Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-28 14:12:00
Avropadakı tələbəmiz: “Azərbaycana gəlsə idik, təqaüdümüz kəsiləcəkdi” -MÜSAHİBƏ

 

 

“Mən hazırda Macarıstanın Budapeşt şəhərindəyəm. Burada əvvəllər vəziyyət daha gərgin idi, virusa yoluxma sayı və ölüm halları Azərbaycanla müqayisədə çox yüksək idi. Ancaq artıq son günlərdə azalmalar müşahidə olunur, bu gün 80 nəfər virusa yoluxmuşdusa, əvvəllər bu rəqəm 100-dən çox olurdu, yəni get-gedə yoluxma sayı azalır”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Macarıstanın Korvinus Universitetində “İqtisadi təhlil” üzrə magistr təhsili alan Fərqanə Bayramlı söyləyib.

 

 

Onun sözlərinə görə, Macarıstanda vəziyyət nisbətən yaxşılaşır, qadağalarda isə yumşalmalar müşahidə olunur:

 

“Təxminən 3 həftəyə yaxındır ki, ölkədə karantin rejimi elan olunub, qadağaların mayın 4-də ləğv olunması gözlənilir, amma uzadılması ilə bağlı heç bir məlumatımız yoxdur.

 

İlk başlarda yaşlılara səhər saat 9-dan 12-yə kimi küçəyə çıxmağa icazə verilirdi, 12-dən sonra isə cavanlar çölə çıxa bilirdi. Maskalardan istifadə etmək vacib idi. Ancaq indi isə elə bir qadağa yoxdur, yəni ölkədə küçəyə çıxmaq üçün saat bölgüsü tətbiq olunmur.

 

Son 4-5 gündə karantin qaydaları yüngülləşib, sözün düzünü desək, artıq küçələr boş deyil, insanlara rast gəlmək mümkündür. Nəqliyyat vasitələri isə olduğu kimi fəaliyyət göstərir, istər tramvay, avtobus, istərsə də metroların qrafikində heç bir dəyişiklik yoxdur”.

 

Həmyerlimiz mağazalarda bəzi məhsullarda qıtlıq olduğunu, tibbi ləvazimatları isə hələ də əldə etməkdə çətinlik çəkdiklərini qeyd edib:

 

“Digər Avropa ölkələri ilə müqayisədə Macarıstanda marketlərdə qıtlıq yoxdur. Ərzaq əldə etməkdə heç bir çətinlik çəkmirik. Ancaq bəzən mağazalarda belə bir hala rast gəlirik: bəzi məhsullar insanlar tərəfindən çox alınır, həmin ərzaqlarda qıtlıq yaranır, ancaq səhərisi gün və yaxud bir-iki gün sonra bu problem bərpa olunur. 

 

Tibbi ləvazimatları almaqda isə problemlərimiz olur. Spirt, maska, əlcək tapmaq o qədər də asan deyil, yəni hər aptekdə yoxdur. Məsələn, 4 aptekdən birində bəlkə tapmaq olar. Hal-hazırda da bu problem davam edir”.

 

Azərbaycanlı xanım tələbə bildirib ki, dərslər onlayn şəkildə davam edir, hətta imtahanları da internet vasitəsilə verib, semestri vaxtından əvvəl – may ayında bitirəcəklər:

 

“Macarıstanda da təhsil müəssisələrində dərslər onlayn şəkildə davam etdirilir. Bizim universitetdə dərslər normal vaxtında - eyni saatda “Microsoft Team” proqramı ilə onlayn formada olur. Artıq bir aydır ki, dərslərimiz internet vasitəsilə keçirilir. Universitetlər həmişə iyunun sonunda bağlanırdı, ancaq koronavirusa görə dərslərimiz mayda bitəcək. İmtahanlarımızı da onlayn şəkildə verəcəyik, amma bəziləri onlayn formada test üsulu ilə, bəziləri isə şifahi formada görüntülü və ya esse kimi, yazılı tapşırıqla – layihə formasında olacaq.

 

Onlayn təhsil bizi qane edir, yəni heç bir problem yoxdur. Sadəcə iyun ayında olan imtahanlarımız mayda olacaq, bu baxımdan proqram bir qədər sıxlaşdırılıb. Bunlar bir qədər çətinlik yaradır”.

 

Soydaşımız söyləyib ki, imtahanların nə vaxt və hansı şəkildə olması haqqında tələbələrə dəqiq məlumat verilmədiyinə görə birinci çarterlə Azərbaycana dönə bilməyiblər:

 

“Qeyd etdiyim kimi, Macarıstanda karantin rejimi təxminən 2 həftə yarım əvvəl elan edildi. Azərbaycana qayıtmağımız üçün nəzərdə tutulan çarter reys isə mart ayının sonlarında – yəni karantin rejimi tam tətbiq edilməmişdən əvvəl təşkil olundu.

 

Həmin müddətdə isə dərslərimizin onlayn şəkildə davam edib-etməməsi məlum deyildi, bu barədə dəqiq məlumat verilməmişdi. Bu səbəbdən birinci çarter reyslə gəlmək barəsində tez qərar verə bilmədik. İmtahanlarımızı necə verəcəyimiz qeyri-müəyyən idi.

 

Məsələn, mən “Stipendium Hungaricum”la təhsil aldığıma görə bura nazirliyin xətti ilə gəlmişəm. Təbii ki, Macarıstan dövlətinin də müəyyən şərtləri var, buna görə də çarter reys olsa belə, bir anın içində qərar verib, ölkəyə qayıda bilməzdik. Bu səbəbdən bir az araşdırmağımız, şərtlərlə tanış olmağımız lazım idi.

 

Həmçinin, sonra bizə məlumat verildi ki, əgər ölkəni tərk etsək, 30 gündən çox Macarıstandan kənarda olsaq, təqaüdümüz kəsiləcək, yayda aldığımız təqaüd də verilməyəcək. Buna görə də istəsək belə, bu şərtlər altında Azərbaycana qayıda bilməzdik.

 

Ancaq indi isə artıq dərslərimiz onlayn şəkildə olur, imtahanları da bu formada verəcəyik, semestr da mayın sonunda bitdiyinə görə ölkəyə dönə bilərik”.

 

Korvinus Universitetinin tələbəsi Macarıstanda yoluxma ehtimalının daha yüksək olduğuna görə Azərbaycana qayıtmaq istədiklərini və bu səbəbdən də səfirliyə siyahı göndərdiklərini qeyd edib:

 

“Azərbaycana dönməyimiz üçün səfirliyə siyahı göndərdik. Təxminən 90 nəfərdən çox tələbə ölkəyə dönmək istəyirik. Səfirlik bizim tərtib etdiyimiz siyahını qərargaha göndərib, biz də qərargahın cavabını gözləyirik. Azərbaycana qayıtmağı, ailələrimizin yanında olmağı çox istəyirik. Çünki burada istər-istəməz bütün günü evdə qalmaq mümkün deyil, məlum məsələdir ki, marketə, alış-verişə özümüz getməliyik. Bu zaman isə virusa yoluxma ehtimalımız çox yüksəkdir. Qeyd etdiyim kimi, Macarıstanda virusa tutulma və ölüm halları Azərbaycanla müqayisədə yüksəkdir. Buna görə də böyük bir səbirsizliklə çarter reysi gözləyirik. Ümid edirik ki, tez bir zamanda təşkil olunar”.

 

“Budapeştdə azərbaycanlı tələbələrlə birlikdə yaşayırıq, semestr bir ay geriyə sıxışdırıldığına görə dərslərimiz həddindən çox olur, karantin günlərində başımız onlara qarışıb.

 

Özümüzü virusdan maksimum şəkildə qorumağa çalışırıq, küçəyə çıxdığımız təqdirdə üzərimizdə mütləq şəkildə spirt, maska, əlcək olur və insanlarla ünsiyyət zamanı iki metrik məsafə saxlayırıq”, - deyə Fərqanə Bayramlı əlavə edib.

 

Həmyerlimiz karantin günlərini daha faydalı keçirmələri üçün insanlara öz tövsiyələrini də verib:

 

“Karantin günlərində insanlara virusdan əvvəl “bu işi edərdim, ancaq vaxtım yoxdur” dedikləri işlərin hər birini etməyi tövsiyə edərdim. Doğrudan da görsünlər ki, “vaxtım yoxdur” sözü onlar üçün bəhanə olub. Sevdikləri ilə, ailələri ilə çalışdıqları qədər çox vaxt keçirsinlər.

 

Həmçinin, öz inkişaflarına, düşünməyə də vaxt ayırsınlar. Çünki biz karantin olmadığında işdə, dərsdə, qaçhaqaçda o qədər çox oluruq ki, dönüb özümüzə baxa bilmirik. Sanki bir burulğanın içinə düşmüşük və onun axını ilə gedirik. İnsanlara yaranmış bu fürsətdən istifadə edərək, o burulğandan, insanların əhatəsindən ayrılıb, nəyi düzgün edib-etmədiyimizi, nələri  istəyib, ancaq edə bilmədiklərimizi müəyyən edib, yenidən həmin burulğana düşməməyi, balanslı şəkildə yaşamağı tövsiyə edərdim”.