Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-20 12:11:00
Şəmil Sadiq polisin pandemiya dövründəki fəaliyyətindən yazdı:"NƏZAKƏT, DÖZÜM, SƏBR RƏMZİ - MƏNİM POLİSİM"

Şəmil SADİQ,

Hədəf Liseyinin direktoru, yazıçı, filologiya üzrə fəlsəfə doktoru

 

“Milislər dədəni tutub aparacalar”… Bu ifadə bütün sovet dövrü uşaqlarının yaddaşına elə həkk olub ki, heç zaman unudulmayacaq… Həmişə də qorxu obyekti olub bizim üçün “milis” – “polis” ifadəsi… Çünki sovet polisinin funksiyası yalnız bundan ibarət olub və biz uşaqlığımızı ancaq bununla yaşamışıq.

Amma dünyaya gözümüz açılandan sonra öyrəndik ki, Polis, sadəcə adam tutmaq üçün deyil, həm də adamları qorumaq üçündür.

“Mənim polisim məni qoruyur!” ifadəsi isə bizim daha əmin yaşamağımız, özümüzü rahat, arxayın hiss etməyimiz, onların daim yanımızda olduqların duymağımız üçün var – məhz cəmiyyətin eybəcərliklərindən, haqsızlığından, ədalətsizliyindən qorumaq üçün…

Son dövrlərdə isə polisimizin bu missiyasına, sanki, yeni bir “qaftan” da biçilib – nəzakət sərgiləmək. Yol keçərkən ehtiyatlanan uşağa və ya qocaya, qəfil halsızlaşan insanlara yardım edən nəzakətli polisim!

Şəxsən mən hardasa yol axtaranda, polis görərsəm, ilk olaraq məhz ona yaxınlaşar, ondan soruşuram. Çünki uşaqlıq travmamı unutmaqdayam artıq. Çünki ölkəm müstəqildir və dövlətimin qoruyucu qulluqçusu birmənalı mənim polisimdir! Mənim polisim məni qoruyur. Bu, belə olsa da, olmasa da, biz belə istəyirik. Çünki güvən yerimizdir polis!

Bu azğın pandemiya dövründə insanlığın birliyini gördü dünya. Biz də bu dünyanın bir parçasıyıq və orada baş verən nə varsa, biz də yaşayırıq bütünün parçası kimi. Bu zamanın ən unudulmaz, zəhməti danılmaz, gecəsini-gündüzünə qatıb xalqının yanında olan, yenə də onu qoruyan məhz polis oldu – hətta pandemiyadan da…

Hər gün Xırdalan dairəsindən keçib, Nəsimi rayonundakı iş yerimə gedib-gəlirəm. Hər dəfə də üç post keçməli olurdum – biri Xırdalana giriş dairəsində, biri “Ekologiya postu”nda, biri  isə Tbilisi prospektində. Aradabir isə şəhərin digər yerlərində rastlaşdığım postlar da olurdu. Hər dəfəsində də diqqətimi çəkən, bəlkə də xüsusi diqqət etdiyim polislərin davranışları olurdu. Çünki dostlar arasında, sosial şəbəkələrdə söhbətlərdə belə bir deyim eşidirdim: “Polisin əlinə yaxşı fürsət düşdü, kef edəcəklər”. Mənim üçün də, hardasa, inandırıcı gəlirdi və istər-istəməz, bu fikirlərin təsiri altında daha diqqətlə müşahidə edirdim. Amma hər dəfəsində də yanılırdım. Çünki polislərdən efirlərdə göstərilən nəzakətli davranışı görürdüm gerçəklikdə. Onları aldatmağa, min cür yollardan istifadə etməyə çalışan bizlərə qarşı bir dəfə də olsun əsəb nümayiş etdirdiklərini görmədim! Siz də etiraf edərsiniz ki, efirlərdə təlaşla, həyacanla danışan məsul şəxsləri, “evdə qalın” deyərək, barmaq silkələyən televiziya aparıcılarını, digər dünya xəbərlərini eşidəndə, adama elə gəlirdi ki, elə indicə əlimizi spirtləmədəyimiz üçün polislər gəlib “dədəmizi tutacaq”. Cürətini toplayıb çölə çıxanda, icazən olsa da, polisi görəndə boğazının quruduğunu hiss edirdin. Amma yüksək mədəniyyətlə yaxınlaşıb, sənədinə baxıb, “Buyurun” dediklərini eşidəndə, sizi bilmirəm, mən az qala, ekran əjdahalarından qaçıb polislərə sığınmaq istəyirdim ki, televiziyadakı qorxulu informasiyaları eşitməyim.

Nədənsə, sanki, bu dəfə polis yerini dəyişib “yumşaq güc” rolunu oynayan, maarifləndirici və xidmət strukturuna çevrilmişdi. Bir düşünün, televiziyalardakı qorxu və həyəcan hücumuna polis də qoşulsa idi, nə qədər böyük stress yaşayardıq?! Onlar isə sadəcə, sakitlik rəmzi oldular! Həqiqətən, sakitlik, nəzakət, səbr və təmkin rəmzi! Yaşından asılı olmayaraq bütün insanlara göstərdikləri nəzakət, səbr və təmkin, hörmət və ehtiram alqışa layiqdir.

