Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-02-20 08:56:54
Təhsildə Mühüm Dəyişiklik: İmtahansız Tələbə Qəbulu...

Azərbaycanda ötən dövr ərzində ali təhsil sistemində mühüm dəyişikliklərin aparılması üçün dövlət tərəfindən qəbul olunmuş plan əsasındakı proqramlar və son illər təhsil sistemində həyata keçirilən genişmiqyaslı islahatlar kontekstində mühüm dəyişikliklər həyata keçirilib. Son illər parlament üzvlərinin də yaxından cəlb olunduğu müxtəlif layihələr konteksində universitetlərin təşkilati idarəetmə sisteminin dəyişdirilməsi, bu yöndə qabaqcıl beynəlxalq modellərlə tanışlıq, aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq memarandumlarının qəbul edilməsi və hazırkı regional, beynəlxalq və daxili əmək bazarına, dövlətin idarəetmə sisteminə, yaxud millətin tələblərinə adekvat yüksək savadlı mütəxəssislərin yetişdirilməsi prosesi yaxından izlənilir.

Bu sözləri axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. O bildirib ki, bu proses ötən dövr ərzində universitetlərin dövlət büdcəsindən maliyyələşməsi həyata keçirilərkən tələbə sayına və xüsusi dövlət sifarişli təhsilə önəm vermək, o biri yandan isə prioritet təşkil edən sahələri diqqətdə saxlamaqla özəl təhsilin meydanını genişləndirmək niyyəti güdür:

"Bu gün təhsil sistemində rəqabət prosesi xarici ölkələrə külli miqdarda vəsait qazandırmaqla, ölkəmizin itirməsinə səbəb olur. Düzdür, iqtisadiyyat, texnologiya və ümumiyyətlə, ictimaiyyətin bütün sahələrinin aparıcı bazisi yalnız təhsil strategiyası qurulduqda effektli ola bilir. Ona görə də son dövrdə ölkə rəhbəri tərəfindən bir neçə ali təhsil müəssisəsi və təşkilatının publik hüquqi şəxslərə çevrilməsi yönündə addımlar atılıb. Bu çox düzgün qərardır və gələcəkdə bu yöndə fəaliyyət genişlənəcək. Söhbət nədən gedir? İlk növbədə onu qəbul etməliyik ki, bu avtonom, özəlliklə, cəmiyyətin bir sıra məlum xüsusiyyətlərini və keyfiyyətlərini özündə əks etdirsə də, ondan kənarda daha fərqli hüquqlara malik olan, özü özünü qorumalı, idarə etməli, rəhbər şəxslərini seçməli və gələcək hədəflərini müəyyən etdirməli olan bir təchizatdır. Burada sovet dövrünün mərkəzi qərarları ilə prosesləri tənzimləmək qətiyyən mümkün deyil və dünya təcrübəsinə baxdıqda bunların o qədər də effektli olmadığını görürük.

İkincisi, hazırkı büdcə vəsaitlərindən bəhrələnirlərsə, bəs onda oraya mükəmməl proqramlar, metodikanın düzgün müəyyənləşdirilməsi, güclü müəllim ordusunun formalaşdırılması, tələbə rəqabəti sistemini də tam ortaya qoymaqda niyə maraqlı olmurlar. Elə isə məsələnin ikinci əsas tərəfi ölkədə ali təhsil alanların sayını artırmaqdır. Məsələn, İndoneziya, Sinqapur, Cənubi Koreya kimi ölkələr bu rəqəmi 90 faizə çatdırmağı qarşılarına məqsəd qoyublar. Təsəvvür edin ki, bu, cəmiyyəti necə köklü şəkildə dəyişəcək. Ümumən hazırkı rəqabət prosesində ali təhsil işini nə qədər innovativ proqramlarla qursan da, gələcəkdə 15-17 faiz ixtisaslar köhnəlir, dövriyyədən çıxır və əmək bazarında sanki o sahələrə ehtiyac qalmır. Belə olan təqdirdə, üstəlik, vətəndaşların mühüm çəkili bir hissəsinin ali təhsildən hər hansı baryerlərlə kənarda qoyulması yalnız xaricə axın yaratmır, o biri yandan da o dövlətlərin müxtəlif ideologiyasını, siyasətini, mental keyfiyyətləri mənimsənilir. Sonrakı illərdə xaricdə təhsil alan adamların ölkə iqtisadiyyatı və siyasətində yerlərini tapmaq, onları dövlətin kursuna bağlamaq o qədər də asan olmur”.

Millət vəkili hesab edir ki, hazırkı dövrdə universitetlərin idarəçilik sisteminin dəyişdirilməsi və təkmilləşdirilməsi yönündə təşəbbüslər genişləndirməlidir:

"Ümidvaram ki, Təhsil Nazirliyi bu prosesi bilavasitə nəzarəti altında saxlayır. Dövlət rəhbəri tərəfindən yeni təyin olunacaq nazir üçün qarşıda dayanan ən mühüm vəzifələrdən biri məhz bu sahələr olacaq. Həqiqətən bu gün azərbaycanlılar o qədər də yüksək reytinqə malik olmayan keçmiş postsovet ölkələrinə təhsil investisiyası yatırır və bəlkə də Azərbaycanın tələbatına uyğun olmayan bir səviyyədə də geri dönürlər. Təəssüf ki, dövlətin rəsmi statistikasında xarici məkanlarda özəl yolla təhsil alanların sayı ilə bağlı müfəssəl məlumat yoxdur.

Ancaq onların müxtəlif mənbələrdə onminlərlə olduğu söylənilir. Açığı, bu, itirilmiş bir qüvvədir. Məsələ həm də ondadır ki, biz isanlarımızı başqa dövlətə verməklə o biri yandan hazırkı reallıqda Almaniya, Britaniya, Finlandiya kimi ölkələrin o nailiyyətlərindən sanki özümüz bir qədər kənar düşmüş oluruq. Çünki bu sahədə artıq əsas təcrübələr formalaşıb. Hesab edirəm ki, təhsil mühüm dövlət siyasətidir, millətin gələcəyidir. Universitetlər burada həlledici tərəfdaşdırlar, böyük müttəfiqdirlər. Xarici və daxili siyasət də məhz təhsilli insanların hesabına qurulur. Ona görə də hesab edirəm ki, biz gələcək dövrdə universitetlərin statusunu daha düzgün müəyyənləşdirməklə onları Müdafiə Nazirliyimiz qədər ölkənin təhlükəsizlik həyatının ayrılmaz hissəsinə çevirəcəyik”.