Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-17 14:35:00
Universitetlər sessiya imtahanlarını ənənəvi, yoxsa onlayn formada keçirəcək? - SORĞU

Təhsil naziri Ceyhun Bayramov universitetlərdə yay sessiyasının təşkili ilə bağlı qaydaların ali təhsil müəssisələrinin Elmi Şurasının qərarı əsasında tənzimlənəcəyini bildirib. Qərarda qeyd edilir ki, bir sıra imtahanların onlayn olması mümkündür. Bu olmasa, imtahanlar ənənəvi qaydada təşkil oluna bilər.

 

AzEdu.az   universitetlərin sessiya imtahanlarını ənənəvi, yoxsa onlayn formada keçirməsi ilə bağlı sorğunu təqdim edir.

 

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zamirə Ədilova bildirib ki, ali təhsil müəssisəsində distant təhsilin nəticələrinin qiymətləndirilməsi üçün onlayn final imtahanları davam edir. O qeyd edib ki, ölkədə ilk dəfə olaraq onlayn imtahanlar aprel ayında Bakı Ali Neft Məktəbində təşkil olunub. Sonuncu imtahan isə may ayının 18-də keçiriləcək:

 

“Onlayn imtahanların obyektivliyi və plagiatlığın qarşısının alınması “Şərəf Kodeksi” əsasında təmin edilir. İmtahanlar LMS (Learning Management System - Öyrənmənin idarəolunması sistemi) üzərindən reallaşdırılır. Qeyd edim ki, bu sistem yerli mütəxəssislər tərəfindən Bakı Ali Neft Məktəbi üçün hazırlanıb. Bundan başqa, Bakı Ali Neft Məktəbinin tələbələri 26 mart tarixindən etibarən ABŞ-ın Stanford Universitetinin lisenziyalı “Coursera for Campus” qlobal distant tədris proqramının təklif etdiyi kurslarda uğurla iştirak edərək sertifikatlar əldə ediblər”.

 

Qurum sözçüsü əlavə edib ki, bu kursları keçən tələbələrə imtahan müddətində bir sıra güzəştlər tətbiq ediləcək. İmtahanların tez keçirilməsinə gəlincə o qeyd edib ki, universitetdə tədris Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramlarına əsasən həyata keçirilir və buna görə də semestr dərsləri digər ali təhsil müəssisələrinə nəzərən daha öncə başlayıb:

 

“Ümumilikdə proqram çərçivəsində ali məktəbin 411 tələbə və müəllimi iştirak edib. Bura “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi” ixtisaslarının həm bakalavriat, həm də magistratura pilləsində təhsil olan II, III, IV və V kurs tələbələri, hazırlıq (“Foundation”) kursunun 195 tələbəsi, MBA proqramının bütün tələbələri daxildir. Dərslər nüfuzlu Amerika, Avropa və Asiya universitetləri tərəfindən distant formada aparılır. Kurslardan sertifikat əldə etmiş tələbələrə müvafiq fənlər üzrə final imtahanlarından azad olmaq imkanı yaradılıb”.

 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris şöbəsinin müdiri Samir Cavadov bildirib ki, universitetdə buraxılış kursları üzrə semestr imtahanları 18 may tarixindən etibarən başlanacaq. İmtahanların ənənəvi və ya onlayn şəkildə olmasına gəlincə şöbə müdiri əlavə edib ki, buraxılış imtahanları da daxil olmaqla bütün imtahanlar onlayn formada keçiriləcək:

 

“Bu imtahanlar buraxılış kurslarında olanlar və akademik borcu qalan tələbələrin bu borcu ödəməsi üçün yaradılıb. Bundan sonra imtahanı müvəffəqiyyətlə verən tələbələr dövlət imtahanına buraxılacaqlar. İmtahanlar onlayn şəkildə keçiriləcək. Semestr ərzində qiymətləndirmə nəzərə alınmadan bu sessiyaya məxsus olaraq imtahanlar hər sual 2 bal olmaqla 50 sual şəklində onlayn təqdim olunacaq. Qiymətləndirmə 100 bal üzərindən aparılacaq. Əvvəlki qaydaya görə 50 bal cari qiymətləndirmə, 50 bal isə imtahandan topladığı bal idi. İndi sadəcə imtahan üzrə 100 bal olaraq qiymətləndiriləcək.

