https://www.zirve.edu.az/
09.05.2020 15:06
Bəşəriyyəti faşizm taunundan xilas edənlər tarixin yaddaşında əbədi yaşayacaqlar
Çap et

İkinci Dünya müharibəsi bəşəriyyəti böyük tələfata, maddi və mənəvi məhrumiyyətlərə, ağır sarsıntılara düçar etdi. Müharibədə 60 milyona yaxın insan həlak oldu. Faşizm üzərində tarixi Qələbənin qazanılmasında Azərbaycan xalqının çox böyük xidmətləri olub. Bəşəriyyəti faşizm taunundan xilas edənlər, öz həyatlarını azadlıq uğrunda qurban verənlər tarixin yaddaşında əbədi yaşayacaqlar.

 

AzEdu.az xəbər verir ki, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Nuru Məmmədov faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi fədakarlıqlar barədə tarixi faktlar haqqında danışıb.

 

O bildirib ki, 1939-cu il sentyabrın 1-də faşist Almaniyasının “Vays” (“Ağ”) şərti adı altında Polşaya hücum ilə İkinci Dünya müharibəsi başlanıb. Müharibənin bir çox səbəbləri var idi. Bu, hər şeydən əvvəl iri kapitalist dövlətlərinin mənafe dairələrinin toqquşması, dünyanın siyasi xəritəsinin yenidən dəyişdirilməsi, sivilizasiyaya hakim olmaq iddiası idi. 1941-ci il iyunun 22-də isə faşist Almaniyası Sovet İttifaqına hücum edib və beləliklə, SSRİ üçün Böyük Vətən müharibəsi başlanıb. Hitler Almaniyasının işğal planlarında Azərbaycan, neft Bakısı xüsusi yer tuturdu. Plana görə, Bakı nefti alman şirkətinin sərəncamına verilməli idi. Azərbaycan müharibənin ilk günlərindən müsəlləh əsgər kimi düşmənlə ölüm-dirim savaşına girdi. 1941-ci ilin avqustunda Bakıda 101, 102 və 103-cü xalq qoşunu diviziyaları yaradıldı. Respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi, 15 min nəfərlik hava hücumundan müdafiə dəstələri yaradıldı. Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan orduya 700 minə qədər adam səfərbər olundu ki, onların 11 mindən çoxu qadın idi.

 

Müharibə illərində Sovet Ordusunun silah, döyüş sursatı, ərzaq və yanacaqla təchizatının ən güclü cəbbəxanalarından biri Azərbaycan idi. Bakı sözün əsil mənasında Sovet Silahlı Qüvvələrinin cəbbəxanası idi. Müharibə başlanan kimi Bakının bir çox sənaye müəssisələri funksiyalarını dəyişdirib fasiləsiz olaraq hərbi məhsul istehsal etməyə başladılar.

1941-ci ildə neftçilərimizin gərgin səyləri nəticəsində o dövr üçün Azərbaycanın tarixində rekord həcmdə – 23,5 milyon ton neft hasil olundu ki, bu da ittifaqda çıxarılan neftin 71,4 faizini təşkil edirdi. SSRİ-də istehsal edilən neftin 70-75 faizini, aviasiya benzini istehsalının 85-90 faizini Bakı verirdi. Ümumiyyətlə, müharibə illərində Bakı neftçiləri 75 milyon ton neft, 22 milyon ton benzin, 22 milyon ton sürtgü yağları, 6,5 milyard kubmetr qaz istehsal ediblər.

 

Müharibə illərində Bakıda yaralıları müalicə edən hospitallar fəaliyyət göstərirdi. Bu hospitallarda 441 mindən çox yaralı və xəstə müalicə olunmuşdu.

