Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-02 12:57:00
Bağça və məktəblər açıldıqda valideynlər mütləq bunlara riayət etməlidirlər  - Şöbə müdiri  

 

 

“Bağçalara gələn uşaqlardan və onların ailələrindən sağlamlıq haqqında arayış tələb olunmalıdır”.

 

 AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri Laləzər Cəfərova deyib.

 

 O, postkoronavirus dövründə bağçaların fəaliyyətindən söz açıb:

 

“Bağçalar müəyyən müddətdən sonra  fəaliyyətini davam etdirməlidir. Məktəblər elədir ki, bir ay sonra yay tətili başlayacaq. Lakin məktəbəqədər təhsil müəssisələrində təlim və tərbiyə prosesi bütün il  davam edir. Düşünürəm ki, bağçaların  açılması vacibdi. Lakin koronavirus infeksiyasının ikinci dalğasının qarşısını almaq  və epidemiyanın yayılmasını əngəlləmək üçün bağçalara gələn uşaqlardan və onların ailələrindən sağlamlıq haqqında arayış tələb olunmalıdır. Çünki ehtiyatı əldən vermək olmaz.

 

COVİD-19 infeksiyasının  uşaqlar arasında yayılmaması üçün tədbirlər görülməlidir. Hər vasitə ilə bunun qarşısını almaq üçün tədbirlərə əl atılmalıdır. Bağçalarda uşaqların sıxlığı da normativ hüquqi sənədə uyğun tərtib edilməlidir. Bir qrupda kifayət qədər uşaq olur. Onların bir hissəsinin gəlib, digərlərinin  gəlməməsi mümkün deyil. Gələn uşaqların ailələri haqqında  məlumat toplayıb sağlamlıq vəziyyətlərini bilmək lazımdır. Onların bağçaya gələrkən kütləvi yerlərdən keçməmələri daha məqsədəuyğun olar”.

 

 

 

Laləzər Cəfərova vurğulayır ki, bu cəhətlər nəzərə alınsa, tədricən işlər qaydasına düşər.

 

 

 

“Məktəbəqədər təhsil müəssisələri qapalı fəaliyyət göstərir. Amma buna baxmayaraq, bəzən valideynlər təkidlə uşaqlarının qruplarına girmək istəyirlər. Övladları  haqqında məlumat bilmək valideynin hüququdu, amma müəyyən bir dövr üçün onlar  müəssisənin içərisinə buraxılmamalıdır. Hər qrupda işləyən dayələr uşaqları valideynlərə təhvil verməlidir. Bir- iki ay müddətində dövlətimizin qabaqlayıcı tədbirləri bu virusun aradan çıxmasına səbəb olacaq. Vətəndaşlarımız da öz üzərimizə düşən vəzifəni müəyyən bir müddət yerinə yetirsə, bu xəstəlikdən xilas olarıq”.

 

 

Qeyd edək ki, martın 3-dən Nazirlər Kabineti yanında Operativ Qərargahın əmrinə əsasən, ölkədə təlim və tədris prosesi dayandırılıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları