https://www.zirve.edu.az/
28.05.2020 12:42
İctimai Şuranın sədr müavini Cümhuriyyət dövrünün təhsilindən yazdı
Çap et

 

 

Təhsil  tariximizin müəyyən zaman kəsiyində ən yolverilməz və bağışlanılmaz səhvlərimizdən biri o olub ki, unutqanlıq göstərərək, təhsil sahəsində qazandıqlarımıza siyasi ambisiyalar baxımımdan yanaşaraq, təhsilimizin böyük bir dövrünün nailiyyətlərinə qısqanclıqla yanaşmış, digər sonrakı dövrün uğurlarına isə kölgə salmağa cəhdlər göstərmişik. İstər-istəməz, öz-özünə düşünürsən. Niyə əsrlərdən bəri bütün adətlərimizı, ənənələrimizi, vərdişlərimizi qoruyub saxlamışıq, onlara hörmət, rəğbət bəsləmişik, təhsil dəyərlərimizə, təhsil ənənələrimizə, vərdişlərimizə isə bir müddət sayğısızlıq göstərərərək, şübhə ilə yanaşmışıq?

 

 

Axı, Azərbaycan Xalq Cümhuriyyəti Xalq Maarifi Nazirliyi — 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının tapşırığı ilə Fətəli xan Xoyskinin yaratdığı Müvəqqəti Hökumət kabinəsi tərəfindən təsis edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1-3-cü kabinələrində maarif naziri Nəsib bəy Yusifbəyli idi. N.Yusifbəylinin təşkil etdiyi 4-cü Hökumət kabinəsində bu vəzifəyə Rəşid bəy Qaplanov, 5-ci Hökumət kabinəsində isə əvvəlcə Həmid bəy Şahtaxtinski, sonra isə Nurməmməd bəy Şahsuvarov təyin olunmuşdu.” (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı-2004)

 

 

Xalq Cümhuriyyətinin hakim partiyasının Nizamnamə və Məramnaməsində maarif işləri ilə bağlı ayrıca müddəalar yer alırdı; təhsil sərbəst və ödənişsiz idi, xanımlar da təhsil ala bilərdilər, ibtidai sinifdən ali məktəblərə qədər mərhələli şəkildə tədris aparılmalı və qəbul həyata keçirilməli idi, ali təhsil müəssisələri (darülfünunlar) təhsil prosesində daxili muxtariyyətə malik idilər, ibtidai və orta təhsil icbari xarakter daşıyırdı, təhsil hər bölgədə üstünlük təşkil edən dildə aparılmalı idi, ali məktəblərdə rus dili və Osmanlı şivəsi tədris edilməli idi və s. Məhəlli idarələrin təhsil və tərbiyə ilə bağlı mütərəqqi təşəbbüslərinə mərkəzi hökumət tərəfindən maneə törədilməməli idi.

 

 

Çox keçmədən, 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cüm­huriyyətinin parlamenti tərəfindən Bakı Dövlət Universiteti  təsis edilmişdi. Ümummilli lider Heydər Əliyev BDU-nun yaradılması kimi mühüm tarixi hadisəyə olduqca obyektiv qiymət verərək demişdi ki, əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir. Tarixi haqsızlıq ucbatından uzun müddət müstəqilliyini və dövlətçiliyini itirməyə məcbur olmuş Azərbaycan xalqı milli təhsil sistemini və mənəvi tərbiyə formalarını yaratmaq imkanlarından da məhrum edilmişdi. Yalnız 1918-ci ildə müstəqillik qazanaraq Azərbaycan Xalq Cümhuriyyətini elan edən xalqımız neçə yüz illərdən sonra milli və ictimai tərəqqidə elmin, təhsilin rolunu qiymətləndirmək imkanı qazandı, Bakı Dövlət Universitetinin yaradılmasına qərar verildi.

 

Amma çoxumuz bilmirik ki, Bakı Dövlət Universiteti ilə bərabər daha iki ali məktəb – Əkinçilik İnstitutu ilə Dövlət Konservatoriyası da açılmalı idi, sadəcə, Cümhuriyyətin ömrü çatmadı. 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına  23 orta ixtisas təhsili məktəbi və 637 ibtidai məktəb fəaliyyət göstərirdi.

 

 

1919-cu ilin sentyabr ayında ali təhsil almaq üçün 100-dən çox azərbaycanlı gəncin xarici ölkələrə göndərilməsi təklifi irəli sürülmüşdü. Bu layihənin büdcəsi hər tələbəyə 36 min  və nəqliyyat xərcləri olaraq 5 min rubl nəzərdə tutularaq 4 milyon rubl təşkil edirdi. Tələbələrin ilk dəstəsinin Avropaya göndərilməsi 14 yanvar 1920-ci ilə təsadüf edir. 1919-20-ci tədris ilində dünyanın, əsasən də Avropanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xaricə göndərilməsi haqqında qərar qəbul edildi ki, bunun üçün də hər tələbəyə 400 frank təqaüd təyin olunurdu və 1000 frank yol xərci ayrılırdı.

 

Sonrakı dönəmdə də Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib. Ölkədə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub, yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilərək, Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar.

 

Təkcə, 70-ci illədə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və  “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə,  çatdırılıb,  ali məktəblərdə təhsil alanların sayı isə 70 mindən 100 minə qədər artıb. Bu da yüzlərlə ucqar yaşayış məskənlərində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşlının təhsilə cəlb edilməsi demək idi. Təhsilin davamlı və dayanıqlı inkişafı sayəsində Azərbaycan elmi, mədəniyyəti, ədəbiyyat və incəsənəti özünün intibah dövrünü yaşayıb.

 

Bu gün təhsilimiz uzun illərdən bəri qazanılmış təcrübənin və toplanmış potensialın təməli qzərində inkişaf edir və daha da təkmilləşır. Bu potensialı qoruyub saxlamaq və daha da inkişaf etdirmək, təhsildə varisliyi və fasiləsizliyi təmin etmək isə hər birimizin vətəndaşlıq borcudur...

Nadir İsrafilov

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini