Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-29 16:59:00
İtaliyadakı tələbəmiz: “Burada insanlarda vahimə yoxdur, amma…”-MÜSAHİBƏ

 

 

“İtaliyada karantin rejimi mayın 4-nə kimi davam edəcək. Mayın 4-dən sonra isə ikinci mərhələyə keçid olacaq. Qısaca desək, karantin şərtlərinin yumşaldılması gözlənilir: bir sıra iş yerləri – zavodlar, mağazalar və digər istehsalat yerləri açılacaq. Küçəyə çıxmaqda sərbəstlik artacaq. Ancaq universitetlərin bağlı qalacağı təxmin olunur”.

 

 Bu sözləri AzEdu.az-a açıqlamasında İtaliyanın Turin Politexnik Universitetində “Kompüter mühəndisliyi” üzrə bakalavr təhsili alan Azər Əliyev söyləyib.

 

 Onun sözlərinə görə, hazırda yaşadığı Piedmont bölgəsi İtaliyada koronavirusun ən geniş yayıldığı regionlardan hesab olunur:

 

 “Mənim yaşadığım Turin şəhərinin yerləşdiyi Piedmont bölgəsi İtaliyada virusun yayılmasına görə 3-4-cü yerdədir. Təbii ki, küçədə toplu halda yığışmağa yenə də icazə yoxdur. Hazırda marketlərdən başqa hər yer bağlıdır. Mağazalara və apteklərə eyni anda məhdud sayda adam daxil ola bilər, onların qarşısında həmişə uzun sıralar görmək mümkündür. Əlavə olaraq qeyd edim ki, Turində bəzi mağazalarda içəri daxil olarkən mütləq şəkildə maska taxmaq tələb olunur.

 

 İtaliyanlarda sıra mədəniyyəti çox güclüdür deyə, marketlərin qarşısında növbə heç vaxt pozulmur. Lakin qadağalara baxmayaraq, küçədə insanlara rast gəlmək mümkündür, çöldə gəzməyə, qaçmağa və ya itini gəzdirməyə çıxanları çox görürəm”.

 

Azərbaycanlı tələbə bildirib ki, hazırda təhsil onlayn formada davam edir, universitet tərəfindən gələn il də dərslərin onlayn şəkildə keçirilməsi planlaşdırılır:

 

“Təhsilimiz onlayn şəkildə davam edir. Universitetimiz uzun müddət onlayn imtahan keçirməyin yolunu axtarırdı. Sonda isə öz brauzerlərini düzəldərək, onun üzərindən imtahan keçirməyi qərara aldılar və artıq bəzi universitet tələbələri ilk onlayn yazılı imtahanlarını veriblər.

 

Ancaq şəxsən deyə bilərəm ki, onlayn formada təhsil qənaətbəxş deyil, çünki bütün günü evdə qalaraq dərs oxumaq emosional baxımdan insana yaxşı təsir etmir”.

 

Həmyerlimiz davam edən təhsilinə görə Azərbaycana qayıtmağın düzgün qərar olmadığını qeyd edib:

 

“İtaliyada karantin elan edildiyi ilk zamanlarda Azərbaycana dönməyi özüm üçün düzgün qərar hesab etmirdim, hazırda isə tərəddüd içərisindəyəm. Tərəddüddə olmağımın səbəbi isə odur ki, gələn akademik ilimizin onlayn şəkildə olma ehtimalı var. Bu səbəbdən bu müddətdə ölkəyə qayıtmaq barəsində düşünmürəm.

 

Hazırda maddi cəhətdən heç bir çətinliyim yoxdur. Mən aldığım təqaüd regional deyil, universitet tərəfindən aylıq verilir. Karantin müddətində də universitetimiz təqaüdləri ödəməyi dayandırmayıb. Bu baxımdan problemim olmadı”.

 

“İtaliyada insanlarda vahimə demək olar ki, yoxdur, sadəcə əhali ehtiyatlı olmağa çalışır. Təbii ki, düşdüyümüz bu durum heç də xoş hal deyil, xüsusilə də bütün gün evdə olmaq insana psixoloji cəhətdən yaxşı təsir eləmir. Buna baxmayaraq, sakitliyimizi qorumağa çalışırıq, çünki bu problem bütün dünyada mövcuddur”, -deyə Azər Əliyev sözlərinə əlavə edib.