https://www.zirve.edu.az/
23.05.2020 14:34
Professor Tofiq Quliyevin həyat və yaradıcılığına həsr olunan konfrans keçirilib
Çap et

UNEC-in 90 illik yubileyinin tədbirlər planı çərçivəsində universitetin mərhum professoru Tofiq Quliyevin xatirəsinə həsr olunan "Görkəmli iqtisadçı alim" mövzusunda onlayn konfrans keçirilib.

 

AzEdu.az xəbər verir ki, İqtisadiyyat fakültəsinin təşkil etdiyi konfransda Elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov görkəmli alim, Azərbaycanın Əməkdar elm xadimi, “Şöhrət” ordeni mükafatı laureatı, “Qızıl qələm” mükafatçısı, iqtisad elmləri doktoru, "Əməyin iqtisadiyyatı və təşkili" kafedrasının müdiri vəzifəsində çalışmış professor Tofiq Quliyevin həyat və yaradıcılığından söz açıb.

 

Fakültə dekanı, dosent Asiman Quliyev alimin iqtisad elminə qazandırdığı töhfələrdən danışıb. Professor Tofiq Quliyevin böyük alim olmaqla yanaşı, həm də vətənpərvər, yüksək mənəvi dəyərlərə malik bir ziyalı olduğunu vurğulayıb.

 

"İqtisadi nəzəriyyə" kafedrasının müdiri, professor Əlican Babayev "Professor Tofiq Quliyevin həyat və elmi yaradıcılığı" mövzusunda məruzə ilə çıxış edib. T.Quliyevin Moskvada çap olunan monoqrafiyalarının dünyanın 80 ölkəsinə, o  cümlədən ABŞ, Çin, Almaniya və digər ölkələrin kitabxanalarında yer aldığını diqqətə çatdırıb.

 

Tədbirdə çıxış edən “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri prof.Məhiş Əhmədov, "Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə" kafedrasının müdiri prof.Əli Əlirzayev, “Beynəlxalq iqtisadiyyat” kafedrasının müdiri prof.İrşad Kərimli alimlə bağlı xatirələrini bölüşüblər. Professor Tofiq Quliyevin rəhbərliyilə namizədlik və bir doktorluq işilərinin müdafiə olunduğunu, respublikamızda və keçmiş sovet respublikalarında 150-yə qədər namizədlik və doktorluq üzrə avtoreferatlara rəy yazdığını bildiriblər.

 

Konfransda professor Tofiq Quliyevin ailə üzvləri, iş yoldaşları, dostları iştirak ediblər. Sonda alimin qızı, professor Şəfa Quliyeva atası haqqında söylənən xoş sözlərə və xatirəsinin daim yüksəkdə tutularaq yad edildiyinə görə universitet kollektivinə minnətdarlığını bildirib.