarında yeni bir məşəl şölələndi  (15, 16).

Universitet Kommersiya məktəbinin (indiki ADPU-nun) binasında  yerləşirdi. 20 müəllimdən yalnız 2-si   azərbaycanlı idi. Dörd fakültəsi - tibb, hüquq, fizika –riyaziyyat və tarix-ədəbiyyat fakültələri vardı. Balaxanı (indiki Füzuli) küçəsindəki gimnaziyanın mülkü də universitetə verilmişdi. 1919-1920-ci tədris ili üçün ştat cədvəlinə görə universiteti müəllimlərlə tam təmin etmək mümkün olmadı. Ştata görə 114 nəfər, o cümlədən 40 professor, 10 dosent lazım olduğu halda, cəmi 44 nəfər (o cümlədən 12 professor, 3 dosent və 1 privat-dosent) işləyirdi. İlk tədris ilində universitetə 877 tələbə və 217 nəfər azad dinləyici qəbul edilmişdir.

Azərbaycan qəzetinin 1919-cu il 17 noyabr  nömrəsində yazılırdı: “Dün Azərbaycan Darülfünunu ilk dəfə  olaraq  açıldı və ilk gündür ki,  məşğuliyyətə  başladı.

1919-1920-ci dərs ilində Avropa ali məktəblərində müxtəlif ixtisaslar üzrə oxumağa 100 abituriyent və tələbə göndərilməsi nəzərdə tutulurdu.  Bu işə nəzarət etmək üçün xüsusi dövlət komissiyası yaradıldı. Beş nəfərlik komissiyaya M.Ə.Rəsulzadə rəhbərlik edirdi. Çox keçmədi ki, komissiya  10 nəfərin İngiltərəyə, 23 nəfərin İtaliyaya, 45 nəfərin Fransaya, 9 nəfərin Türkiyəyə, 13 nəfərin Rusiyaya gondərilməsi qərarına gəldi (13,57). Bir  o qədər tələbənin  İstanbula göndərilməsi qərara  alınmışdı ( 8 ).

Xaricə göndərilən həmin tələbələrin xərci üçün  və  hökumət Xalq Maarifi Nazirliyinin sərəncamında olan dövlət xəzinəsindən 7 milyon manat ayrılmışdı. Avropaya göndərilənlərin hər biri üçün 1000 frank yol xərci, hər ay isə 400 frank təqaüd, Rusiyaya göndərilənlər üçün isə 3 min manat yol xərci və  hər ay bir o qədər də təqaüd nəzərdə tutulmuşdur. Dövlət hesabına oxuyan  tələbələr təhsilini  başa vurduqdan sonra hökumətin  göndərdiyi yerdə 4 il  işləməli idilər.

Xaricə göndərilən tələbələrin maddi təminatının qarşılanmasında  mesenant  Hacı Zeynalabdin Tağıyev əsl fədakarlıq nümunəsi göstərmişdir. Onun evi xarici qonaqların qarşılanması üçün nəzərdə tutulmuşdu. Bu xeyirxahlıq missiyasını və məsuliyyətini üzərinə götürən H.Z.Tağıyevin də öz şərtləri var idi:

  1. Hər tələbəyə təhsil müddəti ərzində ayda 50 manat veriləcəkdir. Yay tətillərində Qafqaza gediş-gəliş xərcləri də ayrıca ödəniləcəkdir.
  2. Tələbə ali təhsilini bitirdikdən sonra mütləq Vətəninə dönərək öz ölkəsinə xidmət edəcəkdir.
  3. Tələbə qeyri-türklə və ya qeyri - müsəlmanla evlənməyəcəkdir.
  4. Tələbə təhsilini bitirib həyata atıldıqdan sonra təhsil müddəti ərzində Hacı Zeynalabdindən aldığı pulları birdəfəlik və ya hissə-hissə Xeyriyyə Cəmiyyətinə ödəyəcəkdir. Komissiya Hacı Zeynalabdinin şərtlərini redaktə edərək demokratik quruluşlu respublikanın hüquqi dövlət ideyaları ilə uzlaşmadığına görə üçüncü bəndi ixtisara salmışdı.Xaricə yola salınan tələbələr  komissiya qarşısında and içmişdilər.  Cümhuriyyət tələbələrinin andı belə idi: “Qadir Allah və öz vicdanım qarşısında söz verir və and içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçün nə gücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".

