Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-22 16:15:00
Avropa şahmat çempionu olan məktəblimiz – “Hər gün 5 saat virtual hazırlaşırdım”

 

 

"Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şahmatçısı Gülsənəm Ağayeva  rapid üzrə qızlar və oğlanlar arasında keçirilən onlayn Avropa çempionatında yüksək nəticə əldə edib. 53 ölkədən 1600-dək şahmatçının qatıldığı çempionatın A qrupunda mübarizə aparan 14 yaşlı Gülsənəm Ağayeva 7,5 xalla qızlar arasında qalib gəlib, ümumi iştirakçılar arasında isə ikinci yeri tutub.

 

Şahmatçı təəssüratlarını AzEdu.az-la bölüşüb:

 

“Qalibiyyəti qarşıma məqsəd qoymuşdum”

 

“Bu qalibiyyəti gözləyirdim, çünki çox ciddi şəkildə hazırlaşırdım. Qarşıma məqsəd qoymuşdum ki, qalib olmalıyam. Hər gün müəllimlərimlə birgə onlayn rejimdə çalışırdım. Şahmatda ilk uğurum Ağcabədi rayonunda olub. Orada Şahmat Federasiyasının seçmə turnirlərində 14 yaşa qədər qızlar arasında birinci yerə çıxdım. Bundan sonra İranın Rəşt şəhərində qadınlar arasında C qrupu üzrə “Ən yaxşı oyunçu” seçildim.

 

“Təhsil” RİM-in sürətli şahmat üzrə onlayn yarışında 2-ci yerə çıxdım. Daha sonra Avropa Birliyinin keçirdiyi onlayn yarışda ümumi turnirdə 2, qadınlar arasında isə birinci yeri qazandım. Bu yarışda da birinci yerə çıxacağımı düşünürdüm, lakin növbəti oyunlarda buna nail olacağıma inanıram”.

 

Gülsənəm Ağayeva qalibiyyətində müəllimlərinin də xüsusi rolu olduğunu vurğuladı:

 

 

“Müəllimlərimlə-Şükürova Elnurə və Şükurov Hikmətlə birlikdə hazırlaşdım. Nəticəmdə ən böyük pay Hikmət müəllimindir. Gün ərzində 3-5 saat yarışa hazırlaşırdım”.

 

Göstərdiyi nəticəyə əsasən, Gülsənəm Ağayeva 2021-ci ildə İtaliyanın Olbia şəhərində keçiriləcək Avropa birinciliyinə vəsiqə qazanıb. O, İtaliyadan çemipon olaraq qayıdacağını hədəfləyib:

 

“İtaliyadakı yarışa hələki onlayn şəkildə hazırlaşıram. Karantin rejimi bitdikdən sonra müəllimlərimlə canlı formada hazırlığım davam edəcək. Həmin turnirdə də çempion olmağı hədəfləmişəm”

 

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları