Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-16 17:23:00
Müəllimlərin sertifikasiyası üçün suallar necə hazırlanacaq? – Təkliflər  

 

Sertifikasiya – dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudır.

 

Müəllimlərin sertifikasiya qaydaları açıqlansa da,  bəzi məqamlar hələ də məlum deyil.

 

Müəllimləri narahat edən məsələlərdən biri də sertifikasiya imtahan suallarının çətinlik səviyyəsi, məzmunu ilə bağlıdır.

 

Bu barədə AzEdu.az-a danışan  pedaqoq, professor  Fərrux Rüstəmov imtahanın test mərhələsində sualların orta məktəb proqramı, yeni metodika və pedaqogika, eləcə də qanunverilik əsas götürülməklə hazırlanmasının vacib olduğunu bildirib:

 

“Müəllimlərin sertifikasiyadan keçirilməsi  dünya təcrübəsində də var. Bu, onların inkişafı, təkmilləşməsi üçün vacibdir. Lakin mənə elə gəlir ki, imtahanın məzmunu ilə bağlı ümumi istiqamətlər əvvəlcədən verilməlidir. Yəni müəllimlər nə ilə bağlı yoxlanacağını bilməlidirlər.

 

Hazırda dünya çox sürətlə inkişaf edir. Universitet partası arxasında öyrənilən bilik bir neçə ildən sonra keyfiyyətini itirir. Heç kim distant təhsilin bizə bu qədər vacib olacağını deyə bilməzdi.  Bu formaya hazır deyildik, məcburiyyətdən keçdik. Ona görə də müəllim cəmiyyətin tələbatına, sosial sifarişə uyğun olaraq öz ixtisasına dair bilikləri artırmalı, yenilikləri mənimsəməli, dünyada baş verən proseslərdən baş çıxarmalı, şagirdlərin istək və arzularını nəzərə almalıdır. 

 

Sertifikasiya, yoxlama olmasa müəllimlər öz üzərində işləməyəcək, köhnə baza ilə gedəcəklər, bu da nəticədə istənilən keyfiyyəti verməyəcək.  Amma burada bir məqamı da qeyd edim ki, sertifikasiya müəllimin işdən kənarlaşdırılması demək deyil.  Əgər müəllim imtahandan keçə bilmirsə,  nazirlik müfaviq proqram təklif etməli və müəllim kursdan keçməli, sonra yenidən sertifikasiyalaşdırmada iştirak etməlidir.

 

Sertifikasiya imtahanında  suallar orta məktəb proqramını əsas götürərək hazırlanmalıdır. Bundan əlavə, yeni metodika, pedaqogika, təhsil qanunvericiliyi nəzərə alınmalıdır”.

 

Təhsil eksperti Elçin Əfəndinin fikrincə isə sertifikasiya imtahanı da müəllimlərin işə qəbul müsabiqəsində olduğu kimi  eyni proqram əsasında  təşkil olunacaq:

 

“Sertifikasiya imtahanları ilə bağlı qorxulu durum yoxdur. Burada dərsliklərdən, MİQ proqramından, təhsil qanunları və konsepsiyalardan kənarda heç nə öz əksini tapmır. Düşünürəm ki, imtahanda müəllimlər ciddi sıxıntı yaşamazlar. Əlbəttə, burada hazırlıqlı olmaqdan çox şey asılıdır. Hər hansı namizəd sadəcə suallar necə olacaq, nə cür olacaq deyə-deyə vaxt itirirsə, onun üçün müsabiqə çətin olacaq. Ona görə də yuxarıda qeyd etdiyim ədəbiyyatlarla tanış olsunlar, öyrənsinlər. Bu zaman məzmunlar barədə bilgiləri olacaq.

 

İmtahanda sualların çətinlik səviyyəsi demək olar ki, MİQ-lə eyni səviyyədə olacaq. Sadəcə burada daha diqqətli və hazırlıqlı olmaq lazımdır ki, doğru cavablandıra bilsinlər. Sertifikasiyanın müsahibə mərhələsi ilə bağlı da məlumatlar İRM tərəfindən elan edilib”.

 

Qeyd edək ki, sertifikasiya 2 mərhələdən ibarətdir: test (60 sual/bal) və müsahibə (40 bal) mərhələsi. Test mərhələsindən keçid 30, müsahibə mərhələsindən keçid isə 20 bal təşkil edir. Sertifikatlaşdırmadan keçmiş müəllimlər 5 il müddətində təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul ola biləcəklər. .