 

Samir Cavadov qeyd edib ki, builki vəziyyətlə əlaqədar olaraq test suallarında bütün fənlər üzrə 30 faiz sual azaldılıb. Bunun tələbələrin daha yaxşı hazırlaşa bilmələri üçün tətbiq edildiyini deyən universitet rəsmisi açıq tipli sualların da 50 faiz azaldıldığını bildirib.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tədris işləri üzrə prorektoru Qasım Məmmədov isə ali təhsil ocağında imtahanların böyük əksəriyyətinin onlayn formada keçiriləcəyini deyib. Ancaq bəzi ixtisas fənləri ənənəvi formada keçirilə bilər:

 

“Gigiyena qaydalarını və sosial məsafəni gözləmək şərtilə həmin imtahanları universitetdə təşkil edəcəyik. Məsələn 3-cü kursda bəzi ixtisas fənləri ənənəvi formada keçiriləcək. Əgər bir qrupda 30 tələbə varsa, həmin tələbələrin imtahanını lazım gələrsə 2 günə keçirə bilərik. Konkret olaraq hansı gündə, hansı saatda və hansı tələbənin gəlməsini elan edəcəyik. Bu zaman auditoriyalarda tələbələrin sayı az olacaq. Növbəti gün də eyni qaydada imtahan prosesi davam etdiriləcək”.

 

Prorektor əlavə edib ki, imtahanların keçirilməsi zamanı ara məsafəsinin gözlənilməsinə riayət olunacaq. Qasım Məmmədov həmçinin imtahanlarda tələbələrin qiymətləndirilməsi prosesinə də aydınlıq gətirib:

 

“Qiymətləndirməyə gəlincə tələbə imtahana qədər maksimum 30 bal toplaya bilər. Bu 30 balın 20 balı təqdim etdiyi təqdimata görə, digər 10 bal isə onlayn tədrisdəki aktivliyinə görə hesablanacaq. 70 bal imtahandan qazana bilər. Bu bir tərəfdən də onlayn dərslərə qoşulmağa və təqdimatı verməyə imkanı olmayan, beləliklə sıfır balla imtahana girən tələbəyə 70 baldan mümkün 51 balı toplamaqla imtahandan keçməsinə şans yaratmış olacaq”.

 

Prorektor qeyd edib ki, imtahanların iyun ayının əvvəlindən başlayaraq keçirilməsi planlaşdırılır. O son kursda təhsil alan tələbələrin imtahanına və diplom işlərinin müdafiəsi məsələsinə də toxunub: “Buraxılış kursunda təhsil alan tələbələrə gəlincə onlar dövlət imtahanı verməyəcəklər, həmçinin buraxılış işi müdafiə etməyəcəklər. Onların nəticəsi ümumi orta müvəffəqiyyət göstəricisinə görə qiymətləndiriləcək. Amma hansı tələbələr buraxılış işi verməli idisə, işi yekunlaşdırıb çap edərək kafedraya təqdim etməlidirlər. Əks halda o tələbəyə “buraxılış işini müdafiə edib” sözü yazılmayacaq və dövlət imtahanı verən tələbə kimi qiymətləndiriləcək”.

 

Bakı Dövlət Universitetinin (BDU) Mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva bildirib ki, sessiya imtahanlarının keçirilmə prosesi ali təhsil müəssisəsinin Elmi Şurasının qərarı əsasında formalaşacaq. O qeyd edib ki, şuranın iclası növbəti həftə baş tutacaq və bundan sonra imtahanların hansı formada keçirilməsi ilə bağlı tələbələrə məlumat veriləcək.(Publika.az)