Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-12 17:32:00
Türkiyədə azərbaycanlı tələbələrin etirazına səbəb nə olub? - AYDINLIQ GƏTİRİLDİ

Sosial mediada onlarla azərbaycanlı tələbənin İstanbulda Baş Konsulluğun qarşısında toplaşıb etiraz etmələri ilə bağlı video yayılıb.


Tələbələr Azərbaycana qayıtmaq istədiklərini deyərək, etiraz əlaməti kimi Konsulluğun önündə qalacaqlarını bildiriblər.

Türkiyədə qalan tələbələrlə daimi ünsiyyətdə olan və onlara yardım edən jurnalist Məhsəti Şərif bu haqda məlumat verib.

İstanbulda yaşayan jurnalist etiraz edən tələbələrin qaldıqları yurda geri döndüyünü bildirib:

“Yurdda qalan tələbələrdən 3 nəfərin yurdda çalışan işçilərlə problemi olub. Buna görə də yurd müdiri həmin 3 tələbənin yurdu tərk etməsini tələb edib. Belə olan halda da yurdda qalan digər tələbələr onlara qoşulub qaldıqları yeri tərk ediblər. Tələbələrin hamısı əşyalarını götürüb Konsulluğun qarşısına gediblər ki, onları Azərbaycana yola salsınlar. Amma təbii ki, bu texniki baxımdan hələ ki mümkün deyil.

Keçən həftə 2 çarter reysi açıldı, 200-dən çox tələbə və xəstə vətəndaşımız Azərbaycana göndərildi. Amma yenə də çarter reysləri açılacaq, səbrli olmaq lazımdır. Konsulluğun qarşısında toplaşan tələbələr konsulla söhbət etdikdən sonra artıq yurda geri qayıdıblar. Gənclərimiz ailələri üçün darıxıb, qadağalar da bir tərəfdən onları yorur. Bəzi uşaqlar da yurdda verilən yeməkdən, şəraitdən narazılıq edir. Amma indi onların istəyi ilə hərəkət etmək olmur. Planlı şəkildə iş görmək ancaq virusdan sonrakı dövr üçün keçərlidir”.

 Jurnalist Türkiyədə yaşayan digər vətəndaşlarımız barədə də məlumat verib:

“Azərbaycanlılarla bağlı burda ümumi vəziyyət yaxşıdır. Amma çox təəssüf ki, iki gün öncə koronavirusu müalicə edən bir azərbaycanlı həkim, Tahir Bababəyli dünyasını dəyişdi. Digər vətəndaşlarımıza gəldikdə isə hələ ki yeni yoluxma faktı ilə bağlı xəbər yoxdur”.

 

Türkiyədə sözügedən yurdda qalan və etiraz edən azərbaycanlı tələbələrdən biri Əlizadə Sehram mövcud şəraitdən narazı olduğunu desə də, etiraza səbəb kimi ailəsinin yanına qayıda bilməməyi göstərib:

 

“Qaldığımız yurdda bizə iki dəfə yemək verilir. O yeməkdən də bir nəfər tələbəmiz zəhərləndi. Burda şərait də yaxşı deyil. Amma yenə də biz bu səbəblərlə bağlı yox, sadəcə ailəmizi istədiyimiz üçün Azərbaycana qayıtmaq istəyirik.  Yurdda elə uşaqlar var ki, həm işləyir, həm də oxuyur, yəni çətinliyin nə olduğunu yaxşı bilirik. Əlacsız qaldığımız üçün Konsulluğun önündən geri qayıtdıq. Çətin günlərdə valideynlərimizin yanında olmağı istəyirik”.