Xarici  ölkələrə ali təhsil almağa göndərilən tələbələrdən biri- Miryusif Seyid Cənab oğlu Mir Abdullazadə qəflətən vəfat etdiyindən 99 nəfər yola salındı. Həmin tələbələr və abituriyentlər çox hörmət və izzətlə yola salınırdı. Bu barədə. “Azərbaycan” qəzetinin elanlarından birində oxuyuruq: “Avropaya təhsilə gedəcək tələbələr içərisində “Yaşıl qələm” dərnəyinin fəal və çalışqan üzvlərindən Əilyusif və Hənifə Zeynallı ilə bərabər bir neçə sair gənc  ədəbiyyat  maraqlılarının şərəfinə olaraq “Yaşıl qələm” heyəti-idarəsi tərəfindən  kanuni-saninin13-də bir çay məclisi tərtib edildi. Çay  məclisində “Yaşıl qələm” üzvləri ilə bərabər ədəbiyyat  maraqlıları, osmanlı şair mühərrirlərindən möhtərəm Feyzulla Sacid və Rəşid Səriyyə bəylə arkadaşları və möhtərəm M.Ə.Rəsulzadə həzrətləri də  hazır idilər. Məclisi “Yaşıl qələm” üzvi şair  Salman Mümtaz əfəndi idarə ediyordu.  Mühacirət edəcək yoldaşların ünvanına bir çox nitqlər söylədikdən sonra məclisin rizasına görə Əli Yusif  Əfəndi yeni yazmış olduğu “Aras” mənzuməsini oxudu. Sonra Feyzilla Sacid bəy, doktor Rəşid Səriyyə, Salman Mümtaz əfəndi kəndi  əşarlarından bir neçəsini oxudular. Böyləliklə çay məclisi gecə saat 12-də  bitdi” (2).

Azərbaycan Demokratik Respublikası dövründə məktəblərin quruluşunda da  xeyli dəyşiklik edilmişdi. Bakı və Gəncə quberniyalarında fəaliyyət göstərən məktəblərin direksiyası ləğv olundu, onların funksiyaları Xalq Maarifi Nazirliyinə, bir qismi isə xalq məktəbləri inspektorluğuna keçdi. Bakı direksiyasının nəzdində olan  pedaqoji muzey Bakı və onların rayonlarının  xalq məktəbləri inspektorluğunun tabeliyinə verildi. 1919-cu ildə 10 xalq inspektorluğu  vardı. Dağlıq Qarabağda da erməni məktəbləri  üçün xüsusi inspektorluq yaradılmışdı.

İbtidai məktəbləri bitirən şagirdlər orta məktəblərə və ya ali ibtidai məktəblərə (ali ibtidai məktəbdə təlim müddəti 4 il idi -  F.R.) daxil olurdular. 1919-cu ildə respublikada 15 milliləşdirilmiş ali ibtidai məktəb vardı ki, onlar da Bakı, Göyçay, Quba, Qusar, Salyan, Lənkəran, Şamaxı, Pirişib, Gəncə, Gorus, Ağdaş, Şuşa, Nuxa, Qazax və Zaqatalada yerləşirdi. 2 yeni ali ibtidai məktəbin açılması haqqında nazirlik məsələ qaldırmışdı. Ali ibtidai məktəblərlə yanaşı Şuşa və Zaqatalada qadın gimnaziyaları fəaliyyət göstərirdi. Gəncə, Zaqatala və Nuxada  sənət məktəbləri (peşə məktəbləri)  vardı ki, onların normal işləməsi üçün nazirlik  tədbirlər planı işləyib hazırlamışdı. 1919-cu ilin  oktyabrında Azərbaycan I milli qadın gimnaziyasının nəzdində Frebel sistemli uşaq bağçalarına müdirlər hazırlamaq üçün qısamüddətli kurslar açıldı.

Xalq Maarifi Nazirliyi bir tərəfdən xalqın gələcəyini təmin edə biləcək ürfan ordusunun hazırlanması üçün ali və orta məktəblər açır, kurslar təşkil edir digər tərəfdən nəşriyyat- tərcümə komissiyasının köməyi ilə dərsliklər, tədris vasitələri hazırladıb  çap  etdirirdi. M.Mahmudbəyovun “Türk əlifbası və ilk qiraət” (1918), P.Əfəndizadənin “Türk qiraəti” (1918), M.Mahmudbəyov və A.Səhhətin “Yeni məktəb” (1918), Rasim Əhmədin “Sərfi-türki” (1919), A.B.İsrafilbəyzadənin “Tazə elmül hesab” (1919), C.Cəbrayılbəylinin “Tarixi-təbii” (1919), H.Mirzazədənin “Milli nəğmələr” (1919), H.Cavid və A.Şaiqin “Ədəbiyyat” (1919),  A.Azərbəylinin (Əfəndizadə) “Son türk əlifbası” (1919), Qasımzadə  Hacı Səlim Səyyar və Ağalizadə Rağibin “Hesab məsələləri məcmuəsi” (1919), S.H.Əlizadənin “Rəhbəre cəbr” (1919) A.Şaiqin “Milli qiraət” (1919), A.Şaiqin “Müntəxabat.Türk ədiblərindən  nümunələr” (1919) dərsliklərinin  bəziləri təkrar  nəşr olunsa da (6,55), bir çoxu məhz həmin dövrün məhsuludur.

