Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-02 11:55:00
Avropadakı tələbəmiz: “Tələbə yataqxanasında qadağa pozuldu və virus yayılmağa başladı”-MÜSAHİBƏ

 

 

“Mən hazırda Estoniyanın Tartu şəhərində yaşayıram. Bu ölkədə martın 10-dan etibarən fövqəladə hal elan olunub. Ancaq Tartu şəhəri karantinə alınmayıb, lakin hökumət tərəfindən bəzi qadağalar qoyulub. Məsələn, insanlar toplu şəkildə gəzməməlidirlər,  birlikdə maksimum 2 nəfər  küçəyə çıxa bilər və aralarında 2 metrlik məsafənin qorunması mütləqdir.

 

17 aprel tarixində tələbələrin qaldığı yataqxanaların birində 6 nəfərdə koronavirus aşkarlandı və yataqxana ciddi nəzarət altına alındı, binada yaşayan tələbələrin hər birinə koronavirus testi edildi. Nəticədə, 16 nəfərdə virus aşkarlandı, amma qeyd etmək lazımdır ki, bütün azərbaycanlı tələbələr üçün testin nəticəsi neqativ çıxdı”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Estoniyanın məşhur Tartu Universitetində “İnnovasiyaların və Texnologiyaların idarə edilməsi” üzrə magistr təhsili alan Gültən Əsgərli söyləyib.

 

Onun sözlərinə görə, Estoniyada virusun yayılmasına əsas səbəb ölkəyə gələn xaricilərin qaydalara əməl etməməsi olub:

 

“Koronavirusun dünyaya yayılmağa başladığı ərəfədə Saarema adasına italyan voleybol komandasının oyunçularının ziyarət etməsi, elə həmin vaxtlarda da “Saaremaa Bubble” festivalının baş tutması virusun Estoniyada yayılmasına əsas təkan verən hadisələrdən oldu.

 

Estonlar çox dəqiq olduqları üçün bütün qanunlara riayət edirlər. Amma təəssüf ki, xaricdən gələn tələbələrin çoxu qadağalara əməl etmir və məhz buna görə 17 aprel tarixində tələbə yataqxanalarının birində koronavirus halı aşkarlandı. Qadağalara baxmayaraq, Fransadan gələn tələbələr yataqxanada yığıncaq təşkil ediblər və o yığıncaqda olan insanların bir neçəsi koronavirusa yoluxub”.

 

Həmyerlimiz qeyd edib ki, Estoniyada koronavirusa yoluxma sayında azalma tendensiyası müşahidə olunur, lakin sentyabr ayında virusun yenidən yayılacağı təxmin edilir:

 

“Estoniyada virus iyunun ortalarına qədər davam edə bilər, amma sentyabr aylarında 2-ci dalğanın gəlməsi gözlənilir. Ölkədə koronavirus pandemiyasının mərkəzi kimi Saarema adası və paytaxt Tallin sayılır.

 

Mağazalarda hazırda qıtlıq yoxdur. Fövqəladə vəziyyət yarandığı vaxt marketlərə kütləvi axın baş verdi, lakin daha sonra çox az bir müddətdə ərzaqlar yenidən gətirildi.

 

Tibbi ləvazimatları tapmaq isə həll olunması ən çox çətinlik çəkdiyimiz mövzu idi. Amma indi vəziyyət yaxşılaşıb. Apteklərdə istədiyimiz hər şeyi tapa bilirik”.

 

Azərbaycanlı tələbə bildirib ki, İT-nin mərkəzi olan Estoniyada təhsil də daxil olmaqla bütün sahələrdə işlər onlayn şəkildə davam edir, bu barədə heç bir problem yaşanmır:

 

“Ölkədə təhsil olduğu kimi, lakin onlayn şəkildə davam edir. Estoniyanın təhsil sistemi belə bir hala hazır idi. Universitetlərdə tez bir şəkildə dərsləri onlayn tədris etməyə başladılar. Tapşırıqları vaxtında hazırlayıb, sistemə yükləyirik, müəllimlər isə işlərimizi qiymətləndirirlər. Dərslər “BigBlueButton” və ya “Zoom” vasitəsi ilə keçirilir. Bu barədə heç bir problem yaşanmır. Təhsilin keyfiyyəti və müvafiq praktiki işlər əvvəlki kimi yolunda gedir.

 

İmtahanlarımız isə eyni qayda ilə may-iyun aylarında keçiriləcək. Heç bir halda ləğv olunması düşünülmür. İmtahanların əksəriyyətinin şifahi şəkildə verilməsi təxmin olunur, çünki bu, imtahanların daha şəffaf keçirilməsinə şərait yaradacaq.

 

 

Onlayn təhsil bizi qane edir, həm də çox… Çünki belə olduğu halda yola vaxt itirmirik, bundan əlavə, fikrimiz bir çox şeylərə yayınmır, artıq hamı evindən istədiyi sürətdə işləyib, hər şeyi tez bir şəkildə təhvil verə bilir. Mənim üçün ən böyük problem dostlarımla daha az ünsiyyətdə olmaqdır. Fikir mübadiləsini onlayn şəkildə aparmaq çətindir, hətta deyərdim ki, mümkün deyil. Bir ekstrovert olaraq, bu, məni narahat edir”.

 

“Azərbaycana qayıtmaq barəsində heç düşünməmişəm. Çünki sərhədlər bağlıdır, hazırda bu mümkün deyil. Həmçinin, ölkəyə qayıdıb, yaxınlarımı riskə ata və onları bu virusa yoluxdura bilərəm. Bu səbəbdən belə bir fikrim yoxdur.

 

Burada çox az sayda azərbaycanlı tələbə qalıb. Onların çoxu ölkəni mart ayının əvvəllərində tərk ediblər. Qalanların əksəriyyəti isə dərslərinə davam edir. Hazırda hamı tədris ilini uğurla başa çatdırıb, sərhədlərin açılmasını gözləyir ki, ya Azərbaycana qayıdıb, ya da başqa xarici ölkələrə gedib, öz praktiki fəaliyyətləri ilə məşğul olsunlar”, - deyə soydaşımız əlavə edib.

 

Gültən Əsgərlinin fikrincə, koronavirus dünyada yeni bir mərhələyə qədəm qoyacaq, bu səbəbdən yaranmış bu duruma müsbət tərəfdən yanaşmaq lazımdır:

 

“Mən bacardığım qədər bütün günü evdə qalmağa çalışıram. Demək olar ki, getdiyim tək yer ərzaq mağazasıdır. Hər kəs kimi yataqxanadan çıxanda maska taxıram, yanımda mütləq şəkildə sanitizer gel gəzdirirəm və əlbəttə ki, 2 metrlik məsafəni qoruyuram.

 

Mən yaranmış bu vəziyyətin bir qədər xeyirli olduğunu düşünürəm. Çünki bu durum bir daha sübut etdi ki, hər hansı bir işi görmək üçün harasa getməyə və nəyisə, kimisə gözləməyə ehtiyac yoxdur. İşlərin əksəriyyətini onlayn şəkildə həll etmək mümkündür. Ümid edirəm ki, bu situasiya bütün dünyanın yeni bir eraya – texnoloji eraya daxil olmasına kömək olar”.