Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-09 14:51:00
Karantin tədbirlərinin vaxtında görülməsi yoluxma hallarının qarşısını aldı-MÜSAHİBƏ

Pandemiya dövrünün qəhrəmanları gecə-gündüz demədən səylə çalışan həkimlərdir. 

 

 

AzEdu.az mövcud şəraitdə durmadan çalışan həkim Adil Əliyevlə olan müsahibəni sizə təqdim edir:

 

 

 

-Zəhmət olmasa özünüzü təqdim edin.

 

 

 

-Əliyev Adil Zakir oğlu. Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-rezidenti.

 

 

 

-Koronavirusla mübarizədə könüllü həkim olaraq hansı xəstəxanada çalışdınız?

 

 

 

-Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında çalışıram.

 

 

 

-Terapevtik Klinika bütövlükdə karantin rejimində çalışır yoxsa müəyyən mərtəbələri yalnız buna xidmət edir?

 

 

 

-Bütövlükdə karantin rejimində fəaliyyət göstərir.

 

 

 

-Siz və sizinlə birlikdə çalışan həkimlərin psixoloji vəziyyəti necədi?

 

 

 

-Əlbəttə ki, qoruyucu geyimdə 8 saat müddətində su-qida qəbul etmədən, tərləyərək, eynəyimizdən buxarın damcılar şəklində süzülməsini izləyərək öz vəzifəmizi icra etmək asan deyil. 

 

Lakin mövzu dövlətimizə, Azərbaycanımıza, xalqımıza xidmətdirsə, hər bir həkim kimi, hər bir tibb sahəsinin nümayəndəsi kimi heç bir əngəl tanımadan canımızı bu yolda fəda etməyə hazırıq.

 

Həmçinin pasiyentlərimizin xoş arzu və duaları da gücümüzə güc qatır. Zəhmətimizin nəticəsinin uğurlu olduğunu, sağalan pasiyentlərimizi xoş diləklərlə yola saldığımızı gördükdə isə sevincimizin həddi-hüdudu olmur, motivasiyamız birə-min qalxır.

 

 

 

-Xəstəxanada xəstələr bir biri ilə təmasda olurmu? Təmasda olmalarının qarşısını necə alırsınız?

 

 

 

-Pasiyentlər fərdi şəkildə palatalarda yerləşdirilir və bir-birilə olan təmas minimuma endirilir.

 

 

 

 

-Mediadan bildiyimiz üzrə yoluxma halları hər gün artır. Yoluxan şəxslər öncədən karantinə alınan şəxslərdimi yoxsa qaydalara əməl etmədikləri üçün yoluxan insanlardırmı?

 

 

 

-Qeyd etmək istəyirəm ki, karantin rejiminin tam vaxtında elan edilməsi, görülən maarifləndirici tədbirlər ölkəmizdə yoluxma hallarının sayını minimuma endirə bildi. Hesab edirəm ki, dövlətimiz bu bəladan artıq üzüağ çıxmaqdadır. Statistikaya nəzər saldıqda görərik ki, dünya səviyyəsində ən az zərərlə bu bəladan qurtulmaqda olan ölkələrdənik.

 

Məlumdur ki, hələ də bu istiqamətdə bir çox qurumlar həmrəy olaraq fəaliyyət göstərməkdədir. Bu baxımdan hesab edirəm ki, hazırda əldə edilmiş olan uğur təkcə tibb işçilərinin deyil, birgə fəaliyyət göstərən bir çox qurumun, ümumilikdə Azərbaycanımızın uğurudur. Şübhəsiz ki, bütün bunlara görə bizi öz ətrafında sıx, bir yumruq kimi birləşdirə bilən möhtərəm Cənab Prezidentimizə təşəkkür etməliyik və bir azərbaycanlı olaraq hər zaman dövlətimizin, prezidentimizin yanındayıq.

 

Yoluxan xəstələr məhz dövlətimizin qoymuş olduğu qərar və qaydalara, karantin rejiminə, gigiyenik normalara tam şəkildə əməl etməyənlərdir ki, şöbəyə yatırıldıqdan sonra deyirlər ki, "kaş ki, qaydalara əməl edəydim". Lakin o zaman iş işdən keçmiş olur.

 

Ona görə də hərkəsə çağırış edir və hamını karantin rejiminin qaydalarına mütləq şəkildə əməl etməyə səsləyirəm.

 

-Karantin rejimli xəstəxanalarda çalışan həkimlərin iş rejimi necədi? Səhər hansı saatda işə gəlib hansı saatda qayıdırsız?

 

-Gün ərzində hər biri 8 saat olmaqla 3 növbədən ibarət iş rejimində fəaliyyət göstəririk. Səhər 08:00-da iş saatı başlayan həkim (həmçinin tibb bacısı və kiçik tibb işçisi) 16:00-da növbəsini təhvil verir. 16:00-da növbəsi başlayan 24:00-da, 24:00da növbəsi başlayan 08:00-da şöbəni təhvil verərək klinikada növbəsini başa vurur.

 

 

 

-Öz növbəsini başa vuran tibb işçiləri istirahət üçün hara gedir?

 

 

 

-Tibb işçiləri (həkim, orta və kicik tibb işçiləri) risk zonasında ölkəmizə xidmət etdiyi müddətcə dövlətimiz tərəfindən müvafiq otellərdə yerləşdirilir. Müvafiq servis marşrutu ilə tibb işçilərinin daşınması həyata keçirilir.