 

Faşizm üzərində böyük tarixi qələbənin qazanılmasında Azərbaycan alimlərinin, elm və mədəniyyət nümayəndələrinin özünəməxsus rolu var. Müharibə dövründə Azərbaycanın kimyaçı və tibb alimləri misilsiz işlər görüb, müxtəlif növ silahlar və partladıcı hərbi sursatlar hazırlayıb, bir çox qiymətli təkliflər irəli sürüblər. Yusif Məmmədəliyevin rəhbərliyi ilə bir qrup alim 28 gün laboratoriyadan çıxmayaraq, neft-kimya elmində böyük hadisə olan yüksək oktanlı aviasiya benzini əldə etdi. Akademik Y.Məmmədəliyevin sədrliyi ilə görkəmli Azərbaycan alimlərindən ibarət kimya problemləri üzrə nüfuzlu və səlahiyyətli bölmə yaradıldı. Kimyaçı alimlərimizin köməyi ilə 100 növ neft-kimya məhsulları, o cümlədən 38 növ sürtgü yağı, 9 adda təyyarə benzini, 8 növ dizel yağı istehsal edilirdi. Respublikamızın bioloq alimləri Azərbaycan ərazisində bitən bitkilərdən həm ucuz başa gələn, həm də keyfiyyətli müxtəlif dərman növləri icad etdilər. Professor Mustafa Topçubaşov tibb elminə, xüsusən cərrahiyyə elminə böyük yeniliklər gətirmişdi. Professor Əziz Əliyevin sədrliyi ilə 1942-ci ildə “Yaralı döyüşçülərə və xəstələrə kömək komitəsi” yaradıldı.

 

Müharibədə xalqımızın igid övladlarının cəbhələrdə göstərdiyi şücaətlərə qısa da olsa nəzər salmaq lazımdır. Moskva uğrunda döyüşlərdə Müseyib Allahverdiyev, İsrafil Məmmədov böyük qəhrəmanlıq göstəriblər. İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlı oldu. Cəsur sərkərdə Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

 

Beş ay davam edən Qafqaz uğrunda döyüşlərdə (25 iyul – 31 dekabr 1942-ci il) yüz mindən çox həmyerlimiz həlak olub. 1945-ci ilin yanvarında Plitsa çayı üstündəki körpü uğrunda göstərdiyi şücaətə görə Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilib.

 

Azərbaycan diviziyaları Avropa ölkələrinin faşizmdən azad edilməsində fəal iştirak ediblər. Xalqımızın oğul və qızları partizan müharibələrində və antifaşist müqavimət hərəkatlarında da fərqləniblər. Mehdi Hüseynzadənin, Əhmədiyyə Cəbrayılovun qəhrəmanlıqları mübarizənin şanlı səhifələrindəndir.

 

1941-1945-ci illərdə cəbhəyə Azərbaycandan 700 min nəfərə yaxın döyüşçü göndərilib. Onlardan 300 minə qədəri qəhrəmanlıqla həlak olub. Geri qayıdan 400 min nəfərin yarısına qədəri isə şikəst və əlil olub. Müharibədə göstərdikləri igidlik və şücaətlərinə görə 130 həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adı alıb, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunub. Döyüşlərdə iştirak edən həmyerlilərimizin 200 min nəfərdən çoxu orden və medallarla təltif edilib.

 

Müharibə Azərbaycan xalqına olduqca baha başa gəlib. Cənubi Qafqazdan cəbhəyə daha çox adam Azərbaycandan gedib, ancaq nədənsə müqayisədə qəhrəmanlıqla ad çıxaran həmyerlilərimizə fəxri adlar az verilib. Halbuki onların qəhrəmanlıqları barədə Ali Baş Komandanlığa təqdimatlar göndərilirdi. Alman faşizmi üzərində qələbənin əldə edilməsində böyük roluna və xidmətlərinə görə bakılılar və bütün Azərbaycan xalqı gözləyirdi ki, doğma Bakımıza obyektiv qiymət veriləcək və “Qəhrəman şəhər” adına layiq görüləcək. Xalqımızın buna tam mənəvi haqqı var. Ancaq nədənsə bu fəxri ad verilmədi. Bu da mərkəzin qeyri-obyektiv mövqeyi oldu.

 

İkinci Dünya müharibəsi veteranlarının müharibə illərində göstərdiyi qəhrəmanlıqları xalqımız böyük hörmətlə xatırlayır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Dövlətimiz tərəfindən veteranlara xüsusi diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdandan sonra müharibə veteranlarının hüquqlarını bərpa etdi. Ümummilli Lider onları “Xalqımızın qızıl fondu” adlandırırdı. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır.