https://www.zirve.edu.az/
12.05.2020 10:30
Ekspert: “İmtahan sayının azaldılmasının şagirdlərə mənfi təsiri ola bilər”
Çap et

DİM tərəfindən buraxılış və qəbul imtahanlarında 2019-cu ildə tətbiq olunan yeni model həm forma, həm də məzmunu ilə əvvəlki illərin qəbul modelindən fərqlənirdi. Builki məzunlar da imtahanlara bu model əsasında hazırlaşırdılar. İmtahanların sayının azaldılması ilk növbədə abituriyentlərə mənəvi-psixoloji təsir edə bilər”.

 

Bunu AzEdu.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Aqşin Məmmədov deyib. O, imtahanların birmərhələli keçirilməsinin müsbət və mənfi tərəflərini də diqqətə çatıdırıb.

 

Ümumiyyətlə, imtahan prosesi, adətən, həm abituriyentlər, həm də valideynlər üçün stress və gərginliklə müşayiət olunur. Heç şübhəsiz, yaranmış vəziyyət xüsusilə bu il tələbə olmağa hazırlaşan şagird/ abituriyentlərdə əlavə narahatlıqların yaranmasına gətirib çıxarıb. Belə hallarda düşüncələrin düzgün idarə edilməsi və sosial çevrə ilə münasibətlərin tənzimlənməsi imtahan verənlərin gərginliyinin azalmasına, diqqətin və hazırlığın səmərəsinin artmasına, imtahan nəticələrinin yüksəlməsinə və düzgün nəticələr çıxarılmasına töhfə verə bilər. İmtahanların bir mərhələdə keçirilməsini nəzərə alıb, imtahanlara ilk növbədə psixoloji cəhətdən daha hazırlıqlı olmaq lazımdır. Bu işdə onlara valideynlər, müəllimlər kömək etməli, psixoloji xidmətdən yararlanmalıdırlar.

 

DİM-in verdiyi rəsmi məlumatdan da aydın olur ki, martın 1-dən sonra tədris olunan mövzular imtahana salınmayacaq. Yəni imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur. Abituriyentlər arada qalan vaxtdan daha səmərəli istifadə etməli, narahatlıqları və gərginliyi kənara qoyub imtahanlara daha ciddi hazırlaşmalıdırlar”.  

 

O, həmçinin qeyd edib ki, ötən il STM-in apardığı sorğuda abituriyentlərin əksəriyyəti ikinci mərhələni şans kimi qiymətləndirib.

 

“Sosial Tədqiqatlar Mərkəzinin 2019-cu ildə yeni imtahan modeli ilə bağlı keçirdiyi sorğuda respondentlərə 2 mülahizə ünvanlayıb:

 

“İmtahanların bir neçə mərhələdə keçirilməsi abituriyentlərdə gərginlik yaradır” mülahizəsi ilə respondentlərin 28%-i tam razı, 17 %-i razı, 12%-i qismən razı olmuş, 21,5%-i “razı deyiləm”, 21,5%-i “heç razı deyiləm” cavabını verib.

 

“İmtahanların bir neçə mərhələdə keçirilməsi abituriyentlərə əlavə şans verir” mülahizəsi ilə respondentlərin 65,5%-i tam razı, 21,5 %-i razı, 6,5%-i qismən razı olmuş, 3,5%-i “razı deyiləm”, 3%-i “heç razı deyiləm” cavabını verib.

         

Hər iki mülahizənin müqayisəsi göstərmişdi ki, abituriyentlərin 55%-dən çoxu imtahanın bir neçə mərhələdə keçirilməsinin abituriyentdə gərginlik yaratması qənaətindədirsə, 90%-dən çoxu bunun abituriyentə əlavə şans verdiyini düşünür”.

 

Baş məsləhətçi A. Məmmədovun  fikrincə, ötənilki qəbul modeli  şagirdlərin biliklərini daha dəqiq şəkildə üzə çıxarmağa hesablanıb.

 

“Belə ki, ilk növbədə I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınır və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunur. Yeni qaydalara görə, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər. Beləliklə, abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edə bilirlər.

 

 Bununla da buraxılış imtahanlarının nəticələri yekun attestasiya, V ixtisas qrupu və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əsas olmaqla yanaşı, I-IV ixtisas qrupları üzrə də müsabiqənin bir komponentinə çevrilmiş olur.

 

 Burada qəbul imtahanı fənlərinin saylarının azaldılması da vurğulanmalıdır. Belə ki, əvvəlki illərdə olduğu kimi abituriyentlər 3 buraxılış və 5 qəbul imtahanı fənni deyil, 3 buraxılış və 3 qəbul imtahanı fənni üzrə imtahan verirlər. Abituriyentlərin imtahan yükü daha da azaldılıb.

 

Bundan əlavə, yeni qaydalarla qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticələrinin iki il qüvvədə olması, yəni cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququnun (birinci mərhələdə iştirak etmədən, abituriyent imtahanın ikinci mərhələsini verir) verilməsini nəzərdə tutur. Bu imtahanlarda abituriyentlərin özləri tərəfindən yazılı şəkildə cavablandırılması tələb olunan müəyyən sayda tapşırıqlardan da istifadə olunur.

 

Yeni model tapşırıqlarının sayı da ümumi imtahan suallarının sayına nisbətdə çox azdır. Hələlik qəbul imtahanlarında hər fənn üzrə cəmi 3 belə tapşırığın istifadə olunması nəzərdə tutulub, bu tip tapşırıqlardan istifadə kurikulum standartlarının tələbidir”.