 

 

 

-Virusdan qorunmaq üçün geyindiyiniz geyimləri nə qədər müddətdən bir dəyişirsiz və sizin fikrinizcə bu geyimlər virusdan qorunmaq üçün kifayət qədər təhlükəsizdirmi?

 

 

 

-Suala cavab vermədən öncə qeyd etməliyəm ki, növbəsini təhvil almağa gələn tibb işçisinə təmiz zonada təzə və steril qoruyucu geyim təqdim olunur və müvafiq nümayəndələrin köməyi ilə hazır vəziyyətə gətirilir. Baxmayaraq ki, mübarizə aparmış olduğumuz xəstəlik tənəffüs, hava-damcı yolu ilə yoluxan infeksiyadır. Bununla belə, dövlətimizin təhlükəsizliyimizi təmin etmək üçün təşkil etmiş olduğu qoruyucu geyimlər, nəinki, tənəffüs sistemini, ümumilikdə bütün bədəni qapayır və orqanizmimizin xariclə təmasını demək olar ki, ən minimum səviyyəyə endirir. Belə olduğu halda əminliklə təhlükəsizliyimizin tam təmin olunduğunu söyləyə bilərəm. 

 

 

Növbəsini başa vuran tibb işçisi isə müvafiq təlimatlara uyğun şəkildə qoruyucu geyimini soyunur və istifadə olunmuş geyim utilizasiyaya göndərilir.

 

 

 

-Bildiyimiz kimi bir rezidentimiz və həkimimiz qoruyucu geyim geyinməklərinə baxmayaraq virusa yoluxdular və həkimimiz həyatını itirdi. Sizcə bu geyimdən düzgün istifadə etmədikləri üçünmü yoxsa geyimin virusdan qorunma üçün tam düzgün olmamamasındanmı irəli gəlib?

 

 

 

-Təəssüflər olsun ki, görülən bütün tədbirlərə baxmayaraq bəzən tibb işçilərinin özləri də qurbana çevrilə bilirlər. Həmçinin həyatını itirmiş həkimimizə rəhmət diləyirəm, məkanı cənnət olsun.

 

 

Lakin hətta ölüm qorxusu da bizi Azərbaycanımızın sağlamlığına xidmət etməkdən yayındıra bilmir. Yoluxma səbəblərinə gəlincə isə onu deyə bilərəm ki, daha öncə də qeyd etdiyim kimi qoruyucu geyimlər xarici mühitlə təması ən minimum səviyyəyə endirir və hesab edirəm ki, aseptik-antiseptik qaydalara doğru əməl edən tibb işçilərinin yoluxma ehtimalı çox aşağıdır.

 

 

 

-Xəstələrin müalicəsi hansı qaydada olur və bu müalicə dövlət tərəfindən tam qarşılanırmı?

 

 

 

-Dövlətimiz daim xalqının yanında olmuş, hər zaman xalqın rifahını, sağlamlığını düşünmüşdür. 

 

Pasiyentlərin müalicəsi, dərman təminatı, qidalanması, baxımı və s. xərcləri tam şəkildə dövlətimiz tərəfindən qarşılanır. 

 

Ümumilikdə aparılan müalicə prinsipini 3 hissəyə ayırmaq olar: 

 

1) etioloji - xəstəliyin səbəbinə qarşı aparılan

 

2) patogenetik - xəstəliyin inkişaf mexanizminə qarşı istiqamətlənən 

 

3) simptomatik - xəstəliyin simptomlarına, əlamətlərinə qarşı aparılan müalicə.

 

 

 

-Xəstələrdə daha çox virusun hansı əlamətləri üstünlük təşkil edir və bir xəstənin sağalıb əvvəlki səhhətinə qayıtması təxminən nə qəder müddət çəkir?

 

 

 

-Xəstəliyin əlamətləri hərkəsdə eyni formada müşahidə edilmir. 

 

Bu, bir çox faktorlardan asılıdır: yaş, cins, immun sistemi, xroniki xəstəliyi olub-olmamasından və s.

 

Xəstəlik daha çox yaşlı şəxslərdə və xroniki xəstəliyi olan şəxslərdə ağır keçir. Elə insanlar da ola bilər ki, xəstəliyi simptomsuz keçirir. Hətta bəzən elələri olur ki, xəstəliyi simptomsuz şəkildə keçirməkdədir, özünün xəbəri olmasa da, ətrafdakı insanlara yaymaqdadır.

 

Sağalma müddətlərinə gəlincə isə bu müddət də xəstəliyi keçirmə vəziyyətinə görə dəyişir.

 

 

 

-Son olaraq virusa hələdə inanmayan insanlara burdan nə demək istərdiniz?

 

 

 

-Yuxarıda qeyd etmiş olduğum kimi şöbəyə yerləşdirilən pasiyentlərin əksəriyyəti çox gec olsa da "Virusun olduğuna inanmırdım və çəkinmədən ətrafımdakılara da inanmadığımı söyləyirdim. İndi peşmanam, kaş ki, karantin rejiminə riayət edə və sağlamlığımı təhlükəyə atmazdım" deyirlər.

 

Hələ də virusa inanmayanlara səslənərək demək istəyirəm ki, o xəstələrdən ibrət dərsi alaq. İbrət alaq ki, ibrət olmayaq!

 

 

 

Youngpress.az