Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-21 17:15:00
68 yaşı tamam olan Nadir İsrafilov: “Mənə Leninlə eyni gündə anadan olmağa “icazə vermədilər” -MÜSAHİBƏ

Bu gün, məni sosial izolyasiyadan çıxardınız, şərəf verdiniz dostlar...

 

“Gənclik nöqteyi-nəzərindən həyat sonsuz bir uzaq gələcək, qocalıq baxımından - çox qısa bir keçmişdir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov deyib.

 

Nadir  müəllim bu gün 68 yaşına qədəm qoyur.

 

O, doğum günü ilə bağlı xatirlərini bizimlə bölüşür:

 

“Hər şeydən əvvəl onu qeyd etməyi özümə borc bilirəm ki, bu mənim “#Evdəqal” – sosial izolyasiya şəraitində ilk ad günüm - şad günüm və bu münasibətlə sosial mediaya verdiyim ilk müsahibəmdir.

 

Əlbəttə ad günü ilk növbədə təbriklərlə simvolizə olunur. Kimlərdən təbrik aldım deyəndə təvazökarlıqdan bir az uzaq olsa da, dünən gecə saatlarından başlayan təbriklər bir an belə səngimək bilmir, telefon zəngləri ara vermir və ötən illərdəki vəziyyəti nəzərə alsaq, hələ bir neçə gün də davam  edəcək. Buna görə də konkret ad çəkmək mənə bir az çətin gəlir. Çünki, hamını qeyd etmək, bu praktiki cəhətdən mümkün deyil, kimləri fərqləndirib, kimlərisə diqqətdən kənar saxlamaq bu nə mənim xarakterimə, nə də elementar etik normalara uyğun deyil”.

 

Nadir İsrafilov karantin günlərində düşən doğum gününün  təəssüratlarından danışarkən maraqlı məqamlara toxunur:

 

“Artur Şopenhauerin bir sözü var: “Gənclik nöqteyi-nəzərindən həyat sonsuz bir uzaq gələcək, qocalıq baxımından - çox qısa bir keçmişdir. Xatirələrim çoxdur, bunların müəyyən bir qismi mətbuat səhifələrində öz əksini tapıb. Dostların təkidi ilə onları ümumiləşdirib ayrıca kitab halına salmaq fikrindəyəm. Bununla belə doğum günündə istər-istəməz qəribə bir hiss keçiririsən, hətta ona heç bir əhəmiyyət verməsən də. Belə hisslərdən biri də müəyyən vaxtlarda ad günümün iki tarixdə - aprelin 21-də və 22-də keçirilməsi ilə bağlı olub.

 

Uzun illərdən bəri yaxın ətrafimdan savayı digərləri üçün “sirr” kimi saxladığım bir məqəmı açmaq zorundayam. Anamın dediyinə görə mən aprelin 21-dən, 22-nə keçən gecə dünyaya gəlmişəm. Doğum haqqında şəhadətnaməyə 22-si tarixi yazılıb. O vaxtlar “pasport” adlandırılan şəxsiyyət vəsiqəsi dəyişdirilərkən 22-si 21-i ilə əvəz olunub. Dəyişikliyə səbəb qonşumuz olan “Pasport-masa” rəisi olub. Onun mülahizəsinə görə Leninin gec-tez “zibili” çıxmalı idi və o mənim proletariatın dahi rəhbəri Vladimir İliç Leninlə eyni gündə doğulmağımı gələcək karyeram üçün məqsədəuyğun hesab etmirdi. Onun bu məntiqi sonralar və indinin özündə də yadıma düşəndə məni gülmək tutur”.

 

Nadir İsrafilov gənclərə üzünü tutaraq öz həyat təcrübəsini onlarla bölüşür:

 

“Gənclərə tövsiyyəm nə ola bilər... Tez-tez yaradıcılığına müraciət etdiyim Lev Tolstoyun bir sözü var: “İnsan qəlbində həyatının yaxşı və rasional bir mənaya sahib olmasını tələb edən bir zərurət var.” Birincisi, səbəbsiz və məqsədsiz bir iş görməsinlər. İkincisi, cəmiyyətin marağında olmayan hər hansı bir işlə məşğul olmasınlar. Özünüzü yaxşı insanlar və sağlam düşüncələrlə əhatə edəndə, həyat yaxşılığa doğru dəyişməyə başlayır”.

 

Sonda isə ekspert ona gələn təbriklərə görə minnətdarlığını bildirir:

 

“Gələn saysız- hesabsız təbrikləri cavablandırmaq üçün  məni ağır bir yükdən azad edərək, təbrik edən,  təbrikə qoşulan və təbrik etmək imkanı olmayan bütün dostlara, tanışlara öz səmimi təşəkkürümü  bildirirəm. Bu gün məni sosial izolyasidan çıxardınız, şərəf verdiniz dostlar...

 

 

 

Bu ilki ad günüm, mənim üçün ən yaddaqalan tarix olacaq”.

 

 

 

Qeyd edək ki, Nadir İsrafilov 1952-ci il aprel ayının 21-də Xaçmaz rayonunda doğulub. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini, 1981-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasını bitirib. Fəaliyyəti dövründə müəllim, məktəb direktoru, rayon təhsil şöbəsinin müdiri, Azərbaycan ETPEİ-də elmi işçi, BŞBTİ-da inspektor, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə təhsil idarəsində sektor müdiri vəzifələrində çalışıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları