Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-11 15:48:00
Cənubi Koreyadakı doktorantımız: “Virusun təsiri xeyli azalıb,  normal həyata qayıdılır”-MÜSAHİBƏ

 

 

“Cənubi Koreyada vəziyyət hazırda stabildir. Virus fevralın ortalarından sürətlə yayılmağa başladı, ancaq həmin müddətdə belə ölkədə ciddi karantin rejimi elan olunmadı. Artıq aprel ayından isə insanlar yavaş-yavaş normal gündəlik həyatına qayıdıb. Virusun səngiməsinə baxmayaraq, əhali yenə də sosial məsafəni qorumağa çalışır və maskalardan istifadə edir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Cənubi Koreyanın Kookmin Universitetində doktorantura pilləsində təhsil alan Sevinc Əhmədova söyləyib.

 

Onun sözlərinə görə, Cənubi Koreyada virusun təsiri azaldığına görə dövlət tərəfindən qoyulan qadağaların çoxu aradan qaldırılıb:

 

“Hökumət koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə Cənubi Koreyada da məktəb və universitetlərdə tətil elan edib. Dərslər may ayının ortalarınadək onlayn şəkildə davam edəcək. Ancaq hələki imtahanların keçirilməsi ilə bağlı məlumat verilmir. Əgər onlayn dərslərin vaxtı uzadılsa, imtahanların da internet üzərindən keçirilməsi düşünülür.

 

Ölkə ərazisində tətbiq olunan qadağaların demək olar ki, hamısı ləğv olunub, bir tək burada albalı çiçəyi mövsümü olduğu üçün insanlar çox axın etməsin deyə bəzi parklara giriş qadağandır.

 

Hazırda hərəkətimizdə heç bir məhdudiyyət yoxdur, ancaq dövlət insanlara lazım olmadıqca çölə çıxmamağı məsləhət görür”.

 

Azərbaycanlı tələbənin fikrincə, Koreyada virusa yoluxma sayının azalması hökumətin bu məsələ ilə bağlı ciddi rejimə keçməsi, insanları ödənişsiz şəkildə test etməsi sayəsində baş tutub:

 

“Qeyd etdiyim kimi, Cənubi Koreyada koronavirusun təsiri artıq azalmağa başlayıb. Bunun əsas səbəbi isə hər gün minlərlə insanın test edilməsi idi, xərcləri isə dövlətin özü qarşıladı. İndiyə qədər 500 mindən çox insan testdən keçib.

 

Virusun yayıldığı ilk vaxtdan etibarən hər yerdə termal kameralar quraşdırılıb və dezinfeksiya işləri aparılır. Yoluxan şəxslərin hara getdikləri araşdırılır və həmin ərazidə yaşayan bütün sakinlərə bu barədə məlumat verilir. Əhali yoluxan şəxslərin getdikləri marketden tutmuş istifadə etdikləri nəqliyyata qədər dəqiq məlumatla təmin olunur.

 

Hökumət tərəfindən həyata keçirilən tədbirlər zamanı tək koreyalıları yox, xariciləri də düşünüb, onların viza müddətini avtomatik olaraq bir ay uzatdılar.

 

Hətta miqrasiya problemi olan miqrantlar belə, əgər kimdəsə simptomlar aşkarlandısa, yoxlanmağa çağrıldılar və onlara miqrasiya ilə bağlı problemləri ilə əlaqəli cəzalar verilmədi”.

 

“Virusun yayıldığı ilk vaxtlarda maska əldə etməkdə çətinlik çəkirdik. Ancaq həmin kritik dövrlərdə maska çatışmazlığına da çarə tapdılar. Hər bir şəxsin doğulduğu ilin son rəqəminə əsasən həftənin günləri təyin olunub və insanlar həmin gün ən yaxın aptekə gedib, asanlıqla maska əldə edə bilirlər.

Ərzaq ilə bağlı isə heç bir problemimiz yoxdur, elə ilk vaxtlardan ərzaq qıtlığı yaranmadı” ,-  deyə Kookmin Universitetinin doktorantı əlavə edib.

 

Həmyerlimiz hazırkı şəraitdə Azərbaycana dönməyin lazım olmadığını, burada da özlərini virusdan yetərincə qoruya bildiklərini qeyd edib:

 

“Virusun sürətlə yayıldığı zamanlarda Azərbaycana qayıtmaq barədə düşünürdüm. Azərbaycanın Koreyadakı Səfirliyi də bu məsələ ilə əlaqədar burada təhsil alan azərbaycanlı tələbələrlə daim əlaqə saxlayır. Təxliyyə ilə bağlı sorğular da göndərdilər. Ancaq hələki burada təxliyyə etməyi gərəkdirəcək bir vəziyət yoxdur.

 

Təbii ki, belə bir durumda qürbət ölkədə olmaq insana ekstra həyəcan verir. Ancaq burada BUTA adlanan Azərbaycan-Koreya Dostluq Assosiasiyası mövcuddur. Koreyada təhsil alan və yaşayan azərbaycanlılar bir-birləri ilə əlaqədədir. Bu müddətdə də daima kontaktda olub, bir-birimizə dəstək olmağa çalışırıq.

 

Virusdan hami kimi biz də çox sıxlıq olan yerlərə getməyərək, maskadan istifadə edib, sosial məsafəmizi qoruyaraq uzaq olmağa çalışırıq.

 

Bu müddətdə hər kəsə mümkün qədər evdən çıxmamağı, çətin olsa da, pozitivliyimizi itirməməyi tövsiyə edirəm. Ümid edirəm ki, virus tezliklə bütün dünyadan yox olar”.

 

Qeyd edək ki, Cənubi Koreyada 10 min 480 nəfər koronavirusa yoluxub, 211 nəfər isə dünyasını dəyişib.