15 sentyabr 1919-cu ildə Bakıda, Gəncədə, Şuşada, Nuxada, Zaqatalada və Qazaxda yaşlılar üçün türk (Azərbaycan) dilində axşam kursları açıldı. Həmin kurslar iki semestrə bölünmüşdü. Birinci semestr 15 sentyabrdan 5 dekabr 1919-cu ilə kimi, ikinci semestr 1 yanvar 1919-cu ildən 1 aprel 1920-ci ilə kimi davam etmişdir. Üç şöbədən ibarət idi: birinci şöbədə türk dilini bilməyən, savadsız şəxslər, ikinci şöbədə  türk  dilini az-çox bilən azsavadlılar, üçüncü şöbədə isə türk dilinin tədrisi metodlarını, terminləri mənimsəməyə ehtiyacı olanlar məşğul olurdu. Bu kurslarla yanaşı Bakıda milliləşdirilmiş siniflərin müəllimləri üçün xüsusi kurs açılmışdı ki, ona da parlamentin üzvü Abdulla bəy Əfəndiyev rəhbərlik edirdi. Bu  kurslarda türk dilinin tədrisinə hazırlıq və metodikası öyrədilirdi. 1 noyabr 1919-cu ildə Bakıda müsəlman fəhlələri üçün  açılan texniki kurslarda 200 nəfərdən çox fəhlə  təhsil alırdı. Mirzə  Bala Məmmədzadənin “Azərbaycan istiqlalı və Müsavat” əsərində yazdığı kimi, “azərbaycanlılardan kiçik məmurlar hazırlamaq üçün xüsusi müəssisələr, türk  gənclərinə məxsus olmaq üzrə teleqraf, makina və dəmiryolu məktəbləri açılmış və əvvəlcə heç yox ikən, dəmiryol xidmətçilərinin yüzdə əllisini türkləşdirəcək qədər müvəffəqiyyət göstərilmişdir” (17)

Xalq maarifi  sahəsində  bu kimi tədbirlərin həyata kecirilməsi üçün xeyli dövlət vəsaiti xərclənmişdi. Ciddi maliyyə  çətinliklərinə  baxmayaraq hökumətin 1919-cu ildə Xalq Maarifi Nazirliyinə ayırdığı büdcə 102.122.671 manat, qırx altı qəpik olmuşdur, halbuki, nazirliyin gəliri çox az - 2.273,430 manat təşkil edirdi.Xalq maarifinə ayrılan vəsait ölkənin  vəziyyəti xüsusilə mürəkkəb olduğu bir şəraitdə də azaldılmamış, əksinə, universitetin maliyyə xərci 3,5 milyon manatdan 5 milyon  qədər,  müəllimlərin əmək haqqı isə üçdə bir dəfə artırılmışdır.

“İmzalar içərisində imzasının yeri görünməyən” xalq az vaxtda  dünya xalqları önündə  özünü təsdiq etdi. Digər sahələrdə olduğu kimi xalq maarifi sahəsində də çox dəyərli işlər görüldü. Xalq maarif nazirləri kimi  bu işdə  Nəsib bəy Yusifbəyli (28.05.1918 - 14.04.1919), Rəşidxan Qaplanov (14.04.1919-24.12.1919.), Həmid bəy Şahtaxtinski (24.12.1919-01.04.1920) və Nurməmmədbəy Şahsuvarov (05.04.1920-27.04.1920) mühüm xidmətlər göstərdilər.

Ümumiyyətlə, Azərbaycan Demokratik Respublikasında M.Ə.Rəsulzadənin  təbirincə desək, “maarifin təşkilatına bir təzəlik verilmişdir. Məmləkəti ürfan nuru ilə işıqlandırmaq üçün ciddiyyəti ilə işə başlanmışdı. Ümumi  təhsilin tətbiqi əsas tutularaq bunu təmin etmək üçün  bir tərəfdən məktəblər açılır, digər tərəfdən yeni qurulmuş kişilər və qızlar seminariyaları  vasitəsilə müəllimlər hazırlanırdı. İbtidai məktəblərin çoxaldılması üçün  xüsusi olaraq İstanbuldan  müəllimlər dəvət edilmişdi. Bundan  başqa, bir qəza mərkəzində  müəllimlər kursu açılmışdı. Maarifin yayılması işində  qadınların təhsili də  kişilərlə bərabər tutulurdu. Mövcud rus gimnaziyası liseylərindən  biri tamamilə milliləşdirilmiş, bir çox  ibtidai  qız məktəbləri açılmış, hamısı da qızlarla dolmuşdu.Məktəb yaşından böyük  vətəndaşlar üçün.. gecə kursları açılmış cəmiyyətlə bağlı dərslər  təşkil edilmişdi” (8).

