Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-06 18:00:00
DİM-in Direktorlar Şurasının sədr müavini dövlət qulluğu ilə bağlı videokonfransda iştirak edib

AzEdu.az xəbər verir ki, 6 may 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov Astana Dövlət Qulluğu üzrə Regional Xabın üzvlərinin videokonfransında iştirak edib.

 

Qeyd edək ki, Astana Dövlət Qulluğu üzrə Regional Xab dövlət qulluğu sahəsində yenilikləri müzakirə etmək və qabaqcıl təcrübəni bölüşmək üçün dünyanın 40 ölkəsinin müvafiq qurumlarını birləşdirən vahid platformadır.

 

Videokonfransın mövzusu “Koronavirus (COVID-19) pandemiyası dövründə dövlət qulluqçularının fəaliyyətinin distant formada təşkili” olmuşdur. Konfransda beynəlxalq təşkilatlardan və Xaba üzv ölkələrin dövlət qulluğu ilə bağlı qurumlarından ekspert və nümayəndələr iştirak edib.

Videokonfransda iştirakçı ölkələrin nümayəndələri pandemiya dövründə dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətinin təşkil edilməsi ilə bağlı təcrübələrini bölüşüb, o cümlədən qarşılaşdıqları çətinliklər haqqında geniş məlumat veriblər.

Videokonfransda çıxış edən DİM Direktorlar Şurasının sədr müavini B. Xəlilov COVID-19 pandemiyası dövründə Azərbaycanda həyata keçirilən tədbirlərlə əlaqədar iclas iştirakçılarına məlumat verib. Sədr müavini bildirib ki, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunub və bu rejiminin xüsusiyyətləri nəzərə alınmaqla dövlət orqanlarının, digər qurumların fəaliyyətinin tənzimlənməsi barədə müxtəlif qərarlar qəbul edilib.

Vətəndaşların hərəkətinin elektron icazə və “sms” xidməti vasitəsilə tənzimlənməsi məsələsi xüsusi maraq doğurub və Regional Xabın rəhbər komitəsinin sədri Alixan Baymenov da icazələrin alınması üçün “sms” xidmətinin Qazaxıstanın Türkistan vilayətində tətbiqi zamanı Azərbaycan təcrübəsindən yararlandıqlarını vurğulayıb.

 

Daha sonra DİM-in fəaliyyəti haqqında danışan sədr müavini B. Xəlilov qeyd edib ki, yaranmış vəziyyət nəzərə alınaraq Mərkəz tərəfindən dövlət qulluğuna bütün qəbul imtahanlarının oflayn qaydada kompüterlər vasitəsilə keçirilməsi, qulluğa qəbul olmaq üçün müsahiblərin isə xüsusi proqram təminatından istifadə edilməklə onlayn qaydada təşkil edilməsi nəzərədə tutulur. B.Xəlilov hazırkı dövrdə insanlarda psixoloji gərginliyin aradan qaldırılması istiqamətində maarifləndirmə işi həyata keçirən DİM-in “Fərdi inkişafa dəstək” layihəsi haqqında da məlumat verib və layihə çərçivəsində hazırlanan COVID-19 infeksiyası barədə videoçarxın rus və ingilis dilində olan versiyalarını iştirakçılara təqdim edib. Videoçarx Xab və ona üzv ölkələrin müvafiq qurumlarının saytında yerləşdiriləcək.

 

İclasın sonunda səsləndirilən fikirlərlə əlaqədar yekun nəticələr və Regional Xab çərçivəsində faydalı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.