Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-19 17:32:00
Bakalavr və magistlərin biliyinin qiymətləndirilməsi qaydaları dəyişdirildi

Baş Nazir Əli Əsədov “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərar imzalayıb. 

 

AzEdu.az-nın məlumatına görə, qərara əsasən, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda dəyişiklik edilib.

 

Qüvvədə olan Qaydalara əsasən, cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmır, yəni həmin fənn üzrə akademik borcu qalır. Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddətdə həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər. Tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə isə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur. Bütün hallarda təkrar imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı bu Qaydaların 4.3-cü bəndinin (Tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir) tələblərinə uyğun həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. Bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin (Tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir) tələblərinə uyğun həyata keçirilir.

 

Dəyişikliyə əsasən, cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunacaq. Kreditləri müəyyən səbəblərdən qazanmayan (qazana bilməyən) tələbənin həmin fənn üzrə akademik borcu qalacaq. Akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılacaq. Cari semestrdə müəyyən səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən və (və ya) həmin semestrdə akademik borcu yaranmış tələbəyə növbəti semestrin dərsləri başlayanadək bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılacaq. Əlavə olaraq tələbə hər bir semestrdə fənni (fənləri) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) də imtahanda iştirak edə bilər. Bütün hallarda imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin (aparıldığı halda) nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunacaq.

 

Qüvvədə olan Qaydalara görə, fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə ( Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır. Bu hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər.

 

Dəyişikliyə əsasən, artıq bu hədd ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA tərəfindən dəyişdirilə biləcək.

 

Qüvvədə olan Qaydalara görə, tələbənin cari semestrdə akademik borcu qaldığı halda o, növbəti semestrdə təqaüddən məhrum edilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Əgər həmin tələbə cari semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa (ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə), onun təqaüdü növbəti semestrdən bərpa olunur.

 

Dəyişikliyə görə, cari semestrdə akademik borcu qalan və növbəti semestr başlayanadək akademik borcunu ləğv edə bilməyən tələbə növbəti semestrdə təqaüddən məhrum ediləcək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Əgər həmin tələbə növbəti semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa (ÜOMG nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə), o yenidən mövcud qanunvericiliyə əsasən təqaüd almaq hüququna malik olacaq.

 

Eyni zamanda ali təhsil müəssisəsi tərəfindən buraxılış işinin yerinə yetirilməsi tələbi qoyulmadıqda, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunacaq. Təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.

 

Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.