Nazirlik bu kimi tədbirlərlə kifayətlənməmiş, bir sıra  çox əhəmiyyətli qanun layihələri irəli sürmüşdü. Azərbaycan orta  təhsil məktəblərində 600, Konstantinopol məktəbləri üçün 50 təqaüdün təsisi, 650 təqaüdçünün hamısının təhsil haqqından  azad edilməsi, dərsliklərlə təmin edilməsi, 300 nəfərə ayda 200 manat, digər 300 nəfərin hər birinə 900 manat, Konstantinopola gündərilən 50 nəfərin hər birinə  isə ayda 200  manat məbləğində təqaüd verilməsi, Maarif Nazirliyi nəzdində elmi pedaqoji jurnallarının  nəşri, Gəncədə, Qazaxda, Şuşada, Nuxada kişilər üşün 2 illik, Gəncədə, Bakıda, Nuxada qadınlar üçün 1 illik pedaqoji kursların  açılması, Türkiyədən dəvət olunan müəllimlərin əmək haqqının 50 faiz artırılması və s. qanun lahiyələri, təəssüflər olsun ki, vaxtın azlığından Parlamentdə təsdiq olunmamışdı.

28 aprel 1920-ci  ildə  rus imperializminin yürütdüyü məkrli siyasət    yenidən xalqımızın azadlıq və istiqlal yoluna  sədd çəkdi, Şərqdə ilk demokratik respublika olan ADR süqut etdi, xalq maarifinin milli əsasda inkişafı dayandırıldı, təhsilin məzmunu ciddi dəyişikliyə məruz qaldı, milli təfəkkür iflic edildi, düşüncələr korlaşdı, beyinlərdə,  şüurlarda soy-kökə, tarixə  keşmişə biganəlik toxumu səpildi, millətin adı və  əlifbası da (üç dəfə) dəyişdirildi, dini etiqat ocaqları ləğv edildi, məcburən hamı “Allahsızlaşdırıldı”, ağıla, zəkaya və idraka qida verən əsərlərin təbliği qadağan edildi, milli həyat tərzi və psixologiyası deqradasiyaya uğradı. Milli mücadilə yolunda on minlərlə dəyərli oğul və qızını qurban verərək  üç rəngli bayrağımızı yüksəklərə qaldıran xalq, 70 il istiqlal həsrəti ilə yaşadı, dəhşətli repressiyalara və   terrora məruz qalsa da  müqəddəs amalından geri çəkilmədi. XX əsrin sonlarında  SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində öz müstəqilliyini bərpa etdi, azadlığına və istiqlalına qovuşdu.   

 

 

Ədəbiyyat

  1. /Azərbaycan, 11 noyabr 1918- ci il, № 36.
  2. /Azərbaycan qəzeti, № 19, 1920.
  3. Azərbaycan arxivi, 1971, № 9.
  4. Azərbaycan Cümhuriyyəti hökumətinin qanun  və binagüzarlıqları məcmei, № 115 teşrini-sani 1919, səh.18
  5. İbrahimov S. Bakı Dövlət Darülfünunun təsisi. Bakı, 1989.
  6. Rüstəmov F. Milli maarifimizin qaranquşları (ADR dövründə məktəb) // Azərbaycan məktəbi. 1991, № 2-3, s. 54-60
  7. Rüstəmov F. Xalq maarifi Cümhuriyyət dövründə. /Azərbaycan müəllimi, 28 may, 1998.
  8. Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu. /Elm, 26 may, 1990.
  9. Ахмедов Г., Рустамов Ф. Народное просвещение в АДР (1918-1920 гг) // Педагогикa. Москва, 1992, № 9-10, c. 82-84
  10. Ахмедов Г., Рустамов Ф. Врата для прогресса // Литературный Азербайджан, 1992, №1, c. 107-111 (prof. Hüseyn Əhmədovla birlikdə)
  11. А.М.Атакишиев. История Азербайджанского Государственного Университета. Баку, 1989.
  12. Адрес-Календарь Азербайджанской Республики. Баку, 1920.
  13. «Вестник правительства Азербайджанской Республики. 1920
  14. Народное образование в Азербайджане (1920-1927). Баку, 1928.
  15. Разумовский В.И. Основание университета в Баку // Известия Бакинского Государственного Университета, № 2, с. 16.

16.Əhmədov H.Azərbaycan məktəb və pedaqoji fikir tarixi.Bakı,Elm və təhsil, 2014

17.https://az.wikipedia.org/wiki/Mirza Bala_Məmmdzadə