Etiraf edək ki, qanunları sevən millət deyilik. Hətta qanunun aliliyini bilsək də, ona əməl etməyi özümüzə rəva bilmirik. Buna baxmayaraq, bu üç aya yaxın müddətdə istər Daxili Qoşunların, istər Çevik Polis Alyının, istər Dövlət Yol Polisi İdarəsinin, istərsə də İctimai Təhlükəsizlik İdarəsinin fəaliyyəti adama ASAN xidmətin fəaliyyətini xatırladırdı. Çünki möhtəşəm və səliqəli xidmət görürdük!

Bu pandemiya dövründə DİN-in strukturlarının işinin bu cür təşkili yeni nazirin sınağı da oldu, məncə.

Ölkə əhəmiyyətli bu hadisədə mən onu da sezdim ki, polisin fədakar fəalliyyəti, nümunəvi davranışları birmənalı şəkildə Prezidentin fəaliyyətinə ciddi dəstək oldu. Çünki Cənab Prezidentin məmurlara üz tuturaq, vətandaşlarla doğru-düzgün rəftaretmə çağırışına səs verən ən yaxşı qurum oldu Daxili İşlər Nazirliyinin əməkdaşları.

Hər dəfə Xırdalan dairəsindən keçəndə, hava şəraitindən asılı olmayaraq, postlarda fədakarlıq edən polisləri görəndə, ağlımdan “onlara bir vətəndaş təşəkkürümü necə edə bilərəm” fikri keçirdi. Hətta bir dəfə marketə girib bir az mer-meyvə, şirniyyat aldım, yanlarında maşını saxlayıb yerə endim və polis serjantına vermək istəsəm də, götürmədi. İsrarımı görüb, komandirini çağırdı. Dedim, hər gün burda olursunuz, hamı bir-birinə dəstək sərgiləyir, mənim də ürəyimdən keçdi ki, sizlərə təşəkkür edim və bu jestimi başqa cür anlamayın. Komandir gülümsündü və serjanta almasını işarə edib, dedi: “Burda hər gün gördüyün biz olmaya da bilərik, çünki hər səhər fərqli postlara göndərilirik. Sağ ol, müəllim”. Sadəlövhcəsinə qürurlandım ki, polis müəllimin də necə mərd insan olduğunu bildi, amma təəssüf ki, polis əməkdaşı mənim orijinal müəllim olduğumu bilmirdi, sadəcə, hörmət əlaməti olan müraciət formasından istifadə etmişdi.

Hər kəsin öz sahəsində nəsə etməyə çalışdığına əminəm, imkanı olanın imkansıza əl tutmasına, xeyriyyə məqsədli yardım paketləri paylamasına, dövlətin vətəndaşına sosial yardım etməsinə, müəllimin təmanna güdmədən şagirdini dərssiz qoymaq istəməməsinə, işçisini düşünən sahibkara, işini düşünən işçiyə, şəxsi sağlamlığını unudub xəstəxanalarda gecə-gündüz işləyən həkimlərimizə baxıb, qürur duymamaq mümkün deyil. Bütün sahələrdə nacinslər oldu və olacaq da. Amma və lakin istisnalar heç vaxt qaydaları pozmur. Ümumi götürəndə, bizə gurultulu bir alqış düşür! Gəlin, bir-birimizi alqışlayaq – dövlətimizi də, millətimizi də…

Mənsə bu alqışlar içində Polisimizin adı gələndə, ayağa durub, ürəkdən alqışlamaq istədim!

Fədakar müəllimi də kim alqışlayacaq, özü bilər, amma günəşli sabahlara sadəcə sevgi ilə gedə biləcəyimizə əminəm. Əminəm ki, hər nə olsa da, bütün çətin və anlaşılmaz vəziyyətdə tək qalmayacağıq – arxamızda, yanımızda güclü və ayiq-sayıq Polisimiz var! Öz formasını adına layiq daşıyan, milli dövlətçilik ideologiyasına sadiq, hazırda xalqının daha çox etimadını qazanan, Vətəninə, millətinə ləyaqətlə xidmət edən, təhlükəsizliyimizi təmin edən POLİSİM var daha… Onun vüqarlı duruşu, ciddi baxışı, davranışı da, xalqımın bir parçası olaraq, mənim də qürurumdur!

P.S. Bu qeydlərimi iki gündür yazmağıma baxmayaraq, nəsə daxili komplekslər məni narahat edirdi: görəsən, hamı mən görəni görür ya, başqa cür düşünənlər də var? 5-6 ağıllı başlara dedim ki, mən belə bir qənaətə gəlmişəm, bəs siz necə? Aldığım cavablar mənim düşüncələrimin eynisi idi. Demək ki, istəyəndə hər şey olur, təki istənilsin, cəhd edilsin!